Ziyalılar Forumu “Molla Nəsrəddin”in ad gününə toplaşdı

Bu gün Ziyalılar Forumu “Molla Nəsrəddin” jurnalının 106 yaşının tamam olması münasibəti ilə tədbir keçirib. Tədbirdə ziyalılar və qəzet redaktorları iştirak ediblər. Toplantıda ölkə mediasının vəziyyəti də müzakirə olunub.

Yazıçı Əkrəm Əylisli jurnalın çap olunduğu dövrlə bağlı danışıb. Onun sözlərinə görə, tarixdə çox az şəxsiyyətlər var ki, onun varlığında ölkənin vətəndaşları öz varlığını tapıb: “Mirzə Cəlil də belələrindəndir. Onun yazdıqları yüz ildə aktuallığını itirməyib. Doğru sözü, həqiqəti deyib, ona görə yazdıqları bu illər ərzində aktualdır. “Molla Nəsrədddin”ə görə ona qarşı təzyiqlər olub, hətta onun ölümünə fətva da verilib”.
“Ayna” və “Zerkalo” qəzetlərinin baş redaktoru Elçin Şıxlı isə qeyd edib ki, Cəlil Məmmədquluzadə ənənələrini hazırda birbaşa karikatura şəklində Azərbaycan mediasında tapa bilmirik: “Vaxtı ilə qəzetlərdə çalışan karikaturaçı rəssamlar ölkəni tərk edib, yaxud indi sürücülük edir. İndi qəzetlərdə rəssamlara rast gəlmək mümkün deyil. Bu ənənəni davam etdirmək çətin məsələdir. Siyasi karikatura çoxlarının xoşuna gəlmir, qəzetlər səhifəsində mütəmadi olaraq buna yer verə bilmir. Ancaq satira qəzetlərin gücünü artırır”.
Akademik Rafiq Əliyev isə bildirib ki, bu gün də ölkədə “Molla Nəsrəddin” ənənələrini yaşadan jurnalistlər var: ““Molla Nəsrəddin”in obyekti cəmiyyət idi, o, cəmiyyəti dəyişmək istəyirdi”.
Gültəkin Hacıbəylinin sözlərinə görə, Mirzə Cəlilin düşüncələri 200 il sonra da aktual olacaq: “Bu gün məhdud sayda müstəqil qəzet, azad media var. Medianı qapatmaq cəhdləri cəmiyyətin aşınmasına və məhvinə doğru gedir”. Onun yalan informasiya iqtidar qəzetlərində işləyən bir çox insanların bunu istəməyərəkdən etdiyini deməsi tədbir iştirakçıları arasında mübahisəyə səbəb oldu. “Çox dəyərli insanlar tanıyıram ki, yalan yazan qəzetlərdə işləyir”,- deyən G.Hacıbəyliyə etirazını bildirən Elçin Şıxlı, bu cür insanlara dəyər verməyin əleyhinə olduğunu vurğuladı. “Turan ” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev isə mətbuatın yalan yazmaq kimi öhdəliyi olmadığını diqqətə çatdırdı. Toplantıda həmçinin ölkə mətbuatının durumundan narahatlıq da ifadə olunub.
Qeyd edək ki, Azərbaycan mətbuatı tarixində ilk satirik jurnal olan “Molla Nəsrəddin” 1906-cı il aprelin 7-də nəşrə başlayıb. Jurnal o dövrün siyasi-sosial, ədəbi-mədəni problemlərinə, xalqın milli-mənəvi tələblərinə vətəndaşlıq mövqeyindən yeni bir yanaşma gətirib (“Yeni Müsavat”).