Rövnəq Abdullayev əhalini üsyana qaldırdı

Evləri sökülənlərlə ARDNŞ işçiləri arasında qarşıdurma oldu; xeyli xəsarət alan var

Yuxarı Sulutəpə ərazisində Neft Şirkətinin torpaqları deyilən sahədə ötən gün evlərin sökülməsinə başlanılıb. Təxminən 300 nəfər Neft Şirkətinə məxsus mühafizə xidməti və hərbi geyimlilər adı çəkilən ərazidə altı evi uçurublar.

“Sənədimiz var, ancaq sökürlər”

Neft Şirkətinin qolu zorlularının bəzilərinin əllərində dəyənək olub və traktorun arxasınca hərəkət edirdilər. Bir tərəfdə polisin müşayiəti ilə Dövlət Neft Şirkətinin əli dəyənəkli təhlükəsizlik xidmətinin əməkdaşları, digər tərəfdə əlində daş, taxta parçası evlərini qorumağa çalışan sakinlər. Əli dəyənəklilər, ağır texnika ilə səhər saatlarından sakinlərin başlarının üstünü alıb. Evlərdə yaşayış ola-ola söküntüyə başladılar.

Bu isə sakinlərlə Neft Şirkətinin işçiləri arasında qarşıdurmaya səbəb oldu. Qarşıdurma nəticəsində ARDNŞ-nin bir neçə işçisi, sakinlərdən isə təxminən 10-a yaxını xəsarət aldı. Həmçinin ARDNŞ-ə məxsus avtobusların şüşələri sındırıldı. Bununla belə ARDNŞ-nin mühafizə xidməti 10 evi  sökə bildi.

Beş ildən artıqdır ki, burada yaşayan Qalib Vəsibov deyir ki, icra, bələdiyyə, Neft şirkəti – hamısına birgə 2000 dollar pul verib: “Beş ay öncə hamını yola salmışam, ancaq gəlib söküblər”.
Başqa bir sakin Müsabi Namazov isə lap çaş-baş qalıb: “Tikmək üçün pul alırlar, tikirsən sonra gəlib uçururlar, tikməyə icazə verirsənsə daha gəlib niyə uçurursan… Bir neçə evi sökə-sökə gəlib bura da çıxdılar. Sakinlər tökülüb gəldilər, nə qədər çalışdılar, güc göstərdilər köməyi olmadı. Vurub uçurdular, getdilər”.

Rəhilə Nurəliyeva özlərinə şərait qura bilmədiyini deyir: “Şəraitimizi qura bilmirik, hara gedək, harada məskən salaq, yerli adamlarıq. 5 ildir burada yaşayıram. Tikməyinə pul ver, icraya, bələdiyyəyə, sahə müvəkkilinə – hamısına pul vermişik, ancaq yenə sökürlər”.

Sakinlər haqlı olaraq sual edirlər ki, əgər yaşayış massivi deyilsə nəyə görə bu ərazidə məktəb, bağça tikilir? Onlar burada yaşadıqları gündən torpaq vergisindən tutmuş bütün kommunal xərclərədək bütün ödəmələri etdiklərini deyirlər. Bundan başqa əllərində evlərin tikilməsinə dair bələdiyyədən icazə sənədi də var.

“Ev tikməyə qoymurlarsa, bu boyda məktəbi niyə burada tikiblər? Bağça da var burada. Ətrafda neftə aid heç nə yoxdur. Kompensasiya da ödəmirlər. Amma biz buranın vergisini də ödəyirik, torpaq vergisini veririk, işıq, qaz, su pulu da veririk”, – deyə sakinlər bildirirlər.

Evlərinin sökülməsinə etiraz edən sakinlər bir neçə dəqiqə ərzində yaxınlıqdan keçən avtomobil yolunu da bağlamağa da nail oldular. Ancaq polis tez bir vaxtda bunun qarşısını alıb.
Mühafizə xidmətinin əməkdaşları ilə qarşıdurmada xəsarət alanlar da olub.

“Bu iş hələ davam edəcək”

Dövlət Neft Şirkətinin sözçüsü Nizaməddin Quliyev ərazidə aparılan söküntü işləri ilə bağlı “Azadlıq” radiosuna açıqlamasında deyib ki, həmin ərazilər neftli ərazilərdir və həmin torpaqlar da “Binəqədi Oil”a məxsusdur: “Həmin ərazilər qanunsuz zəbt olunduğundan ”Binəqədi Oil” Azərbaycan dövləti qarşısında götürdüyü öhdəlikləri yerinə yetirə bilmir. Bu səbəbdən də həmin ərazidə evlər sökülür. Bu iş hələ davam edəcək”.

Lakin bir müddət əvvəl isə mətbuata açıqlamasında Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev də deyib ki, sökülən evlər yalnız son 1-1,5 il ərzində tikilən evlərdir və söküntü ?Binəqədi Oil Operation Company? ilə hökumət arasında imzalanmış beynəlxalq müqavilə ilə bağlıdır. Başqa sözlə, müqaviləyə əsasən şirkət götürdüyü yatağı tam abadlaşdıraraq, neftin hasilatını iki dəfədən çox artırmalıdır.

Sulutəpənin bu ərazisində əsasən Qarabağ müharibəsi zamanında qaçqın düşmüş şəxslər yaşayır.
Mübahisəli ərazilərə Sulutəpə, Bayıl, Bibiheybət, Sabunçu, Ramanı, Balaxanı, NZS, Binəqədi, Qırməki, Çaxnaqlar, Masazır, Fatmayı, Şabandağ və digərlərində yerləşən neft-qaz yataqlarının daxil olduğu hissələr aid olduğunu rəsmilər deyirlər.

Ramin DEKO