Xocalıya aparan yollarla…

Bir Azərbaycan məktəbindən təəssüratlar

Bu yaxınlarda bir dostum məni azərbaycanlı uşaqlar üçün Azərbaycan məktəbinin açılışına dəvət etdi. Sinif otaqlarını, onların tərtibatını, Azərbaycandan göndərilən kitabları göstərdi. Bu materialların arasında Xocalı faciəsi barədə heç bir informasiyaya rast gəlmədim. Əvəzində, təbii ki, bütün kitabların ilk səhifəsində Heydər Əliyevin şəkilləri vardı və bu, bizim körpəliyimizin yadda qalan xatirələrini canlandırmaqdan başqa heç nəyə yaramırdı. Əlbəttə, o zamanlar bu səhifələrdə partiya və xalqın dahi rəhbəri Vladimir Ulyanovun şəkilləri olardı. Biz hamımız əmin idik ki, Lenin bizə təqdim olunan şəxsiyyətin tam özüdür. Amma 80 il keçəndən sonra onun əsl kimliyi barədə həqiqətlər ölkəyə yayıldı.

İsa Sadıqov

Əvvəli ötən saylarımızda

Bu gün axı başqa zamandır. Buna görə də mən o tanışıma məsləhət gördüm ki, bu kitablarda dəyişiklik etsin və həmin birinci səhifələri ləğv etsin. Bilmirəm, sonra həmin kitablarda bu korrektə aparıldı, ya yox. Mənim bu məktəbə gedəcək yaşda övladım olmadığına görə, təbii ki, maraqlana da bilmədim. Amma mən bilirəm ki, bu yalnız dərs kitabları ilə təqdim edilən təbliğat deyil və ölkənin hər tərəfi bu təbliğat materialları ilə zəngindir. Və heç şübhəsiz, onu da bilirəm ki, günlərin birində bu təbliğat materiallarına heç bir ehtiyac qalmayacaq. Əvəzində, bizim ölkəmizin həqiqi qəhrəmanları, xalqımızın yaşadığı faciələr körpələrimizin tədris kitablarını zənginləşdirən əsl tarixi məlumatlar olacaq. Və həmin zamanlarda bizim hamımız Xocalı faciəsinin başvermə səbəbləri barədə dolğun biliklər əldə edə biləcəyik. Onu da biləcəyik ki, hələ də dünyanın bir çox yerlərində ermənilər Xocalı faciəsi barədə materialları nümayiş etdirərək bunları ermənilərin faciəsi kimi təqdim edirlər. Sadəcə olaraq, neft milyonlarını daha az heykəl qoymağa sərf etmək, bu dünyada daha nələrin baş verdiyini görmək üçün heykəllərdən başqa dünyaya baxmaq lazımdır. Indi bu heykəllər dünyanın Allah bilir neçə ölkəsində var, amma heç bir yerdə Xocalı faciəsi ilə bağlı monument, abidə yoxdur.

5000 hektar torpağı ermənilərə necə verdilər?

Mən oxucuları Xocalı hadisəsinin baş verdiyi ilkin dövrlərə, bu münaqişənin əvvəlinə qaytarmaq istəyirəm.
Iş elə gətirdi ki, Almaniyada hərbi xidmətdən sonra mən Zaqafqaziya Hərbi Dairəsində, konkret olaraq, Gəncədə, o zaman Kirovabad adlandırılan şəhərdə xidmət etməli oldum.  Bu, 1984-cü il idi. Həmin il idi ki, Qazax, Ağstafa və Tovuz rayonlarına daxil olan 5 min hektar ərazi ermənilərə verildi. Bu rayonların əhalisinin sərt etirazına baxmayaraq, bu torpaqların ermənilərə verilməsi sənədləşdirildi. 90-cı illərdə ermənilərlə konflikt başlayanda isə biz o zamankı rəhbərlərin bu xəyanətkar əməllərinin əvəzini çox baha ödəməli olduq. Faktiki olaraq, münaqişə zonasının bütün strateji yüksəklikləri düşmənin əlində idi.
Bu, həmin zamanlar idi ki, Heydər Əliyev Moskvada işləyirdi və “Politbüro”nun üzvü idi. Bu gün bu hadisələrin ətrafında gedən polemikalarda ermənilər belə təqdim etməyə çalışırlar ki, Xocalı Sumqayıt hadisələrinə cavab idi. Amma mən qətiyyən bununla razı deyiləm və ermənilərin Azərbaycan ərazilərini işğal etmələrinin Sumqayıt hadisələrindən çox-çox əvvəl başladığını da hər kəs bilir. Ermənilər inadla, davamlı olaraq öz ərazilərini genişləndirmək üçün planlar qurublar və həm də yalnız Azərbaycanın deyil, Türkiyə və Gürcüstanın da torpaqlarına göz dikərək… Sadəcə, bizim rəhbərlərimizin cinayətkar sükutu onlara imkan verib ki, bu planlarını bizim hesabımıza həyata keçirsinlər.

SSRI erməniləri 5 il əvvəldən silahlandırmağa başlamışdı

1984-cü ildə Stepanakertdə yalnız bir hərbi hissənin dislokasiyası vardı, bu da kimya batalyonu idi. Amma bu hərbi hissədə şəxsi heyət yox idi. Konservasiya üçün orada dayanan bir neçə hərbi texnika vardı. 1958-ci ildə Gəncədə yerləşən 23-cü motoatıcı diviziyadan 366-cı məhdud tərkibli alay ayrılaraq Stepanakertdə yerləşdirildi. Hərbi hissənin bu yerdəyişməsinə 4-cü ordunun qərargah rəisi, general leytenant Aslanyan rəhbərlik edirdi. Tədricən bu alayın döyüş texnikası da zənginləşdirildi, ora tanklar, BMP-lər, artilleriya qurğuları verildi. Batalyonun ştatı da tam tərkibə qədər genişləndirildi. Hansı meqsədlə? Guya, Əfqanıstana göndəriləcək mütəxəssisləri hazırlamaq üçün… Həm də guya, yerli şərait orada bu mütəxəssisləri hazırlamaq üçün daha əlverişli imiş deyə… Hərçənd, bunun üçün ideal şərait Gəncədəki Seyfəli hərbi poliqonunda vardı. Amma təəssüf ki, respublika rəhbərliyi bu prosesə müdaxilə və heç bir etiraz etmədi.
Beləliklə, münaqişənin başlandığı zamana qədər artıq ermənilərin nəzarətində tam təchiz edilmiş 366-cı alay vardı ki, bu hərbi hissə bütün konflikt boyu ermənilər tərəfdən iştirak etdi. Orada 160-dan artıq texnika – tanklar, BMP-lər, artilleriya qurğuları vardı. Baxmayaraq ki, Köçəryan onların əlində yalnız Azərbaycandan alınmış 9 tankın olduğu haqda danışır, amma o, tamamilə yalan deyir.

Qorbaçovlarla bağlı ilginc xəbər

Hələ bu münaqişə odlu qarşıdurmaya çevrilməmişdən əvvəl belə xəbərlər dolaşırdı ki, ermənilər Amerikada Qorbaçovla Dağlıq Qarabağ haqqında danışıblar, hətta onun həyat yoldaşı Raisa Qorbaçovaya verilən hansısa çox bahalı hədiyyə haqqında da söhbətlər gedirdi.
Bir çox illər keçəndən sonra bu xəbərlərin həqiqətdən uzaq olmadığı özünü göstərməyə başladı. SSRI-nin siyasi rəhbərliyinin susqun razılığı altında ermənilər Azərbaycan torpaqlarını ələ keçirmək üçün fəal əməliyyatlara başladılar.

Ardı var