Gəncədəki toqquşmada Rusiya izi

Vəfa Quluzadə: «Son günlər «Meşə qardaşları»nın fəallaşmasının Lavrovun narazı getməsi ilə birbaşa əlaqəsi var»

Zərdüşt Əlizadə: «Azərbaycan və Rusiya rəhbərliyi arasında narazılıq yalnız şəxsi maddi maraqlar üstündə ola bilər»

MTN-nin Gəncədə və ölkənin digər ərazilərində həyata keçirdiyi əməliyyatlarda diqqət çəkən məqam silahlı qarşıdurmada iştirak edən tərəfin “Meşə qardaşları” qruplaşmasına aid edilməsidir. Şimali Qafqazda fəaliyyət göstərən bu qruplaşma ilə əlaqələndirilən şəxslərin məhz indiki, Azərbaycan-Rusiya münasibətlərində soyuqlaşmanın olduğu bir dövrdə fəallaşması da təsadüfi hesab edilmir. Belə ki, Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakıya son səfəri zamanı Qəbələ RLS-i və Xəzərin statusu ilə bağlı məsələdə istədiyi cavabı ala bilməməsindən sonra ekspertlər Moskvanın buna cavab olaraq təhlükəli addımlar ata biləcəyini proqnozlaşdırırdı. Bir məqamı da xatırlatmaq yerinə düşər. Bir müddət əvvəl baş verən Quba hadisələrində də Rusiya izi axtaranlar oldu. Belə olan halda Lavrovun Bakıdan narazı getməsi ilə müəyyən dairələrin əlində vasitə olan “Meşə qardaşları”nın Azərbaycanda fəallaşması arasında əlaqə varmı?

“Meşə qardaşları”nın Rusiya tərəfindən yaradılmış və idarə edilən bir qrup olduğunu deyən politoloq Vəfa Quluzadə onlardan Azərbaycana təzyiq etmək, qisas almaq üçün istifadə olunduğunu qeyd etdi. Onun fikrincə, son günlər bu qrupun fəallaşmasının isə Lavrovun narazı getməsi ilə birbaşa əlaqəsi var: “Xəbər yayılıb ki, Rusiya Ermənistanda yeni RLS tikmək qərarına gəlib. Bu ondan xəbər ki, Azərbaycan Rusiyanın burda Voronej tipli RLS tikməsinə razılıq verməyib. Eyni zamanda Qəbələ RLS haqqında da ümumi razılıq olmayıb. Rusiyanın Qəbələyə verdiyi arenda pulu çox azdır. Azərbaycan Rusiyadan 300 mln dollar tələb etsə, bu elə onun qiyməti olar, hətta az olar. Çünki gözəl kurort ərazilərin hamısı Rusiyanın RLS-nin nəticəsində heçə döndərilir. Əgər Azərbaycanın canı Qəbələdən qurtarsa, böyük iş olar”.
Ekspert Lavrovun Bakıdan narazı getməsinin, Azərbaycana təzyiqi daha da artıracağını da vurğuladı.
Politoloqun fikrincə, MTN tərəfindən zərərsizləşdirilən qruplaşmanın Rusiya ilə əlaqəli olduğu sübuta yetirilsə də, Rusiya bunu etiraf etməyəcək: “Rusiyanın üzü elə bir ”podoşdu”. Istəyirsən üzünə tüpür, nə istəyirsən elə, onlara təsiri yoxdur. Açıq-aydın bizim ərazilərimizi işğal edən Rusiyadır. Ancaq Rusiya bundan utanmır. Lavrov bura gəlib deyir ki, BMT-nin dörd qərarı işğalçı qoşunlarının işğal olunmuş ərazilərdən çıxmasını tələb etmir. Yalnız qan tökülməsinin dayandırılmasını tələb edir. Belə ağ yalanı o boyda Lavrov deyirsə, deməli, onda utanmaq hissi yoxdur. Lap “Meşə qardaşları” durub desə ki, filankəs bizə silah, xəritə verib dedi gedin filan yerə qumbara atın, filan yerdə təxribat edin, deyəcəklər bunun bizə dəxli yoxdur, bu, Azərbaycanın uydurmasıdır”.

Politoloq Zərdüşt Əlizadə isə tamamilə fərqli fikirdədir. Hakimiyyətin total yalanlarına öyrəşdiyini deyən ekspert bütün rəsmi məlumatlara şübhə ilə yanaşdığını qeyd etdi: “Bilmirəm vəhhabilər Gəncədə hansı terroru törədib. Ancaq bilirəm ki, hakimiyyət nə deyir, hamısı yalandı. Artıq hər şeyə şübhə ilə yanaşıram. Hakimiyyətin fantaziyasını, şərləmə və yalanını, fəaliyyətinin istiqamətlərini bilirik. Qarabağ münaqişəsini həll etmək əvəzinə uğurlu daxili və xarici siyasətdən, vətən, xalq üçün işlədikləri barədə nağıllar danışırlar. Mənə bu nağılları danışmasınlar, onlara inanmıram”.
Z.Əlizadə hüquq-mühafizə orqanlarının məlumatlarına da şübhə ilə yanaşdığını deyir: “MTN, Daxili Işlər Nazirliyi məlumat yayanda məndə birinci şübhə hissi yaranır ki, görəsən bu yalanı nəyə görə deyirlər”.
Rusiyanın Azərbaycanda təxribat törətməsinə gəldikdə, ekspert buna ehtiyac olmadığını da qeyd etdi. Çünki Rusiya istədiyini Azərbaycanda rahat şəkildə edir: “Rusiya Qarabağı tutub, ermənilərin, yəni öz tulalarının ordusunu orda yerləşdirib. Azərbaycan prezidenti Rusiyanın adamıdır. Daha onların nəyinə lazımdır burda terror aktı eləsin. Ilham Əliyev Rusiyanın heç bir sözündən çıxmır. Rusiyanın sözündən ancaq o vaxt çıxır ki, ABŞ-la Rusiyanın sözü çəp gəlir. Onda Amerikanın sözünə baxır. Qəbələdə RLS-ləri, Azərbaycanın yuxarı dairələrində öz agenturası var. Rusiyanın Azərbaycana sataşmasına ehtiyac yoxdur”.
Z.Əlizadənin sözlərinə görə, Azərbaycan və Rusiya rəhbərliyi arasında narazılıq yalnız şəxsi maddi maraqlar üstündə ola bilər. Ölkələrin münasibətlərinə isə artıq aydınlıq gətirilib: “Bunları maraqlandıran odur ki, Azərbaycan və Rusiyada hansısa vəzifəli şəxslər hansısa layihədən şəxsən nə qədər qazanacaq. Bu məsələdə onların arasında ciddi narazılıqlar, mübahisələr gedir. Amma ki, rus və Azərbaycan xalqlarının maraqlarına aydınlıq gətirilib”.
Ekspert ölkədə inanclı insanların silaha əl atması məsələsinə də toxundu: “Bizdə dindarlar dövlətə düşmən kimi baxır, çünki dövlət dindarların, bütün inanclı adamların düşmənidir. Onların evinə hücum edəndə, əgər kiminsə silahı varsa, hakimiyyət nümayəndələrinə atır. Silahı olmayanı döyürlər, şərləyirlər, məhkəmə məzhəkəsi qurub 10-15 il iş verirlər, bədbəxt eləyirlər, məhv edirlər. Bu dövlətdi? O, da bu dövləti özünə düşmən sayır. Haqlı ya haqsızdır, onu deyə bilmərəm”.

Fizzə