İranın sabiq prezidenti ABŞ-ın gücünü etiraf etdi

Haşimi Rəfsəncani: “Bu gün Amerika dünyanın ən güclü və üstün qüdrətidir”

Iranın nüvə proqramı ətrafında yaranmış gərginliyin azaldılması və problemin dinc yolla həll olunması məqsədiylə bu ay Istanbulda reallaşdırılması nəzərdə Tehran – “5+1″ (BMT TŞ-nın üzvləri və Almaniya) danışıqları ərəfəsində qalmaqal yaranıb. Iran Inqilab Keşikçiləri Korpusunun (SEPAH) keçmiş komandanı, Möhsün Rzayi jurnalistlərə açıqlamasında nüvə danışıqlarının Türkiyədə yox, başqa bir ölkədə keçirilməsi təklifiylə çıxış edib.
“Türkiyəli dostların əldə etdiyimiz bir sıra razılaşmalara, verdikləri vədlərə sadiq qalmadığını nəzərə alaraq 5+1 qrupu ilə danışıqların başqa bir dost ölkədə keçirilməsi yaxşı olar. Türkiyəyə inanmaq olmaz. Elə buna görə də hesab edirəm ki, bu müzakirələrin Bağdad, Beyrut və ya Dəməşqdə keçirilməsi Istanbuldan daha münasibdir”, – deyə keçmiş SEPAH komandanı bildirib.
Möhsün Rzayinin sözlərinə görə, Iran elə davranmalıdır ki, “5+1″ qrupu bizim zəif mövqedən çıxış etdiyimizi düşünməsin. Buna görə də müzakirələrin keçiriləcəyi yer haqda fikirləşmək lazımdır. Qərb düşünməməlidir ki, Istanbul Tehran rejimi üçün yeganə və son seçimdir.
Bu arada Iranın yaxın müttəfiqi və bu ölkəyə qarşı sərt addımların önünü kəsən Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, BMT Təhlükəsizlik Şurası Tehrana yönəlik hərbi müdaxiləyə imkan verməyəcək: “Kimlərinsə ağlına belə bir iş görmək – Irana hücum etmək fikri gəlsə, onlar TŞ-yə müraciət etməyəcək. Çünki, TŞ onsuz da güc tətbiqinə dair heç bir qətnamə qəbul edən deyil”.
Iranın keçmiş prezidenti Haşimi Rəfsəncani isə daha maraqlı təkliflə çıxış edib. Eks-prezident Iranla ABŞ arasında birbaşa danışıqların tərəfdarı olduğunu bildirib.
Rəfsəncaninin sözlərinə görə, ABŞ dünyanın əsas fövqəldövlətidir və Iran digər fövqəldövlətlərlə münasibət saxladığı kimi ABŞ-la da əlaqələr qura bilər: “Islam heç vaxt əmr etməyib ki, əqidəmizlə müxalif olan tərəflərlə əlaqələrimizi kəsək və ya onlarla danışıq aparmayaq. Bu gün Amerika dünyanın ən güclü və üstün qüdrətidir. Əgər biz əqidə baxımından davransaydıq, onda Allahı və mənəviyyatı qəbul etməyən kafir ölkələrlə də əməkdaşlıq etməməli idik. Halbuki bu gün hamıdan çox həmin ölkələrə yaxınıq”.

Informasiya şöbəsi