BMT-də Rusiya və Çin maneəsini aşmağın yolu tapıldı
Bəşər Əsədlə üsyançılar arasında atəşkəsin dəqiq vaxtı bilindi
Suriyada gərginlik davam edir. BMT və Ərəb Ölkələri Liqasının Suriya üzrə vasitəçisi Kofi Annanın nümayəndəsinin atəşkəs planının icrası ilə bağlı müzakirələr aparmaq üçün Dəməşqə gəldiyi bir vaxtda, hökumət qüvvələrinin üsyançılara qarşı yeni hücumlara başladığı bildirilir. Üsyançıların verdiyi xəbərə görə, paytaxt Dəməşqin ətraf əraziləri də daxil olmaqla, Homs, Dəraa və Duma şəhərləri atəşə tutulub. Müxalif fəallar əsgərlərin ələ keçirdikləri insanlardan canlı sədd kimi istifadə etdiyini bildirib.
Bu arada Kofi Annanın sözçüsü Əhməd Fevzi Cenevrədə keçirdiyi mətbuat konfransında bildirib ki, Dəməşqə gələn BMT qrupu Suriya rəhbərliyinin Dəraa, Idlib və Zəbədani şəhərlərindən hökumət qüvvələrinin çıxarıldığı ilə bağlı vədinin icrasını yoxlamağa çalışacaq. Sözçü əlavə edib ki, ölkədə qismən atəşkəsin əldə olunmasından bir gün sonra, yəni aprelin 11-də Kofi Annan sülh planına regionda daha çox dəstək qazanmaq üçün Irana gedəcək. Fevzi Bəşər Əsəd qüvvələri ilə üsyançılar arasında razılaşdırılmış atəşkəsin aprelin 10-dan sonrakı 48 saat ərzində reallaşdırılacağını deyib.
BMT-nin və Ərəb Birliyinin Suriya üzrə xüsusi təmsilçisi Kofi Annanın müşahidə missiyası üçün bəzi ölkələrdən əsgər istədiyini də Əhməd Fevzi söyləyib. O, Suriya hökumətinin bəzi şəhərlərdən qoşunları çıxardığını bildirib. Ordunun ilk çıxarıldığı şəhərlər Dəraa, Idlib və Zəbədanidir. Anadolu xəbər agentliyi Kofi Annanın Türkiyədən hələ əsgər istəyinin olmadığını bildirib.
Suriya diktatoru Bəşər Əsədin aprelin 10-a kimi əsgərlərini rejimə qarşı etirazların keçirildiyi şəhərlərdən çəkəcəyinə dair açıqlamalarına baxmayaraq beynəlxaq birlik onun sözünün üstündə duracağına inanmır. Bəşər Əsədin bütün şanslarını və etimadını itirdiyini iddia edən ölkələrdən biri də Türkiyədir. ABŞ-da yayımlanan “The Wall Street Journal” qəzetinə danışan yüksək vəzifəli türk rəsmilər Suriyada zorakılığın artması halında Türkiyənin vətəndaşların qorunması məqsədilə təhlükəsiz zonaların qurulması və başqa “aqressiv addımlar”ın atılmasıyla bağlı planlar hazırladığını söyləyib.
Qəzetə açıqlama verən rəsmilər bildirib ki, Suriyadakı vəziyyət Türkiyənin milli təhlükəsizliyinə təhdid halına gələrsə, hərbi qoruma tələb edən “etibarlı bölgələr” yaradılacaq. “The Wall Street Journal” Türkiyənin hərəkətə keçməsi üçün BMT-nin 2005-ci ildə qəbul etdiyi “Qoruma məsuliyyəti” doktrinasına müraciət edə biləcəyi ehtimalının yüksək olduğunu da yazıb. Həmin doktrina soyqırım, müharibə cinayətləri, insanlığa qarşı cinayətlər və etnik təmizləmə kimi vəziyyətlərin qarşısını almaq üçün istifadə edilə bilər. Bu doktrinanı tətbiq etmək üçün BMT Baş Assambleyasının əksəriyyətlə aldığı qərar yetərlidir. Yəni Rusiya və Çinin BMT Təhlükəsizlik Şurasındakı veto hüququ bu yolla zərərsizləşdirilə bilər.
azadliq.info