Azərbaycan və Ermənistan

Hansısa beynəlxalq toplantıda iştirak etmək üçün Bakıya gələn erməni deputatların ittihamedici açıqlamaları xəbər lentlərini bəzəyir. Bəli, onlar Azərbaycan paytaxtının göbəyində bizim nazirlərin, deputatların üstünə çımxırır, meydan oxuyur, onlara ağır tənqidlər ünvanlayırlar. Cavablarını alırlar, ya almırlar, bu, artıq başqa söhbətdir.
Bəs mən bunu niyə xatırladıram? Bir neçə həftə bundan əvvəl bizdən də bir dəstə saxta, təyinatlı deputat Ermənistana getmişdi. Orada ermənilərin üzünə işğalçı olmalarını-filan demişdilər, burada isə onlardan “qəhrəman” düzəltməyə başlamışdılar. Ssenari təkrar olunur, sadəcə, rollar dəyişib. Yəqin, erməni deputatlar da ölkələrinə qayıdandan sonra onlardan eynən bizdəki kimi “qəhrəman” obrazı qayıracaqlar.
Bu nə deməkdir? Bu o deməkdir ki, Azərbaycan və Ermənistan bir medalın iki üzüdür. Hər iki ölkəni geriçi təfəkkürlü, mafioz qruplar idarə edir, hər iki ölkədə Qarabağ saxta hakimiyyətləri xalqın gözündə legitimləşdirmək üçün yaxşı alver vasitəsidir. Qarabağ məsələsi hər iki ölkədəki rejimlərə öz zibillərini onun arxasında gizlətmək, onu öz xalqlarının başı üzərindən “müharibə dəyənəyi” kimi asmaq və toplumu daim savaş xofu, qan qorxusu içərisində saxlamaq, beləliklə, daha çox özünə tabe etdirmək üçün lazımdır.  
Hər iki ölkənin xalqları oğru rejimlərin girovudur. Hər iki ölkədə xalqı əsarətdə saxlayır və onun çağdaş, yenilikçi təfəkkürünün önünü kəsməyə çalışırlar. Hər iki ölkənin hakimiyyəti demokratiyaya bütün varlığı ilə nifrət edir. Milli iradənin, azadlıqların qarşısına keçir və öz xalqlarının modernləşməsindən, mədəniləşməsindən, çağdaşlaşmasından, ilan vuran ala çatıdan qorxan kimi qorxurlar.
Çünki bilirlər ki, sadaladıqlarım Qarabağ üzərindən alverçi siyasətə son qoyacaq. Bu isə həm də onların öz sonu deməkdir.
Bəli, Qarabağ probleminin tək həll yoludur demokratiya. Yalnız çağdaş dünyanın bir parçasına çevrilməklə, Avropa dəyərlərinə qovuşmaqla Ermənistanda XXI əsrdə başqalarının torpağına göz dikməyin nə qədər ayıb və utancverici bir şey olduğunu dərk edəcəklər. Alınlarına “işğalçı” kimi rəzil bir damğa yapışdırılmasının onların hər zaman mədəni dünya xalqları sırasına qoşulmasını əngəlləyəcəyini anlayacaqlar.
Eyni zamanda, Azərbaycanda yalnız insan hüquq və azadlıqlarının önünün açılması, hüquq və ədalətin bərqərar olması ilə Qarabağ ermənilərinin bizə etibarını və güvənini bərpa etmək mümkün olacaq. Indi isə onları Azərbaycanın tərkibində təhlükəsiz, rahat yaşamağa inandırmaq mümkün olmayacaq. Biz onlara ən yüksək muxtariyyət təklif etsək belə!
Çünki ortada ən azı, Naxçıvan Muxtar Respublikası nümunəsi var. Orada azərbaycanlıların öz başına nə oyunlar gətirildiyi məlum ikən siz erməniyə “gəlin, Qarabağa da ən yüksək muxtar respublika statusu verək, siz də razılaşın” deyə bilərsinizmi? Onların sabah Naxçıvandakı bir Vasif Talıbovun da Qarabağda peyda olmayacağına zəmanətləri varmı?
Artıq keçmişə dayanaraq, həm də keçmişin tör-töküntüsü olan rejimlərin zülmü ilə barışaraq bir yerə varılmayacağını hər iki ölkədə dərk etməyin zamanı gəlib. Bəli, çətindir, ortada minlərlə insanın axan nahaq qanı var, amma bu, yeni qanların axmasına əsas yaradırmı? Artıq fərqli dünyada yaşadığımızı anlamağın zamanı gəlməmişdirmi?
Dünyanın ən gözəl, önəmli coğrafiyalarından olan Qafqazların da barış, hüzur, mehribanlıq və sevgi içərisində yaşamaq haqqı olduğunu unutmayaq. Buna isə yalnız Azərbaycanı və Ermənistanı demokratiyaya qovuşdurmaqla nail olmaq mümkündür.
Yalnız demokratiya işğalçı bir ölkəyə onu bu əməlindən utandıracaq, vaz keçirəcək bir mədəniyyətin gəlişini təmin edə bilər. Və yalnız demokratiya işğala uğramış bir ölkəni keçmişə söykənərək deyil, gələcəyə baxaraq yaşamağa, savaşdakı ağrılarını, yaralarını sarıyaraq, yeni və sülh, əmin-amanlıq içində bir həyata yelkən açmağa həvəsləndirəcək, ruhlandıracaqdır.
Demokratiya, demokratiyanın özüylə gətirəcəyi modern, mədəni, çağdaş, uyğar düşüncə tərzi Azərbaycan və Ermənistan üçün onsuz da qaçılmaz olan, gec və ya tez mütləq bərqərar ediləcək birgəyaşayışın tək təminatıdır.
Bu həqiqəti ən tez anlayan qalib gələcək.
Hələliksə, ortada heç bir qalib yoxdur – işğalçı da, işğala məruz qalan da məğlubdur, hələlik.