Övladının öldürülməsinə sakitcə tamaşa edən ata haqqında

Uzun illərdir bu haqda yazmaqdan şəxsən mən yoruldum, amma nə talesiz insanların faciələri bitir, nə də həmvətənlərimiz bu faciələrdən və bu haqda yazdıqlarımızdan nəticə çıxarmaq istəyir. Öz doğma övladının harayına necə sakitcə tamaşa etmək olar? Onun ölümündən sonra ağlamağın faydası nədir görəsən? Hələ iş-işdən keçməyənə qədər niyə susur insanlarımız?
Budur, martın 29-da Tərtər rayonundakı hərbi hissələrin birində qulluq edən əsgər Məmməd Abbasov xidmət yoldaşlarını və özünü güllələyib, vurduğu əsgərlərdən biri və özü ölüb. Bunun nə olduğunu, indi doğmalarının nə çəkdiyini təsəvvür etmək özü çətindir. Təsəlli verməyə də söz tapmırsan.
Amma elə Məmməd Abbasovun valideynlərini yandıran daha bir səbəb var. Axı o talesiz gənc doğmalarına deyirmiş ki, onu əsgərlikdə incidirlər, cana doyub artıq. Bəli, deyirmiş. Qohumlarının açıqlamalarından aydınca görünür ki, Məmməd durumundan şikayət edirmiş. Əmisi Əhməd Abbasovÿ deyir ki, qardaşı oğlu hər dəfə ailə üzvləri ilə telefon əlaqəsi saxlayanda, hərbi hissədəki özbaşınalıqlardan, zabitlərin ondan pul tələb etmələrindən, incidilməsindən gileylənirmiş.
Bəs onun şikayət etdiyi, üz tutduğu, kömək umduğu yaxınları neyləyiblər? Susublar. “3-5 günün qalıb, birtəhər əsgərliyini başa vur, gəl” deyiblər. Lakin gəlmədi. Gələ bilmədi. Döyüldü, əzildi, təhqir edildi, cana doydu, özünü də, başqasını da öldürdü.
Bənzər hadisəni xatırladaq. Iki il öncə Sumqayıtda N saylı hərbi hissədə xidmət edən başqa bir əsgər – Teymur Isaxan oğlu Mirzəli atasına zəng edir ki, xidmət etdiyi hərbi hissəyə gəlsin, onu yaman incidirlər. Atası hərbi hissəyə gəlir, oğlunu sakitləşdirir ki, yuxarılara yazacaq, problemi həll edəcək. Təki sakit olsun. Oğlu isə ağlayır, atasını dilə tutur ki, bəs ona çox çətindir, ona zülm edirlər,ÿ bu səbəbdən hərbi hissədən qaçmaq istəyir. Ata da oğluna etiraz edir. Axı oğlu qaçsa, fərari sayılacaq, həbs ediləcək. Onda neyləyəcəklər?! Ata oğlundan çox xahiş edir ki, səbr etsin, qaçmağı isə ağlına gətirməsin.
Sonra da ata oğlunu ağlaya-ağlaya qoyaraq, şikayət etməyə gedir. Hərbi prokurorluğa şikayət yazır, gözləyir ki, cavab gələcək. Amma problemə əncam çəkiləcəyini gözlədiyi bir vaxtda ona xəbər gəlir ki, oğlu artıq intihar edib.ÿ
Bu cür olaylar təkcə hərbi hissələrdə olmur. Naxçıvan sakini Turac Zeynalovun taleyini yada salın. Atası Turaca işgəncə verildiyini görmüşdü. Deyir ki, müstəntiqin otağında oğlu ayaq üstə dura bilmirdi. Sir-sifəti yara-qan imiş. Amma o da susdu, gözlədi. Axırı da çox pis oldu. Turac verilən işgəncələrdən təcridxanada öldü.
Nədir bu yanaşmanın adı? Bəlkə övladının öldürülməsinə sakitcə tamaşa etmək deyil bunun adı? Axı siz bilirsiniz ki, hansı ölkədə yaşayırsınız, bu ölkənin necə idarə edildiyini də bilirsiniz. Onda niyə dərhal haray çəkmirsiniz ki, bəlkə doğmalarınızı xilas edəsiniz, bəlkə onları təhlükədən qoruya biləsiniz. Biz bilirik ki, günah başqalarınındır. Bu, ayrı mövzudur. Amma siz məhz günahkarların iş başında olduğunu bilə-bilə, niyə belə anlarda vaxtında səsinizi qaldırmırsınız?  
Deyə bilərsiniz ki, nə etmək olar. Bunu bir daha yazaq. Yaxınlarına təhlükəni dərk edən hər bir vətəndaş əlindən gələni etməli, haray çəkməli, etiraz etməlidir. Dərhal:ÿ
– Çox oxunan qəzetlərə, “Azadlıq” radiosuna, tanınmış jurnalistlərə bəyanat və xəbər yollayın.
-ÿTəcili Ombudsmana teleqram, müraciət və e-mail yollayın.
– Gecikmədən hüquq müdafiəçilərinə müraciət edin.
-ÿDaxili işlər və Ədliyyə nazirliklərinə, problemə uyğun nazirliklərə teleqram yollayın.
-ÿPrezidentin e-mailinə yazın, ona teleqram vurun.
-ÿAzı 10 tanınmış deputata zəng edin, teleqram vurun.
-ÿÖlkənin tanınmış medallı yazıçı və alimlərinə, Şeyxə teleqram vurun,ÿ zəng edin.
– Bu hakimiyyəti müdafiə edən adamlardan bir neçəsinə müraciət edin.
– Müxalifət liderlərinə teleqram vurun.
– Səfirliklərə, beynəlxalq təşkilatlara və gümanınız gələn istənilən yerə müraciət edin.  
– Mətbuat konfransı keçirin, tək özünüz, yaxud ailə üzvlərinizlə birlikdə piket keçirin.
– Sosial mediada, ağlaya-ağlaya olsa belə, videomüraciət yerləşdirin.
Bircə sakit dayanıb tamaşa etməyin.