Klinton Azərbaycan və Ermənistana çağırış etdi

“Biz insanların həlak olmasına təəssüf edir və yenə də Dağlıq Qarabağ münaqişəsinin tərəflərini danışıqlar atmosferinin daha da yaxşılaşdırmaq, lazımsız qurbanlardan qaçmaq və mövcud atəşkəs rejiminin daha da möhkəmləndirmək üçün addımlar atmağa, o cümlədən snayperləri qoşunların təmas xəttindən geri çəkməyə çağırırıq”.
APA-nın Erməni Milli Komitəsinin saytına istinadən yaydığı məlumata görə, ABŞ-ın dövlət katibi Hillari Klinton Kaliforniyadan olan konqresmen-deputat Hovard Bermanın yazılı sorğusunu belə cavablandırıb.
Hillari Klinton qeyd edib ki, ABŞ ATƏT-in Minsk Qrupunun həmsədri kimi yenə də münaqişə tərəflərinə problemi nizamlamaq və sülh sazişinə nail olmaq üçün yardım göstərmək siyasətinə sadiqdir.
O həmçinin bildirib ki, tərəflər proqnozlaşdırılmayan nəticələrdən qaçmaq üçün verdiyi bəyanatlarda diqqətli olmalıdır: “Bir daha bəyan edirik ki, bu münaqişənin hərbi həll yolu yoxdur və yalnız sülh nizamlanması regiona təhlükəsizlik, stabillik və barışıq gətirə bilər”.