Qədir ağacını kəsən də ulu öndərin bir qolunu kəsirmi?

Dünən saxta, üzüyola parlament adına yaraşanı etdi, hakimiyyətin Serbiyaya 300 milyon avroluq hədiyyəsini heç bir sorğu-sualsız təsdiqlədi. “Hədiyyə” deyirəm, çünki buna adamın kredit deməyə dili dönmür.
Əgər Ilham Əliyevin Serbiyaya illik 4 faizlə verdiyi kreditdirsə, bəs onda onun öz vətəndaşlarının illik 30-35 faizlə aldığı nədir? Öz vətəndaşına ən yüksək faiz dərəcələri yükləyən bir zehniyyət el-aləmin Serbiyasına, Belorusuna gələndə niyə bu qədər səxavətli olur? Bəyəm Ilham Əliyev hakimiyyəti zəbt edəndən sonra “bütün belorusların prezidenti” olmağamı söz vermişdi? Bəlkə “Bütün serblərin prezidenti olacam” demişdi, biz səhv eşitmişik?
Anlamağa çalışıram, amma inanın ki, bir məna verə bilmirəm: axı nədir bunların bu xalqa bunca düşmən münasibətinin səbəbi? Nə pisliyi keçib bu xalqın bunlara? Illərdir ətrafında sıx birləşməkdir – birləşib, ömründən kəsib ona bağışlamaqdır – bağışlayıb, yalanlarına inanmaqdır – inanıb, siyasiləşməsini istəməyib – siyasiləşməyib, daha nə istəyirlər?
Illərdir çapmısınız, talamısınız, yeyib-dağıtmısınız, amma o susub.
Barışıb.
Razılaşıb.
Içindəki qorxuya yenik düşüb.
Soruşmayıb.
Sorğulamayıb.
Daha niyə naşükürlük edirsiniz, niyə pirinizə təpik atırsınız? Bir də belə fağır, döyənə əlsiz, söyənə dilsiz xalqı hardan tapacaqsınız?
Bu gün o 300 milyon avroluq krediti verdiyiniz serblər, məsələn. Öz vətəndaşlarına 30-35, özgələrə isə 4 faizlə kredit verən bir hakimiyyəti bircə gün ayaqda tutmazdılar. Anındaca dalından təpik vurub gedər-gəlməzə göndərərdilər.
Millətin pulunu ağa kefi, paşa könlü istədiyi kimi, sanki dədəsinin malı imiş kimi sağa-sola səpələyən, lukaşenkolara-mukaşenkolara xərcləyən, amma millətin pulu ilə millətin batan əmanətlərini qaytarmağa qarın ağrısı çəkən bir zehniyyətin pişiyini ağaca dırmaşdırar, anasından əmdiyini burnunda gətirərdilər.
Ancaq azərbaycanlılara baxırsan – səssiz. Təpkisiz. Boynubükük. Taleyi ilə barışqan. Başqa nə istəyirsiniz? Belə bir xalqın qədrini biləcəyinizə, onu göz üstündə tutacağınıza, ona sırtınızı niyə dönürsünüz? Ona nifrət niyə edirsiniz? Ona düşməninizmiş kimi niyə baxırsınız?
Dünyanın heç bir ağlıbaşında, modern, mədəni, uyğar xalqı sizi 40 il nədi, 40 dəqiqə belə, hakimiyyətdə tutmazdı.
Sizə 9 milyonluq bir toplumu nədi, heç 9 qoyunu etibar etməzdi.
Amma siz 40 ildir bu bərəkətli torpaqlar üzərində tayfa ağalığı etməklə məşğulsunuz, bu binəvaların “çırt” səsi çıxmır. Bu gözəl ölkəni cəhənnəmə çevirmisiniz – susur. Sahib olduğu hər şeyi başından vurub əlindən alırsınız – dinmir.  
Daha nədən narazısınız? Başqa nə istəyirsiniz? Onu el-aləmin belorusunun, serbinin ayağına niyə verirsiniz?
40 ildir bu ölkədə hakimiyyəti sizə güzəştə gedən, bu ölkənin neftini, qazını, qızılını sizə güzəştə gedən azərbaycanlılardır, amma siz güzəştli krediti götürüb serblərə verirsiniz. Nədir axu bu naşükürlük? Nədir axı bu nankorluq? Nədir axı bu qədirbilməzlik? Ayıb deyilmi?
Hər addımda bu xalqa bir qədir ağacı əkəcəyinizə, niyə kəsirsiniz onu?
Yoxsa qədir ağacını kəsmək ümummilli liderinizin bir qolunu kəsməyə daxil deyil?
Yunus Oğuza kiçik bir xəbərdarlıq
Başa düşürəm, kimsə Yunus Oğuzla 1 aprel zarafatı edib, “sən də tarixi roman yazmaq yaxşı alınar, həmən qolunu sıva, başla!” deyib, o da ciddiyə alıb, Əmir Teymurdan, Nadir Şahdan, Təhmasibdən belə qarşısına keçən hökmdarlar haqqında durmadan üyüdüb-tökməkdə, istedadın və intellektin min ağac uzaqlığından belə keçməyən kitabları ilə onları gözdən salmaqdadır.
Özü bilər. Amma mən yenə də söyləyim ki, sonra vicdan əzabı çəkməyim: bu işin axırı heç yaxşı görünmür. Bir gün bu hökmdarlardan biri məsxərəyə qoyulmasına, rəzil olmasına daha artıq dözməyəcək, dirilib gələcək, çəkəcək qılıncını, hesab istəyəcək. Nə yemisən, turşulu aş.
Qısası, ağlı başında olan adam “illah ki, özümü ”tarixi roman ustası” kimi ədəbiyyata sırıyacam” deyə, həyatını təhlükəyə atmaz.