«Evimə kameranı hökumət orqanları yerləşdirib»

Xədicə Ismayıl şantaj olayı ilə bağlı şok faktlar açıqladı

«Hansı iqtisadi mövzunu araşdırıramsa, arxasından prezidentin ailəsi çıxır»

Dünən “Azadlıq” radiosunun əməkdaşı Xədicə Ismayıl vəkili Adil Ismayılov, hüquq müdafiəçiləri Leyla Yunus və Emin Hüseynovun iştirakı ilə mətbuat konfransı keçirərək məlum şantaj olayı ilə bağlı bir qrup jurnalistlə birlikdə alternativ yolla apardıqları araşdırmaya dair şok faktlar açıqladı. X.Ismayıl bildirdi ki, araşdırma nəticəsində ona qarşı şantajın məhz dövlət idarələrinin iştirakı ilə, xüsusi xidmət orqanları tərəfindən aparıldığı qənaətinə gəlib: “Şəxsi həyatıma müdaxilə ilə bağlı aparılan istintaqın gedişindən narazıyam. Martın 9-da Daxili Işlər Nazirliyi və Baş Prokurorluğa müraciət etmişəm, təəssüf ki, bir neçə gün ərzində heç bir cavab almamışam”.
X.Ismayılın dediyinə görə, araşdırma nəticəsində bəlli olub ki, qaldığı mənzilə videokamera ötən ilin iyul ayında quraşdırılıb və mənzilə çəkilən əlavə telefon xətti vasitəsilə mənzil “online” izlənilib. Mənzildə digər əlavə naqil xətlərin çəkildiyi də aşkarlanıb: “Martın 17-də axşam saatlarında mənzilə gələrkən divarda rəngi ilə fərqlənən malanın, bundan başqa, mətbəx, vanna otağı və yataq otağının tavanından keçən məftilin olduğu aşkarlanıb. Digər başqa detallar da aşkarladığımız üçün ertəsi gün daha yaxşı işıqlandırma avadanlıqları və kameralarla gəlməyə qərar verdik. Bu dəfə mənzilə girəndə evi bir gün öncə qoyub getdiyimiz kimi görmədik. Aydın idi ki, mənzildə kimsə olub və həmin adamlar mənzili tələsik tərk ediblər. Martın 18-də mətbəx və vanna otağında aparılan axtarışlar əlavə simlərin olduğunu aşkara çıxardı. Hər şey foto və video çəkilişlə qeydə alındı”.

“ATS-dən tapşırıblar ki, bu ünvana yeni xətt çəkin”

Martın 19-da mənzilində axtarış aparılması üçün prokurorluğa rəsmi müraciət etdiyini deyən X.Ismayıl mənzildəki naqillərin də prokurorluq əməkdaşlarına göstərildiyini və həmin məlumatların protokolda qeyd olunduğunu vurğuladı. Lakin müstəntiq aşkarlanan naqilləri şərh etməkdən imtina edib və bildirib ki, ekspert rəyi olmadan bu məsələyə münasibət bildirə bilməz. Məsələnin ən maraqlı tərəfi isə birinci mərtəbədəki telefon qutusuna qoşulan naqilin haraya və necə ötürülməsi ilə bağlı aparılan araşdırma zamanı üzə çıxıb. X.Ismayıl hadisə yerinə mütəxəssislərin dəvət edilməsi üçün yazılı vəsatət təqdim etsə də, buna məhəl qoyulmayıb: “Bunu görəndən sonra mən ATS-dən bir usta çağırılmasını təklif etdim və müstəntiq Nail Əliyev razılaşdı. Evə gələn usta telefon paylayıcı qutusunu və ona birləşən naqili ona göstərəndə bu naqili şəxsən özünün çəkdiyini və bunu rəhbərlikdən verilən tapşırıq əsasında etdiyini söylədi. Dediyinə görə, ötən il iyulun əvvəlində ona ATS-dən tapşırıblar ki, bu ünvana yeni xətt çəksin. Binanın qarşısında 50 yaşlarında adi görünüşlü adamla rastlaşıb və o, mənzilə qədər xətti çəkməsini, əlavə 10-15 metr kabel saxlanmasını tapşırıb. Ustanın telefon xəttinin nömrəsi, çəkiliş haqqı ilə bağlı suallarına ”sənlik deyil” cavabı verilib. Onu mənzilə buraxmayıblar, yalnız içəridən bir kətil veriblər ki, boyu çatmayan yerlərdə işləsin. Usta mənzilin içərisini belə görə bilmədiyini, amma gələn səslərdən içəridə gərgin iş getdiyini anladığını dedi”.

Jurnalistin evinə o xarici səfərdə olarkən giriblər

Jurnalistin bildirdiyinə görə, usta telefon xəttini iyulun əvvəlində çəkib, nömrə sonralar xətdən çıxarılıb: “Mən Litvada olanda evə giriblər və iyulun 2-də xətti çəkiblər. Iyunun 27-də də mənim ”Azərfon”la bağlı məlum araşdırmam dərc olunub. Maraqlıdır ki, müstəntiq real ustanın dedikləri əks olunan protokolu cıraraq yenisini yazdı. Adil Ismayılov müstəntiqdən ustanın dindirilməsini tələb etsə də, müstəntiq bunu etmədi. Tələblərə baxmayaraq, protokola usta ilə bağlı məlumatları yenidən əlavə etməkdən imtina etdi”.
Müstəqil araşdırma qrupu mənzilə əlavə telefon xətti çəkən ATS əməkdaşı ilə də danışıb və həmin şəxs bu işi rəhbərlik tərəfindən verilən tapşırıq əsasında həyata keçirdiyini bildirib. X.Ismayılın dediyinə görə, üzə çıxardıqları faktlar, həmçinin ATS əməkdaşının açıqlamaları onların israrlarına baxmayaraq, protokola salınmayıb.
Jurnalistin vəkili Adil Ismayılov rəsmi qurumları fəaliyyətsizlikdə ittiham edib. O bildirib ki, istintaq bugünə kimi heç nə etməyib. Vəkilin fikrincə, istintaq kiminsə göstərişini gözləyir.

Istintaqda MTN izi?

X.Ismayıl onu da dedi ki, istintaqa cəlb olunan ekspertlərin MTN-lə bağlılığının olmasına ilk gündən qarşı çıxıb: “Amma əldə etdiyim məlumata görə, müstəntiq Nail Əliyev MTN istintaq idarəsinin rəisinin kürəkənidir və onun istintaqda atdığı addımlar şübhə doğurur”.
Jurnalist bir daha xatırladıb ki, ona qarşı şantajın və təzyiqlərin kökündə hökumətin rəhbər şəxslərinin korrupsiya əməllərini ifşa edən yazılar dayanır: “Həyatımın izlənilməsi ilə bağlı sanskiya ”Azərfon” şirkəti ilə bağlı araşdırmadan sonra verilib. Bu ailənin üzvlərinə məxsus şirkətlərlə bağlı məlumatlar açılarsa, Bayraq Meydanının tikintisində də prezident ailəsinin iştirakı olduğu üzə çıxacaq. Mən xüsusi olaraq prezident ailəsini izləmirəm. Sadəcə olaraq bizneslə bağlı, iqtisadiyyatla bağlı hansı araşdırmanı aparıramsa, arxasından prezidentin ailəsi çıxır”.

“Xədicənin qarşısında baş əyirəm”

Hüquq müdafiəçisi Leyla Yunus X.Ismayılın qələbə çaldığını və onun cəsarəti qarşısında baş əydiyini dedi: “Mən Xədicə Ismayılın qarşısında baş əyirəm. O, çox kişidən cəsarətli çıxdı. Istəyirdilər ki, onu bu yolla qorxutsunlar, amma alınmadı. Biz hamımız bir yerdə olsaq, onlar da bu çirkin əməllərindən əl çəkərlər”.
X.Ismayıl bu olayla bağlı “Yeni Azərbaycan”, “Səs”, “Iki Sahil” qəzetlərində “qara piar” xarakterli yazıların davam etdiyini bildirdi. Bu barədə Mətbuat Şurasında müraciət etdiyini deyən jurnalist yaxın 10 gündə cavab almasa, həmin qəzetlərlə bağlı məhkəməyə müraciət edəcəyini vurğuladı: “Iki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Mətbuat Şurası Idarə Heyətinin üzvüdür. Bu, məncə Mətbuat Şurası üçün üz qarasıdır”.
Tədbirdə çıxış edən Mətbuat Şurası sədrinin müavini Müşfiq Ələsgərli isə təmsil etdiyi qurumun ilk gündən bu olayı pisləyən bəyanatlar verdiyini dedi. Onun sözlərinə görə, videoçarx nümayiş olunandan sonra Əflatun Amaşov prokurorluğa müraciət edib. M.Ələsgərli konkret X.Ismayılın göndərdiyi müraciətin də komissiyada müzakirə olunacağını bildirdi.

Mətbuat konfransında “söz davası”

Tədbirin bu yerində “Turan” informasiya agentliyinin sədri Mehman Əliyev M.Ələsgərlini konkret onun barəsində daha öncə  “şərəfsiz böhtanlar səsləndirməkdə” ittiham etdi. Mehman bəy onun KIV-də ünvanına dediyi sözləri xatırladıb, “indi elə danışırsız ki, guya müstəqil adamlarsız. Hələ utanmır, gəlib burda danışır” dedi.
M.Ələsgərli isə bu ittihama “əxlaqım yol vermir ki, sizin yaşınızı nəzərə almadan dediklərinizi özünüzə qaytarım” deyə cavablandırdı. Tədbir iştirakçılarının müdaxiləsi ilə insident böyümədi.
X.Ismayılova isə dedi ki, MŞ-nin işi bəyanat vermək deyil. Onun sözlərinə görə, qurum “Iki Sahil” qəzeti ilə bağlı qərar çıxarmalıdır: “10 gün gözləyəcəm, ya Mətbuat Şurası qərar verəcək ki, ”Iki sahil”, “Səs”, “Yeni Azərbaycan” qəzetlərinin adı reket siyahısına salınsın. Bu olmasa, məhkəmədən həmin jurnalistlərin həbsini tələb edəcəm”.
MŞ-in Idarə heyətində 15 nəfərin  təmsil olunduğunu deyən M.Ələsgərli isə vurğuladı ki, “Vüqar Rəhimzadənin ”Iki sahil”ə yazdığının Mətbuat Şurasına heç bir aidiyyəti yoxdur”.
M.Əliyev buna cavab olaraq israrla bildirdi ki, V.Rəhimzadə jurnalistlərin peşə əxlaq kodeksini imzalayıb və ona riayət etmək zorundadır.  

Gültəkin