Oqtay Əsədov Rusiyanın mövqeyini müdafiə etdi

Spiker Lavrovun bəyanatlarını tənqid edənləri susdurmağa çalışdı

Milli Məclisin dünənki iclasında deputat Qüdrət Həsənquliyev Rusiyanı tənqid atəşinə tutub. Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakıda verdiyi bəyanatlara diqqət çəkən deputat deyib:
 “Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakıda verdiyi bəyanatlar bir daha göstərdi ki, Moskvanın Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik etməyə mənəvi haqqı yoxdur. O, bəyan edib ki, BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi haqda qəbul etdiyi qətnamələr tamamilə yerinə yetirilib. Sergey Lavrov yaramazcasına belə bir bəyanat verib. Guya BMT Təhlükəsizlik Şurasının qətnamələri artıq yerinə yetirilib və münaqişə həll olunub. Əslində isə qətnamələrin yalnız atəşkəslə bağlı hissəsi yerinə yetirilib. Rusiya bir daha Ermənistanın müttəfiqi olduğunu və Azərbaycan torpaqlarını bir yerdə işğal etdiklərini göstərdi”.
Qüdrət Həsənquliyevin bu çıxışı spiker Oqtay Əsədovun xoşuna gəlməyib və deputata özünəməxsus şəkildə cavab verib: “Qüdrət bəy, Bəşir Səfəroğlu demişkən, yandıra-yandıra gedirsiz. Deyirdiz ki, Fransa ATƏT-in Minsk Qrupunun həmsədrliyindən uzaqlaşdırılmalıdır, indi də Rusiyadan danışırsınız. Rusiya Minsk Qrupunun həmsədrlərindən biridir. Son vaxtlar Rusiya prezidentinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentləri arasında 10 görüş keçirilib”.
Deputat Zahid Oruc isə Sergey Lavrovun Ermənistanda səsləndirdiyi bəyanatdan danışıb: “Sergey Lavrov Ermənistanda dedi ki, Dağlıq Qarabağın taleyini Qarabağ xalqı müəyyənləşdirəcək. Bu bəyanat diqqət çəkməyə bilməz. Ermənistanda Qarabağla bağlı qanun qəbul olunub. Biz də belə bir qanun qəbul etməliyik ki, ”Qarabağ xalqı” anlayışı aradan qalxsın”.
Spiker Zahid Orucun fikirlərini də cavabsız qoymayıb. O, deputatı belə qanun hazırlamağa dəvət edib. “Hazırlayın görək necə qanun layihəsi hazırlayacaqsınız”,- deyə Oqtay Əsədov əlavə edib.