Siqaret mafiyası bahalaşmadan 9 milyon qazanacaq

Azərbaycanda 3 milyon siqaret çəkən var

Ölkədə tütün məmulatlarının qiyməti artıb. Növündən asılı olmayaraq bütün siqaretlərin dəyərinin üzərinə 10 qəpik gəlib. Artıq mağazalardakı qiymətlərdən bu bahalaşmanı görmək olar.
Statistik məlumatlar Azərbaycan əhalisinin siqaret çəkməkdə öncül olduğunu göstərir. Araşdırmalara görə, ölkə əhalisinin hər 3 nəfərindən 1-i siqaret çəkən sayılır. Başqa sözlə, Azərbaycanda 3 milyona yaxın siqaret çəkən olduğu təxmin edilir ki, bu da dünyada ən yüksək göstəricilərdəndir. Azərbaycan siqaret çəkən ölkələr arasında 85-ci, adambaşına düşən siqaretlərin sayına görə dünya ölkələri arasında 22-ci yeri tutur.
Son qiymət artımını nəzərə alsaq, hər gün üçün siqaret mafiyasının təkcə qiymət artımından 300 min manat qazandığını görərik. Bu isə ayda təxminən 9 milyon manat deməkdir.
Ekspertlər baş verən bahalaşmanı bu mühitin inhisarda olması ilə əlaqələndirir. Bu sahədə inhisarçılığın yüksək olduğunu deyən ekspertlər vurğulayırlar ki, ölkədəki korrupsiya və rüşvətin geniş vüsət alması bütün sahələrdə olduğu kimi ölkəyə tütün idxalını da bahalı edir. Siqaretin qiymətinin artması üçün heç bir iqtisadi əsasın da olmadığı göz önündədir. Belə ki, nə aksiz vergiləri bahalaşdırılıb, nə də gömrükdə alınan qeyri-rəsmi ödəmələr artırılıb. Bu isə onu deməyə əsas verir ki, siqaretin qiymətinin qaldırılması yalnız bu sahəni inhisarda saxlayan şəxslərin iradəsi ilə bağlıdır. Artımın yükü isə əlbəttə, sahibkarlar və istehlakçıların üzərinə düşür.

Hikmət