Qəsəbə sakinləri əməkdaşımıza nələr danışdı?
Bələdiyyə, Icra, Neft Şirkəti – hamı pul istəyir; «Hamımız mitinqlərə gedəcəyik»
Nə az, nə çox – 5 ay əvvəl Dövlət Neft Şirkətinin qoluzorluları Sulutəpəyə basqın edib bir neçə evi yerlə-yeksan etmişdilər. Bu dəfə də elə oldu. Yenə eyni adamlar, yenə eyni məkan, yenə eyni plan…
Pulu alırlar, sonra yoxa çıxırlar…
Ancaq bu dəfə fərqli bir şey var idi. Əgər birincidə Neft Şirkətinin əməkdaşları istəklərinə çatmışdılarsa, ikincidə o qədər də nail olmadılar. Birinci yürüşdə ondan artıq ev sökmüşdülərsə, ikincidə dağıdılan evlərin sayı ona çatmadı. Ona görə ki, camaat vaxtında ayağa qalxıb dirəniş göstərə bildi. Çünki birinci hücumdan sonra Sulutəpə sakinləri iynə üstündə otururmuşlar kimi yaşayırlar. Hər an, hər zaman hücum olacağını gözlədikləri üçün partizanlıq edirlər.
Ikinci yürüşdən sonra onlar daşla, dəyənəklə qoluzorluların qabağına çıxıb mülklərini dağıntıdan az da olsa qoruya bildilər. Ancaq dağıntı bütün hallarda baş verdi.
Qalib Nəsibovun da evi uçurulanlar siyahısındadır. O, Dövlət Neft Şirkətinə, bələdiyyəyə, icra hakimiyyətinə pul versə də mülkünü qoruya bilməyib: “Mehriban Əliyeva Sulutəpədə məktəb tikdirib. Əgər bura neft ərazisidirsə, tikintiyə icazə yoxdursa, onda necə məktəb tikilib? Bu məktəbdə kimlər təhsil alacaq? Sənədimiz var – bələdiyyədən də, icradan da razılıq almışıq. Ancaq kimsə bu sənədlərə qiymət vermir. Qiymət vermirdilərsə, niyə icazə verirdilər ki, burada ev tikək?”.
Indi o, evini yenidən tikmək zorundadır. Çünki gedəcəyi ikinci ünvan yoxdur. Odur ki, özü də ustalarla əl-ələ verib uçurulan yerləri bərpa etmək istəyir.
“Sulutəpədə yaşayanlar Allahın ümidinə qalıb. Vəziyyət günü-gündən xarab olur. Niyə bizə zülm edirlər. Günahımız nədir. Axı burada hamı icazəylə ev tikib. Hamıya gün kimi aydındır ki, icazəsiz, hətta sahə müvəkkilinin haqqını vermədən daşı daş üstünə qoya bilmərik. Pulumuzu verib ev tikmişik. Ev tikib qurtarana qədər bələdiyyəyə, icraya 3 min manat pulum çıxıb. Pulu alanda yaxşı olurlar, evi sökəndə kimsə yaxın durmur”, – deyir Hikmət Hüseynov.
“Deyirlər ki, Rövnəq Abdullayevin əmridir”
Bir neçə ay əvvəl Ilham Əliyev Sulutəpəyə gəldi. Ona təzə salınmış asfalt yolu, məktəbi, bağçanı göstəriblər. Ölkə başçısı bir neçə sakinlə söhbətində deyib ki, burada tikilən evlərin heç biri sökülməyəcək. Ancaq budur, evlər nəinki sökülür, hətta sakinlərə divan da tuturlar.
Evlərinin sənəd adına yalnız bələdiyyə və icradan icazə kağızı olduğunu deyən Sulutəpə qəsəbəsinin sakinləri bildirirlər ki, dəfələrlə “kupça” almaq üçün aidiyyəti qurumlara müraciət etsələr də bir xeyri olmayıb: “Deyirlər ki, sizə verəcəyimiz sənədlə evlərinizi tikə bilərsiniz. Heç bir problem olmayacaq. Elə ki pulu aldılar, daha bizi saymırlar. Bununla ikinci dəfədir ki, Neft Şirkətinin qara maskalı adamları bizə hücum edir. Heç birində də dövlət səsimizə səs vermir. Çünki özlərinin qurduğu oyundu”.
Evi uçurulanlardan biri də Vüqar adlı Sulutəpə sakinidir. O iki qardaşı ilə əl-ələ verib özünə yuva qurmaq istəyirdi. Hücumdan 4-5 gün əvvəl tikintiyə başlamışdılar. Və budur, onlar da dağıntıya tuş gəliblər. Vüqarın ailəsi bələdiyyənin, icranın haqqını ödəyib, ancaq Neft Şirkətinin istədiyi 5 min manatı verməyib: “Biz kimə gəldi pul ödəsək, gərək bu evi tikməyək də. Bir qəsəbənin sahibi bir nəfər olar. Bir dənə ”JEK” qalıb ki, gəlib camaatdan pul istəməsin. Bələdiyyə, icra, Neft Şirkəti, bir sözlə, hamı pul istəyir”.
Neft Şirkəti təkcə ev yıxmaqla məşğul deyil, həm də evlərini yıxdığı adamlar səslərinin tonunu qaldıranda, onlara zor işlətməyi də unutmurlar.
Etiraz edənlərdən biri olan 52 yaşlı Tahirə Babayeva qoluzorluların qüvvətini görüb: “Evdə idim, iki nəfər gəlib qolumdan tutub dedi ki, buradan çıxmalıyam. Yalvarsam da xeyri olmadı. Laçında evimi qoyub bura gəlmişəm. Bir dəfə erməni məni evimdən çıxartdı, bu dəfə hökumət. Deyirlər ki, Rövnəq Abdullayevin əmridir. Bütün Sulutəpə boşaldılmalıdır”.
Kredit götürən və evi iki dəfə sökülən
Əsmət Abbasova müəllimədir. Ev tikmək üçün bankdan 5 min manat kredit götürüb. Tikdiyi evin iki otağını uçurublar, özünü isə döyüblər. O, götürdüyü kreditin birinci ayını hələlik ödəyib. Indi pulu yoxdur ki, evini təmir etdirsin.
4-cü mədən ünvanında ən hündürdə yaşayan Zahir Yusifovun heç bəxti gətirməyib. O, bəlkə də ev tikməyə başlayanda düşünüb ki, kimsənin yadına düşməz. Ancaq Neft Şirkəti əraziyə hər dəfə hücum edəndə ən böyük zərbəni elə o alıb. Bununla onun ikinci dəfədir ki, evi sökülüb. Ona 10 min manatdan çox ziyan dəyib. Evi tikmək üçün 4 min manat borc alıbmış. Evində işləyən iki ustanı da döyüblər: “Heç nə demədilər, gəlib bizi döyüb, evimizi söküb çıxıb getdilər”.
Sulutəpə sakinləri haqsızlıqla üzləşdikləri üçün Rövnəq Abdullayevi məhkəməyə verəcəklər: “Bu qədər haqsızlıq olmaz. Biz icazəylə ev tikirik, gəlib sökürlər. Bizi çıxardırlarsa, çıxartsınlar, ancaq kompensasiya versinlər”.
***
Sulutəpə sakinləri ilə söhbət edərkən mobil telefonumuza zəng gəldi. Dəstəyin o başında “Meriya Ictimai Palatanın 8 aprel mitinqinə müsbət cavab verib. Qarşıdurma olmaması, fəalların təzyiqə məruz qalmaması üçün Ictimai Palata 20-ci sahə adlanan yerdə aksiya keçirəcək” xəbərini verdi. Sevinc hissinə qapıldığımızı görən sakinlər “nə olub” deyə sual etdilər. Xəbəri onlara çatdıranda “Hamımız mitinqə gedəcəyik. Biz də haqqı tapdananlar sırasındayıq”, – dedilər: “Hamı bir nəfər kimi mitinqə qatılaq. Bunlar onsuz da evlərimizi sökəcəklər…”.
Ramin DEKO