Hakimiyyətin “şifer korrupsiyası”

İndi ölkənin pullarını şiferlərin dəyişdirilməsi adı altında talan edirlər

Azərbaycanda evlərin, sosial obyektlərin asbest şiferli dam örtükləri dəyişdiriləcək. Bununla bağlı Azərbaycan Nazirlər Kabineti (NK) yerli icra hakimiyyəti orqanlarına xidməti məktub göndərib. Artıq Kürdəmir, Ağsu, Göyçay, Şamaxı, Ucar rayonlarında damı asbest şiferlə örtülmüş fərdi yaşayış evlərinin, sosial obyektlərin dəqiq sayının müəyyən edilməsi üçün siyahıya alma işləri görülür.
Asbest şiferlərin dəyişdirilməsi onların xərçəng xəstəliyi yayması ilə izah edilir. Ekspertlər isə bunu hökumətin növbəti korrupsiya layihəsi kimi dəyərləndirirlər. “Uzun illərdir ki, dam örtükləri üçün bu şiferlərdən istifadə edilir. Niyə bu vaxta qədər bu məsələyə diqqət yönəldilməyib? Görünür, oliqarx məmurlardan kimsə ölkəyə şifer gətirib, ona görə də asbest şiferlərin dəyişdirilməsi gündəmə gəlib. Bu, həm də kifayət qədər böyük pulların mənimsənilməsinə yol açacaq”. Ekspertlər bildirib ki, Azərbaycanda xəstəlik yayan bir sıra qida məhsulları var, lakin nədənsə bununla bağlı heç bir tədbir görülmür: “Faktiki olaraq ərzaq təhlükəsizliyinə riayət olunmur. Ona görə də asbest şiferlərin dəyişdirilməsinin insanların sağlamlığının qeydinə qalmaq baxımından edilməsi inandırıcı görünmür”.

Azad