Zeynalabdin Bağırzadə özünü günahsız sayaraq barəsindəki məhkəmə qərarlarının ləğv olunmasını tələb edir
Naxçıvan Apelyasiya Məhkəməsinin Ağır Cinayətlər üzrə Kollegiyası AXCP üzvü məhkum Zeynalabdin Bağırzadənin şikayəti üzrə hazırlıq iclası keçirib. Bu haqda “Turan”a bölgə müxbiri bildirib.
Hakim Ilqar Mirzəyevin sədrliyi ilə keçən prosesdə Z.Bağırzadənin şikayətinin məzmunu açıqlanıb. Z.Bağırzadə özünü günahsız sayaraq barəsindəki məhkəmə qərarlarının ləğv olunmasını, bəraət verilməsini tələb edir. Sahibkar kimi işgüzar imicinə vurulan zərbəyə görə 45 min manat, təcridxanada səhhətinə vurulan fiziki, mənəvi zərbələrə görə 12 min manat təzminat tələb edir. Z.Bağırzadə səhhətində ciddi problemlər olduğunu, xüsusilə, yaddaşının güclü şəkildə zəiflədiyini, buna baxmayaraq, müayinədən keçirilmədiyini hakimin nəzərinə çatdırıb. Hakim işin mahiyyəti üzrə baxılması üçün məhkəmə prosesini aprelin 17-nə təyin edib. Z.Bağırzadə Nehrəm kəndində yaşayır, Naxçıvanın siyasi fəallarındandır. 2011-ci ilin yayında kəndə içməli su verilmədiyinə görə kənddə baş verən aksiyalarda fəallıq göstərib. 2011-ci ilin noyabrında saxlanılıb, barəsində dələduzluq və vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə ittihamları irəli sürülüb və 7,5 il müddətinə azadlıqdan məhrum edilib.