Moskvadan Bakıya uzanan sənət yolu
Azərbaycan teatr sənətinin inkişafında böyük xidmətləri olan sənətkarlardan biri də rejissor və pedaqoq Aleksandr Tuqanov olub.
Aleksandr Aleksandroviç Tuqanov 31 mart 1871-ci ildə Moskvada doğulub. Teatr fəaliyyətinə aktyor kimi Moskvada həvəskar qrupda, sonra Korşun teatrında başlayıb. Ayrı-ayrı illərdə Tula, Həştərxan, Nijni Novqorod, Yaroslav, Bakı (1914), Riqa, Penza, Voronej və digər şəhərlərdə aktyorluq edib. 1915-ci ildə Tiflisə gəlib. K.Nikulinin truppasında çalışıb və həm də buradakı “Rusiya Teatr Cəmiyyəti Artistləri Ittifaqı”na rəhbərlik edib. 1924-cü ildən isə Azərbaycanda rejissor kimi fəaliyyət göstərib.
Aleksandr Tuqanovun fəaliyyətinin müəyyən dövrü Tiflis Azərbaycan Teatrı ilə bağlıdır. Özünün yazdığına görə, Azərbaycan teatrı ilə ilk tanışlığı 1898-ci ildə Moskva Korş teatrı truppasının Tiflisə səfəri zamanı olmuşdur. 1912-ci ildə isə o, daimi işləmək üçün Tiflisə gəlir və burada rus teatrında fəaliyyətə başlayır. Həmin vaxtlar burada Azərbaycan ziyalılarının yaratdığı “Müsəlman teatr cəmiyyəti”nin tamaşalarına baxır. Bu tamaşalar “Zubalov Xalq Evi”ndə, habelə digər teatrların səhnələrində göstərilirdi. O da bir mütəxəssis kimi imkan daxilində bütün tamaşaları izləyirdi. Tuqanovun Azərbaycan teatrına böyük maraq və bağlılığı, təbii ki, məhz o vaxtlar meydana gəlib.
Onun xatirələrindən: “Zubalov Xalq Evi”ndə baxdığım tamaşalar, ekzotik Tiflisdə, başqa xalqların milli tamaşaları ilə eyni səviyyədə, böyük bir məktəb təsiri bağışlayırdı. Burada on bir bölmə işləyirdi. Hər millətin tamaşası öz doğma dilində səhnəyə qoyulurdu. Rus, gürcü, Azərbaycan dram dərnəklərindən başqa, burada Ukrayna, yəhudi, osetin, yunan, aysor dram cəmiyyətləri də fəaliyyət göstərirdi. Bu tamaşalar məni Azərbaycan teatrı və onun ifaçıları ilə əsaslı şəkildə yaxınlaşdırırdı. Peşəkar teatr olmasa da, buradan sonralar böyük aktyorlar çıxmışdı: Sidqi Ruhulla, Mustafa Mərdanov, Əli Qurbanov, Mirseyfəddin Kirmanşahlı və başqaları. O zamanlar ağlıma da gəlməzdi ki, Azərbaycan teatrı ilə belə yaxından bağlanacağam və yaradıcılığımın ən qaynar, hərarətli illərini ona həsr edəcəyəm…”.
Aleksandr Tuqanov aktyorluqla məşğul olduğu teatrlarda Hamlet və Petruççio (“Hamlet” və “Şıltaq qızın yumşalması”, Vilyam Şekspir), Çatski (“Ağıldan bəla”, Aleksandr Qriboyedov) rollarının mahir ifaçılarından sayılıb.
Aleksandr Tuqanov 1923-cü ildə Tiflis teatrına baş rejissor təyin edilib. Burada onun rejissorluğu ilə Cəfər Cabbarlının “Aydın”, “Oqtay Eloğlu”, Hüseyn Cavidin “Şeyda”, “Iblis”, “Uçurum”, “Şeyx Sənan”, Vilyam Şekspirin “Otello”, Fridrix Şillerin “Qaçaqlar”, Şəmsəddin Saminin “Dəmirçi Gavə” əsərləri tamaşaya hazırlanıb və repertuarın əsasını təşkil edib.
“Əsl teatr yaratmaq istəyi…”
Tuqanov ayrı-ayrı əsərlərin səhnəyə çıxarılması ilə kifayətlənmir, hazırladığı tamaşaların ümumi mədəni səviyyəsinin yüksəldilməsinə də xüsusi səy göstərir və buna nail olurdu: “Bir sözlə, əsl teatr yaratmaq istəyirdik!” Bütün bu işlərdə onun ən yaxın köməkçisi Gürcüstanın Xalq artisti Ibrahim Isfahanlı idi. Tuqanov Isfahanlını özünün müəllimi hesab edir, onun, habelə Gürcüstanın Əməkdar artisti Mirzəli Abbasovun, aktyorlardan Mirzəxan Quliyevin, Əşrəf Yüzbaşovun və digər aktyorların səhnə fədakarlığını yüksək qiymətləndirirdi. Tiflis teatrında orijinal pyeslərin, habelə Azərbaycan səhnəsi üçün yeni olan klassik əsərlərin Tuqanov tərəfindən tamaşaya qoyulması aktyorların fərdi yaradıcılıq xüsusiyyətlərinin üzə çıxmasına şərait yaradır, onlara özlərinə məxsus cəhətləri göstərmək imkanı verir, tamaşaçıları teatra cəlb edirdi. Onun bu teatrda ilk işi Şəmsəddin Saminin “Gaveyi-ahəngər” pyesinin tamaşası olub. Aleksandr Tuqanovun xatirələrindən: “Bu, yetkin tamaşa idi, aktyorların öz rollarına tamam yeni münasibətləri duyulurdu: bu tamaşa bütün mövsümə müəyyən hava verdi”. Beləliklə, başlanğıc uğurlu olur. Bunun ardınca tamaşaçılara fransız yazıçısı Jan Batist Molyerin “Jorj Danden” komediyası təqdim olunur. Bu tamaşa da böyük uğur qazanır. Aleksandr Tuqanov teatrda baş rejissor kimi fəaliyyət göstərərkən “Uçurum”, “Iblis”, “Şeyx Sənan”, “Pəri cadu”, “Ölülər” pyeslərini yeni quruluşda tamaşaya hazırlayır. Ibrahim Isfahanlının fikrincə, onun ən maraqlı quruluşlarından biri “Müfəttiş” komediyasının tamaşası olmuşdur. Səhnədə ilk addımlarını atan gənc aktyor Ülvi Rəcəb məhz Tuqanovun hazırladığı tamaşalarda uğurlu obrazlar yaratmışdır. Onun yaratdığı Dərviş (“Şeyx Sənan”), Ixtiyar (“Iblis”), Məhkəmə rəisi (“Müfəttiş”) obrazları tamaşaçılar tərəfindən hərarətlə qarşılanmışdır. Aleksandr Tuqanov teatrın repertuarında azərbaycanlı dramaturqların əsərlərinin üstünlük təşkil etməsinə xüsusi diqqət yetirib.
Sona qədər Azərbaycan teatrının xidmətində
1924-cü ilin ikinci yarısında Aleksandr Tuqanov Azərbaycan hökumətinin qərarı ilə Bakıya dəvət olunub. Iyun ayının 19-da o, Akademik Milli Dram Teatrına baş rejissor təyin edilib. Bu barədə Aleksandr Tuqanov belə yazırdı: “Tiflisdə ilk mövsümün uğurları elə böyük idi ki, mən Azərbaycan teatrındakı bu təcrübəmi davam etdirmək üçün imkanı əldən verməmək qərarına gəldim…”.
Rejissor yeddi ildən çox bu kollektivə rəhbərlik edib. 1931-ci ildə Aleksandr Tuqanov Qroznıda müxtəlif teatrlarda çalışıb və 1935-ci ildə yenidən Akademik teatra baş rejissor təyin edilib. 1937-ci ildən Gənc Tamaşaçılar teatrında çalışıb, burada əsasən rus bölməsində tamaşalar hazırlayıb.
Eyni zamanda Opera və Balet Teatrında, Dövlət Rus Dram Teatrında, həm də Akademik Teatrda tamaşalara quruluşlar verib. Əvvəllər Bakı Teatr Məktəbində dərs deyən rejissor 1945-ci ildən teatr institutunda pedaqoji fəaliyyət göstərib. 1947-ci ildən professor idi.
Akedemik Milli Dram Teatrında Aleksandr Tuqanovun rejissorluğu ilə Mirzə Fətəli Axundzadənin, Hüseyn Cavidin, Aleksandr Dümanın, Cəfər Cabbarlının, Əbdürrəhim bəy Haqverdiyevin, Cəlil Məmmədquluzadənin və başqa dramaturqların pyeslərinin tamaşaları oynanılıb.
Aleksandr Tuqanov Azərbaycan Dövlət Opera və Balet Teatrında Müslüm bəy Maqomayevin “Nərgiz” operasına monumental quruluş verib. Bu tamaşa 1938-ci ildə Moskvada keçirilən Azərbaycan incəsənəti dekadasında həm musiqismə, həm də rejissor işinə görə yüksək qiymətləndirilib.
Opera truppası Milli Dram Teatrının nəzdində olanda (1925-ci ilin yayına qədər) Aleksandr Tuqanov muğam operalarımızın inciləri sayılan Üzeyir bəy Hacıbəyovun “Leyli və Məcnun” və “Əsli və Kərəm” əsərlərini, “Arşın mal alan” operettasını tamaşaya hazırlayıb.
Rejissor Gənc Tamaşaçılar Teatrında da bir çox tamaşalara quruluş verib.
Aleksandr Tuqanov Azərbaycan teatrında aktyor ansamblının formalaşmasma ciddi diqqət yetirib.
Viktor Hüqo, Moris Meterlink, Onore de Balzak, Jül Vern, Biçer Stou kimi müəlliflərin adlarını Akademik teatrın repertuar siyahısına məhz Tuqanov daxil edib.
Aleksandr Tuqanov Bakı Teatr Məktəbində və sonralar Azərbaycan Dövlət Teatr Institutunda aktyor və rejissor sənətindən dərs deyib. Təcrübəli pedaqoqun onlarca yetirməsi ölkəmizin müxtəlif teatrlarında səmərəli yaradıcılıq axtarışları aparıblar.
Azərbaycan milli teatrının inkişafında göstərdiyi xidmətlərinə, Milli Dram Teatrının yaradıcılıq üslubunun monumental səpkidə formalaşmasındakı səmərəli fəaliyyətinə görə Aleksandr Tuqanov 4 aprel 1936-cı ildə respublikanın xalq artisti fəxri adı ilə təltif olunub.
Rejissor 6 mart 1960-cı ildə Bakıda vəfat edib.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu
KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir