Politoloqlar Suriya diktatorunun gələcək aqibəti barədə danışdı
Suriyada vəziyyət gərginləşdikcə Bəşər Əsədin aqibətinin ağır olacağını deyənlərin sayı da artıb. Artıq onun ailə üzvləri də bu fikirdədir. Əsədin əmisi, bir qədər əvvəl isə anası onun qısa müddətdən sonra hakimiyyətdən gedəcəyini deyib. Istanbulda “Suriya xalqının dostları”nın toplantısında qəbul edilən qərarlardan sonra da artıq beynəlxalq ictimaiyyətin Bəşər Əsədə güzəştə getməyəcəyini demək olar. Xatırladaq ki, son toplantıda “Suriya Xalqının Dostları” qrupu Suriya Milli Şurasını bütün suriyalıların legitim təmsilçilərindən biri kimi tanıyır. Həmçinin “xalqın özünü müdafiəetmə haqqı” toplantının yekun bəyannaməsinə salınıb.
Lakin bütün bunlarla yanaşı Əsədin Iranın və Rusiyanın dəstəyi ilə hələ bir müddət hakimiyyətdə qala biləcəyini ehtimal edənlər də var. Belə olan halda, Əsəd hakimiyyətini hansı müddətə qədər qoruya bilər?
Politoloq Zərdüşt Əlizadə “Suriyanın dostları” qrupunun ölkədə vətəndaş müharibəsi üçün zəmin yaratdıqlarını deyir. Çünki üsyançılar hakimiyyətə yiyələnib, daha çox ölkənin gəlirlərinə sahib olmaq istəyir. Eyni zamanda avtoritar, lakin dünyəvi Suriyanı islami ölkəyə çevirməyə çalışırlar. Qərbin üsyançıları dəstəkləməsinin əsas məqsədi isə Iranı müttəfiqsiz qoymaqdır.
Ekspertin sözlərinə görə, artıq Əsəd islahatlara razılıq verib. Baxmayaraq ki, onun qarşısına heç bir dövlət başçısının qəbul edə bilməyəcəyi tələblər qoyulub: “Bəşər Əsəd diktatordur. Ancaq bəzi islahatlara razılıq versə də, müxalifət geri çəkilməyə razılaşmır. Əsədə təzyiq edirlər, o da dirənib. Düzdü, vəziyyət qeyri-sabitdir, şərti olaraq Əl-Qaidə adlanan qüvvələr vaxtaşırı terror aktları törədir. Qərb Bəşər Əsədə qarşı informasiya müharibəsi aparır”.
Ekspertin fikrincə, hazırda Əsəd ölkə üzərində nəzarəti bərpa etsə də, onun uzun müddət hakimiyyətdə qalacağı mümkün deyil. Çünki dünya bir ölkəyə qarşı birləşəndə, o liderin devrilmək ehtimalı güclənir.
Konfliktoloq Elxan Mehdiyev isə beynəlxalq aləmin Bəşər Əsədi dinc yolla hakimiyyətdən getməyə məcbur etmək istədiyini bildirdi. Istanbul görüşünun əsas niyyəti də məhz bu idi. Çünki hazırda Əsədin təhlükəsizlik qüvvələri, ordusu kifayət qədər güclüdür və üsyançılarla savaşda qalib gəlmək istəyir.
Ekspertin sözlərinə görə, xarici müdaxilə olmadan Əsədi hakimiyyətdən uzaqlaşdırmaq mümkün görünmür. Bu baxımdan proses bir neçə ay uzana bilər. Lakin nə Əsədin, nə də müxalifətin atəşkəsə əməl edəcəyi inandırıcıdır. Yenidən atəşkəsin pozulmasının məsuliyyətini isə Əsədin üzərinə qoyacaqlar. Bu səbəbdən də o, hakimiyyətdən zorakı yolla uzaqlaşdırılacaq.
Avro-Atlantik Şuranın sədri Sülhəddin Əkbər isə beynəlxalq birliyin Əsədin haqqında siyasi qərar verdiyini deyir. Istanbul toplantısında Suriya Milli Şurasının xalqın legitim təmsilçisi kimi tanınması Əsədin siyasi sonu deməkdir. Artıq qalır məsələnin faktiki tərəfi.
Ekspertin sözlərinə görə, əgər Əsəd Annan planına əməl etməsə, məsələnin BMT TŞ-yə çıxarılması gözlənilir. Əgər bu dəfə Rusiya və Çin əngəl yaratsa, aprelin sonunda Fransada keçirilən “Suriya Xalqının Dostları”nın ikinci toplantısında beynəlxalq birlik Əsəd rejiminin hakimiyyətdən getməsi haqqında qərarlarını verəcək.
Fizzə