Adam var ki…

Milli Məclisin dünənki iclasından “Media forum”un bir xəbəri ustad aşıq Abbas Tufarqanlını yadıma saldı. Yadıma düşənləri sizə də xatırladım ki, qaranlıq qalmasın.
Ay hazarat, bir zamana gəlibdi,
Ala qarğa şux tərlanı bəyənməz…
Ardı yəqin sizin də yadınıza düşdü. Çox məşhur olan bu qoşma heç vaxt aktuallığını itirmir. Zaman-zaman müxtəlif məclislərdə, söhbətlərdə ustad sözü xatırlanır. Müxtəlif qurumlardan, məmurlardan, səlahiyyət sahiblərindən hədyan sözlər eşidiləndə adamlar bir daha keçənləri xatırlayır…
Adam var, mərfətdən yoxdur xəbəri,
Adam var soltanı, xanı bəyənməz.
Azərbaycan parlamentinin saxtakarlıqla formalaşdırıldığı bütün dünyaya bəllidir. Saxtakar, saxtakarlığa şərik olan oğru kimi bir şeydir, dini-imanı olmaz. Sözə dəyər verməz. Yəqin elə buna görədir ki, parlament divarları içərisində səsləndirilən fikirlərə görə deputatlar heç bir məsuliyyət daşımır. Elə bu məsuliyyətsizliyin nəticəsidir ki, parlamentin dünənki iclasında Milli Məclisin yapçı sədr müavini Bahar Muradova “Jiquli” markalı maşın sürənləri təhqir edib. “Bu avtomobilləri sosial vəziyyəti aşağı səviyyədə olan, avtomobili idarə etmək, yol nişanları sahəsində kifayət qədər savadı olmayan insanlar sürür. Həmin şəxslərin sürücülük vəsiqəsi alması prosesinin də şəffaf olması şübhə altındadır”. Bu sitat Bahar Muradovadandır.
Adam var, dəstinə verərsən güllər,
Adam var, gözünə çəkəsən millər…
Bu da Abbas Tufarqanlıdandır.
Yaxşı, bəs YAP iqtidarı, onun başçısı Ilham Əliyev yoxsulluğun bir sinif kimi ləğv olunduğunu deyirdi. Ölkədə 1 milyondan artıq iş yeri açıldığını bildirirdi. Bu iş yerləri də o deməkdir ki, əhalimiz “uğurlu siyasət” nəticəsində işlə təmin olunub, yağ-bal içində üzür. Yağ-bal ilə “sosial vəziyyətin aşağı olması” uyuşmur axı. Belə çıxır ki, onda Ilham Əliyev yalan danışıb. Ya da əksinə, Bahar Muradova destruktiv qüvvələrə qoşulub düşmən dəyirmanına su tökür. Ləyənnən. Bilmirəm “su kralı”, həm də Milli Məclisin və Bahar Muradovanın sədri Oqtay Əsədov hara baxır…
Adam var, çox işlər eylər irada,
Adam var ki, yetə bilməz murada…
Sürücülük peşədir, maşın sürmək vərdiş. O qədər Bahar Muradova kimi savadlı (orta məktəbi 8-ci sinifə qədər oxusa da, savadına şübhə yoxdur. O, siyasi elmlər üzrə fəlsəfə doktorudur. YAP-ın hakimiyyəti uzandıqca belə doktorlar da partiyada durmadan artır) adamlar tanıyıram ki, maşın sürə bilmir. Amma heç bir savadı olmayan, hətta hərf belə tanımayan professional sürücülər görmüşəm. Qaldı sürücülük vəsiqəsi alınmasında şəffaflığa, görünür, B.Muradova rüşvətin və korrupsiyanın geniş miqyas aldığını demək istəyib, amma oturduğu yerə görə bunu açıq şəkildə dilə gətirməyib.
Adam var ki, adamların naxşıdı,
Adam var ki, anlamazdı, naşıdı,
Adam var ki, heyvan ondan yaxşıdı,
Dindirərsən, heç insanı bəyənməz.
Anlaqlı adamın başına dönüm. Bahar Muradova “Jiquli” maşınlarını, “Jiquli” sürənləri bəyənmir. Bunu normal yanaşma saymaq olardı. Amma alınmır, saymaq olmur. Azərbaycanda milyonlarla adam da YAP iqtidarını bəyənmir, hətta bu hakimiyyətə nifrət edir, amma bu nəyi dəyişir ki?! Hələ…