«Gilan» «Qaya» ilə əvəzlənib

Kəmaləddin Heydərova məxsus holdinqdə nə baş verir?

“Gilan Holdinq”in inşa etdiyi binalar başqa bir şirkətin tikililəri kimi təqdim edilməyə başlayıb. Bu sırada  Dövlət Statistika Komitəsi ilə üzbəüzdə yerləşən “Gilan Holding”ə məxsus üç, “Lider” telekanalı ilə Torpaq və Xəritəçəkmə Komitəsinin arasındakı bir və Tbilisi prospektində “Çıraq-Plaza” ilə üzbəüzdəki binanı göstərmək olar.
Bu yaxınlara qədər sözügedən binaları inşa edən şirkət kimi “Gilan Holdinq” göstərilirdi. Həmçinin satış və kreditlə bağlı elanlarda da “Gilan”ın adı keçirdi. Lakin indi “Gilan Holdinq” “Qaya” şirkəti ilə əvəzlənib. “Qaya” şirkətinin kimə məxsus olduğunu öyrənə bilmədik. Lakin araşdırmalarımız nəticəsində belə bir məlumat əldə etdik ki, həmin binalar “Gilan”dan alınıb.
Xatırladaq ki, bir müddət əvvəl “Gilan Holdinq”in fövqəladə hallar naziri Kəmaləddin Heydərovdan alınması barədə məlumat vermişdik. Bildirmişdik ki, “Gilan”dan sızan xəbərlərdə deyilir ki, holdinqdə təhvil-təslim işləri aparılır. Məlumatlara görə, “Gilan” Ilham Əliyevin kürəkəni Emin Ağalarova verilir.

İnformasiya şöbəsi