Nazirə külli miqdarda pul «atılması» ətrafında qalmaqal böyüyür
Nəqliyyat naziri Ziya Məmmədovun biznes ortağı, Türkiyə vətəndaşı Bülent Karani Azərbaycanı tərk edib. “Azadlıq”a daxil olan məlumatlara görə, Bülent Karani ABŞ-a gedib. Məlumatlarda bildirilir ki, bu, Ziya Məmmədova külli miqdarda “atılmasından” sonra baş verib.
Xatırladaq ki, “Azadlıq”ın ötən sayında nəqliyyat nazirinə külli miqdarda pul “atılması” barədə məlumat vermişdik. Bildirmişdik ki, Ziya Məmmədov bununla bağlı özünə məxsus şirkətlərin birində yoxlamalara başlayıb. Həmin şirkətin Bülent Karaninin rəhbəri olduğu “Azərinşaat” olduğu bildirilir. Qeyd etmişdik ki, artıq həmin şirkətdə çalışan 6 Türkiyə vətəndaşı işdən çıxarılıb. Həmin şəxslər Bülent Karaniyə yaxın şəxslərdir. Lakin bu işlərin arxasında Bülent Karaninin dayandığı bizə dəqiq bəlli deyil.
Dünən aldığımız məlumatda həmçinin bildirilir ki, Ziya Məmmədov “Azərinşaat” şirkətini ləğv etmək istəyir. “Azərinşaat”ın funksiyaları “ZQAN Holding”ə daxil olan şirkətlərdən birinə veriləcək.
Informasiya şöbəsi