Aleksey Puşkov: «2012-ci ilin ən əhəmiyyətli beynəlxalq məsələsi Iran olacaq»
“Iran rəhbərliyi nüvə proqramından qaynaqlanan təhlükələri kiçik hesab edərək Iraqın sabiq prezidenti Səddam Hüseynin səhvlərini təkrarlayır”. APA-nın məlumatına görə, bunu Rusiya Dövlət Dumasının xarici əlaqələr komitəsinin sədri Aleksey Puşkov bildirib. Onun sözlərinə görə, Iran hərbi təhdidlərin ciddi olduğunu düşünmür: “Iranın nüvə fəaliyyətləri geniş istiqamətlidir. Heç bir mütəxəssis nüvə obyektlərinə qarşı hərbi əməliyyatların bu ölkənin nüvə proqramına son qoyacağını ehtimal etmirlər. Onlar təxminən 3 illik aradan sonra Iranın işlərə təkrar başlayacağına inandıqlarını iddia edirlər. Ancaq bu məsələ ABŞ-la Israildəki mərkəzlərdə müzakirə olunub və hər iki ölkə Iranın nüvə fəaliyyətlərinə təkrar başlamasını qəti şəkildə istəmir. Ona görə də belə bir şey reallaşarsa, qurudan dəstək verilməklə hava hücumunun ardından Iran və ya torpaqlarının bir hissəsi nüvə proqramını məhv etmək məqsədilə işğal olunacaq. Ya da bombalanan və qarşılıq verməyə qərarlı olan bir Iranla qarşı-qarşıya qalacağıq. Bu da çox asimmetrik ola bilər”.
A.Puşkov deyib ki, Iranın nüvə obyektlərini hədəf alacaq hərbi müdaxilə ssenarisinə ölkə ictimaiyyəti hazırlanır: “Müdaxilə bütövlükdə regional bir müharibəyə çevrilə bilər”. Rusiya Dövlət Dumasının xarici əlaqələr komitəsinin sədri 2012-ci ilin ən əhəmiyyətli beynəlxalq məsələsinin Iran olacağını ehtimal etdiyini də vurğulayıb.