Haqsızsan, Əli Həsənov!

Ekspertlər Prezident Administrasiyasının şöbə müdirinin fikirlərilə razılaşmırlar

Azərbaycan rəsmilərinin ölkədə söz və mətbuat azadlığı sahəsində problem olmaması haqqında bəyanatları təzə xəbər deyil. Bu bəyanatlar Azərbaycan həbsxanalarında 10 jurnalist saxlandığı zaman da səslənirdi, deyə Media Hüquqları Institutunun direktoru Rəşid Hacılı “Turan” agentliyinə Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun bəyanatını şərh edərkən bildirib.
Faktlar bunun əksini göstərir, deyə o qeyd edib. Belə ki, hazırda ölkədə 7 jurnalist- “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı və bölgə müxbiri Aydın Canıyev, islamazeri.com saytının rəhbəri Ramin Bayramov, Iranın “Səhər” telekanalının iki əməkdaşı və regional “Xəyal TV” telekanalının iki əməkdaşı həbsdədir. Televiziya və radio kanalları hakimiyyətin tam siyasi və iqtisadi nəzarəti altındadır. Jurnalistlər təzyiqə və şantaja məruz qalır. Şəxsi həyatına kobud müdaxilə edilmiş Xədicə Ismayılovanın başına gələnlər bunun bariz nümunəsidir.
Bir müddət əvvəl Qan Turalı və Natiq Ədilovun həyatına da analoji müdaxilə olmuşdu və buna görə heç kim cəzalandırılmadı. Rəsmi qurumlar müstəqil və müxalif mətbuata məhəl qoymur. Məhkəmələr isə onların iddialarını təmin etmir. Bu zaman məhkəmələr jurnalistlərə qarşı böyük cərimə cəzaları kəsir. Belə bir vəziyyətdə problemin olmadığını demək qeyri-ciddidir, deyə Hacılı qeyd edib.
Digər bir ekspert, hüquqşünas Ələsgər Məmmədli də Həsənovun bəyanatını istehza ilə qarşılayıb. “Əli Həsənov öz pəncərəsindən bu problemləri görmürsə, deməli, problem yoxdur”, deyib o. Təkcə “Xural” qəzetinin başına gələn hadisə Azərbaycanda ciddi problemlərə dəlalət edir. Qeyri-adekvat cərimələrə görə əmlakı müsadirə edildikdən, redaktoru isə saxta ittihamla həbs edildikdən sonra qəzetin buraxılışı dayandırılıb.
Indiyədək jurnalist Elmar Hüseynovun qətlinin üstü açılmayıb və publisist Rafiq Tağının qətlinin təhqiqatında nəticə yoxdur. Təkcə ötən il 78 jurnalistə qarşı fiziki hücumlar törədilib, fotoreportyorlara basqı faktları olub. Bu, KIV və söz azadlığı sahəsində problem deyilmi?”, – deyə Məmmədli qeyd edib. Bütün bunlar özünüsenzuraya səbəb olur.
Qeyd edək ki, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib ki, Azərbaycanda heç kim sərbəst düşüncəsinə, yaydığı məlumata, yazdığı yazıya görə təqib edilmir və edilməyəcək.