Şükufə Ağamirzəyeva: «Aprel və may aylarında repertuar çox sıx tərtib olunub, boş bir gün belə yoxdur»
“Müsavat Partiyası Opera və Balet Teatrına şifahi olaraq müraciət edib. Onların şifahi müraciətinə analoji şəkildə cavab verilib ki, Opera və Balet Teatrı tamaşa və konsertlərin keçirilməsi üçün nəzərdə tutulub.
Hər hansı ictimai-siyasi tədbirin keçirilməsi üçün xüsusi göstəriş olmalıdır”. Bunu APA-ya açıqlamasında Opera və Balet Teatrının mətbuat xidmətinin rəhbəri Şükufə Ağamirzəyeva deyib. O bildirib ki, Opera və Balet Teatrına Müsavat Partiyası adından rəsmi məktub daxil olmasa da, Bakı Şəhər Icra Hakimiyyətinin Müsavat Partiyasına ünvanladığı cavab məktubunun sürəti teatra təqdim edilib:”Onların şifahi müraciətində də qurultayın vaxtı haqda məlumat verilməyib. Ancaq onu qeyd edim ki, aprel və may aylarında repertuar çox sıx tərtib olunub. Boş bir gün belə yoxdur. Bəzi tamaşa və konsertlərin ifaçıları xaricdən gələcək və bu baxımdan da bu tamaşaların təxirə salınması mümkün deyil. Əgər onlarla müqaviləni pozsaq, cərimə ödəmək məcburiyyətində qalarıq”.