Hakimiyyət Suriya və İranın yolunu gedir

“Çıxış yolu vətəndaşların ayağa qalxıb, hüquqlarını tələb etməsindədir”

Sərdar Cəlaloğlu: «Hakimiyyətin gücü onun özbaşınalığında, beynəlxalq rəyi nəzərə almamaqda deyil»

Azərbaycanın adı nüfuzlu KIV-də son zamanlar daha intensiv formada yer almaqdadır. Artıq Azərbaycanın insan haqları və demokratiyaya görə tənqid olunması bir ənənə halını almaqdadır. Bəs görəsən, bu tendensiyanın səbəbi nədir? Azərbaycan beynəlxalq aləmin gündəminə gəlməkdədir, yoxsa hakimiyyətin əndazəni aşması artıq öz nəticələrini verməkdədir. Bu və başqa sualları ADP sədri Sərdar Cəlaloğluya ünvanladıq.

– Azərbaycanın da beynəlxalq aləmin gündəminə gəlməsinin səbəbi Yaxın Şərq hadisələrinin təsiridir. Yaxın Şərq hadisələri dünyada yeni baxışların formalaşmasına səbəb olub. Uzun müddət sabitlik naminə demokratiya və insan haqlarının pozulmasını Yaxın Şərq açıq şəkildə ortaya qoydu. Bu cür sabitliklər gec-tez Suriyada, Liviyada, Misirdəki kimi qanlı hadisələrə səbəb olur. Belə hadisələr çox zaman coğrafi sərhədləri aşaraq digər ölkələrə də təsirini göstərir. Hazırda dünyada qloballaşma prosesi gedir. Dünyanın bir regionunda başlayan böhran dünya iqtisadiyyatına keçərək qlobal böhrana səbəb olur. Hazırda dünyada Azərbaycan kimi avtoritar rejimlərin formalaşmasının və ömrünü bundan sonra sürdürməsi üçün kəskin əks-reaksiya meydana çıxır. Bu gün Azərbaycanda siyasi proseslər əvvəlki illərdəki qədər fəal olmasa da, buna baxmayaraq, ölkəmiz dünyanın diqqət mərkəzindədir. Düşünürəm ki, səbəb bundan ibarətdir. Artıq dünyada Azərbaycan kimi avtoritar rejimlərə dözümsüzlük başlayıb. Biz də bunun nəticəsini görürük.

Hakimiyyətin tənqidlərə məhəl qoymaması ölkəni uçuruma sürükləyir

– Azərbaycan hakimiyyətinin beynəlxalq aləmdən gələn tənqidi fikirlərə qəribə yanaşma tərzi var. Hökumət “Şpigel”də tənqid olunursa, Almaniya, “Washington Post”da ifşa edilirsə, ABŞ hədəfə çevrilir. Həqiqətənmi bu mətbu orqanlarının tənqidlərinin arxasında onların məxsus olduğu dövlətlər dayanır?
– Xarici ölkələrdə dövlətlə qeyri-dövlət strukturları arasında kəskin fərq yoxdur. ABŞ-da Milli Demokratiya Institutu ilə prezidentin Konqressə göndərdiyi məktublar arasında yalnız möhürün fərqi var. Bu dövlətlərdə dövlətlə qeyri-hökumət təşkilatları arasında ciddi fərq qoyulmur. Ona görə Azərbaycanla bağlı yanaşmalar sərgilənərkən fərq etməz bunu dövlət deyir, yoxsa ictimai təşkilat. Əlbəttə, bu baxımdan “Washington Post”da yazılan fikirlərə ABŞ dövləti şərikdir. Çünki bu cür demokratik ölkələrdə dövlət özünü cəmiyyətdən ayırmır. Bunu bizim iqtidar anlamır. Birdə ki, qlobal dünyada qarşılıqlı təsirə hazır olmaq lazımdır. Sən kiminləsə əməkdaşlıq edirsənsə, onunla qarşılıqlı təsirə hazır olmalısan. Iqtidar bir tərəfdən qlobal əməkdaşlıqdan danışır, digər tərəfdən isə özünü tənqidlərə bağlayır.

– Başqa yandan, hakimiyyət ona qarşı olan təzyiqləri ya ermənipərəst mövqe ilə izah edir, ya da həmin dövləti düşmən elan edirlər. O zaman sual oluna bilər ki, bəs hakimiyyətin çox danışdığı uğurlu xarici siyasət kursu necə oldu?
–  Tənqid bir dərman kimidir. Xəstə adamı o sağaldırsa, sağlam adama heç bir təsir göstərmir. Əgər doğrudanda bu iqtidar ona ünvanlanan tənqidlərə layiq deyilsə, onların heç bir təsiri olmayacaq. Narahat olmağa dəyməz. Yox, tənqidə layiqdirsə, o zaman tənqidi tərəfləri düzəltmək lazımdır. Bu tənqidlərə məhəl qoymamaq ölkəni uçuruma sürükləyir. Iqtidarın uğurlu xarici siyasəti barədə deyilənlər daxili təbliğata hesablanıb. Azərbaycanın nə dərəcədə uğurlu xarici siyasət yürütdüyünü və inkişaf etdiyini beynəlxalq hesabatlar göstərir. Əgər Azərbaycan azad olmayan ölkələr sırasındadırsa, korrupsiyada birici, insan hüquq və azadlıqlarının qorunmasında altıncı yerdədirsə, beynəlxalq öhdəlikləri yerinə yetirmirsə, sərbəst toplaşmaq azadlığı təmin olunmursa, bu o deməkdir ki, hakimiyyətin siyasəti ilə bağlı gətirdiyi arqumentlərin heç bir əsası yoxdur. Azərbaycanı tənqid edən dövlətləri, xarici təşkilatları da ermənilərlə işbirliyində ittiham etmək absurddur. O zaman belə çıxır ki, bir milyon erməni bütün dünyaya ağalıq edir. O zaman sual oluna bilər ki, bizim iqtidar bu qədər güclüdürsə, nəyə görə bir milyon erməninin öhdəsindən gələ bilmir və nəticədə bütün dünya bir milyon erməninin təsiri altında Azərbaycana qarşı çıxış edir. Baxmayaraq ki, Azərbaycanın bu qədər təbii resursu və geosiyasi potensialı var. Buradan nəticə çıxır ki, hakimiyyət ölkənin resurslarından yalnız öz maraqlarını müdafiə etmək üçün yararlanır. Ermənilər isə öz məhdud imkanları ilə yalnız dövlət maraqlarını müdafiə etdiyinə görə onların dövlət maraqları bizimkilərdən qabaqda gedir.

Ölkə sovet təfəkkürü ilə idarə olunur

– Azərbaycanda hələ də siyasi məhbus problemi həll edilməyib. Baxmayaraq ki, “Eurovision” yarışması ərəfəsində belə bir fürsət ələ düşmüşdü. Gözləntilərə, beynəlxalq təpkilərə baxmayaraq hakimiyyət problemi çözmədi. Hakimiyyətin inadkarlığı nədən qaynaqlanır?
– Bu iqtidar yalnız bir fəlsəfəyə qulluq edir. Politologiyada hegemon dövlət deyilən bir anlayış var. Hegemon dövlət o dövlət sayılır ki, o, müəyyən resurslarına görə beynəlxalq hüquq normalarına cavab vermir. Azərbaycan iqtidarı baxmayaraq ki, belə resurslara sahib deyil, oxşar siyasət aparır. Bu, iqtidarın olduqca yanlış təfəkkürə sahib olması ilə bağlıdır. Bizim gördüyümüz nəticə sovet  təfəkkürü ilə ölkəni idarə etməklə bağlıdır. Əslində beynəlxalq təzyiq altında siyasi məhbus probleminin çözülməsi dövlətin gücsüzlüyü deyil. ABŞ beynəlxalq təzyiqin nəticəsində Quantanamo həbsxanasını bağladı və beynəlxalq aləmdən üzr istədi. Bu, ABŞ-ın gücsüzlüyünü göstərmir, əksinə güclülüyünü göstərir. O ölkələr güclüdürlər ki, beynəlxalq iradları qəbul etməyə siyasi iradələri çatır. Əksinə bunu etməyənlər öz gücsüzlüklərini müqavimət göstərməklə ört-basdır etməyə çalışırlar. Hər hansı hakimiyyətin gücü onun özbaşnalığında, beynəlxalq aləmin rəyini nəzərə almamaqla deyil, əksinə iradlara məhəl qoyması ilə ölçülür. Beynəlxalq təyziqlərə özlərini bağlamağın ən bariz nümunəsi Suriya və Irandır. Bu dövlətlər də vaxtilə dünyaya meydan oxuyurdular. Indisə onların aqibəti göz önündədir. Bu, hakimiyyətin idarəçilik fəlsəfəsinin yanlışlığını, xarakterini göstərir.

Bir hüquq təmin olunmursa, bütün hüquqlara təhlükə var

– Siyasi məhbuslar qarşısında belə bir şərt qoyuldu ki, onlar mütləq əfv ərizəsi yazmalıdırlar. Amma sonradan bəlli oldu ki, hətta əfv ərizəsi yazanlar arasında azadlığa buraxılmayanlar var. Amma bu şəxslərin prezidentə məktubları daha sonra mediada işıq üzü gördü…
– Həbsdə olanlardan istifadə etmək beynəlxalq hüquqa ziddir. Indiki halda müdafiəsiz şəxslərə ərizə yazdırmaq, daha sonra da onları mətbuata vermək yanlış siyasətdir. Iqtidarı bu davranışına görə hətta məhkəməyə də vermək olar.

– “Eurovision” yarışması ərəfəsində hakimiyyət Sulutəpədə insanların mülkiyyətini yenə dağıtmaqla məşğuldur. Bu cür siyasətin davamı nə vəd edir?
– Insan hüquqları sapa düzülmüş muncuqları xatırladır. Əgər ölkədə hər hansı bir hüquq pozulursa, başqa hüquqların reallaşacağına təminat yoxdur. Hüquqların pozulması silsilə xarakterli oldu. Öncə siyasi müxalifətin fəaliyyəti məhdudlaşdırıldı, sonra inanclı insanların hüquqları pozuldu. Indisə mülkiyyət hüquqları total şəkildə pozulur. Mülkiyyət hüququnun pozulması Azərbaycan insan hüquq və azadlıqlarının pozulmasının növbəti bir həlqəsidir. Mülkiyyət hüququnun pozulması adi hal aldıqdan sonra hakimiyyət insanların yaşamaq hüququna qəsd edəcək. Bütün bunlardan çıxış yolu vətəndaşların ayağa qalxıb, hüquqlarını tələb etməsindədir. Əgər insanların dini inancları pozulursa, mətbuat azadlığı məhdudlaşdırılırsa, siyasi fəaliyyətə imkan vermirlər hamı bir nəfər kimi etiraz etməlidir. Yalnız belə biz hüquqların pozulmasının adi hal almasının qarşısını ala bilərik.

– Quba hadisələri Azərbaycan gündəmini dəyişdi. Amma baş verən olayın səbəbləri araşdırılmır. Qubadan olan deputat Vahid Əhmədov keçmiş icra başçısı Rauf Həbibovun həbs olunmasını və onun evindən çıxan külli miqdarda pul ilə bağlı araşdırmanın aparılmasını istəyir. Amma bütün bunlara məhəl qoyulmur. Əksinə jurnalistlər və sadə vətəndaşlar həbs olunur.
– Azərbaycan klan münasibətləri ilə idarə olunduğuna görə icra başçıları kiminsə qohumudur. Heç kim öz qohumunu ayaqaltına verən deyil. Məgər bu şəxsi icra başçısı təyin edən adamlar bilmirdilər ki, o icra başçılığına layiq deyil?! Ona görə də burada günahı xalqın üzərinə yıxacaqlar. Bu üzdən demokratiyanın əsas tələblərindən biri budur ki, mübarizə davamlı və artan xətt üzrə getməlidir. Azərbaycan xalqının mübarizə enerjisi var. Amma bu mübarizəni davamlı aparmaq və tez yorulmamaq lazımdır. Azadlıq birdəfəlik aksiyalarla həll edilə bilməz. Insanlar hər gün, hər saat öz hüquqlarını müdafiə etməsə, o heç vaxt azad, xoşbəxt ola bilməz.

Hakimiyyət quruluşca yaxın olduğu Suriyanı tənqid edə bilməz

– Azərbaycan hakimiyyəti bu günlərdə Türkiyədə Suriyanın dostları toplantısına qatılıb. Bütün dünyanın Suriyada səfirliklərini çıxartmasına baxmayaraq, Azərbaycan bunu etmir. Eyni zamanda hakimiyyət Əsəd rejiminə qarşı konkret mövqenin də ifadə olunmasına tələsmir. Sizcə, proseslərə bu cür yanaşma nədən xəbər verir?
– Diplomatik münasibətlərin pozulması düşünürəm ki, birbaşa Azərbaycan dövlətinə addım atılacağı təqdirdə baş verməlidir. Xarici dövlətlər səfirliklərinə konkret təhlükə olduğuna görə onların fəaliyyətini dayandırdılar. Avropa Birliyi ölkələri də bu məsələdə həmrəylik nümayiş etdirdilər. Ümumiyyətlə, Avropa dövlətləri və ABŞ vətəndaşlarının təhlükəsizlik məsələlərinə ciddi fikir verir. Bəzən elə olur ki, ABŞ, hətta vətəndaşlarına hansı ölkəyə getməyin məsləhət olmadığını belə, açıqlayır. Bu, vətəndaşların təhlükəsizliyinə qayğı ilə bağlıdır. Azərbaycanın isə səfirliyini hələ Suriyada bağlanmaması birinci diplomatik nümayəndəliyə hər hansı təzyiqin olmaması ilə bağlıdırsa, digər tərəfdən bu hökumətimizin öz vətəndaşlarının təhlükəsizliyinə etinasız yanaşmanı göstərir. Halbuki bu ölkədəki vəziyyət nəzərə alınaraq səfirliyin işi maksimum məhdudlaşdırılmalı idi. Azərbaycan hakimiyyətinin Suriyada baş verənlərə konkret münasibət bildirməməsinə gəlincə, bu, iqtidarın mahiyyəti ilə bağlıdır. Çünki Suriyanı ittiham edən dövlətlər bir qayda olaraq Suriya ilə həmsərhəd olan ölkələrdir. Digər tərəfdən, bu dövlətlərdə demokratik rejim hökm sürür. ABŞ başda olmaqla Türkiyə və başqa ölkələr demokratiyanın qorunmasını öz üzərlərinə götürüblər. Ona görə dünyanın hansı ölkəsində insan haqları pozulursa, bu dövlətlər ora müdaxilə edirlər. Azərbaycan nəinki dünyada heç öz regionunda demokratiyanın bərqərar olunmasını üzərinə götürməyib. Azərbaycan öz ərazisində belə demokratiyanı bərqərar etmədiyi halda necə Suriyada bu dəyərin pozulmasını tənqid edə bilər.

Israil ilə əməkdaşlıq baha başa gələ bilər

– Azərbaycan son zamanlar Israil ilə münasibətləri dəyərləndirməkdədir. Bu, heç şübhəsiz, Azərbaycanın yerləşdiyi regiondakı Iran və Türkiyənin narahatlığına səbəb olur. Xüsusilə strateji müttəfiqimizin Israil ilə münasibətlərinin gərgin olduğu bir məqamda. Sizcə, Azərbaycanın Israilə yaxınlaşması dövlət maraqlarına nə dərəcədə uyğundur?
– Azərbaycanın apardığı qlobal siyasətlə geosiyasi münasibətlərin bəzən ziddiyyətləri meydana gəlir. Israil ilə münasibətlər qurularkən həssas siyasət aparılmalıdır. Biz qloballaşmadan qaça bilmirik. Amma eyni zamanda geosiyasi situasiya ölkəmizə təsirini göstərməkdədir. Israil ilə münasibətlərin bu dərəcədə dərinləşdirilməsinin zərurətini tam görmürəm. Sanki elə təəssürat yaranır ki, Azərbaycan Iran və Türkiyənin acığına bu addımları atır. Bu isə Azərbaycanın mənsub olduğu mədəniyyət tərəfindən təklənməsinə, strateji müttəfiqimiz olan Türkiyə tərəfindən təpkiyə səbəb ola bilər. Əgər Israil ilə əməkdaşlıq zəruridirsə, bunun ölçüsünü düzgün müəyyənləşdirmək lazımdır ki, bu əməkdaşlıq bizə baha başa gəlməsin.

Xəyal