Onda bizə xalq deyəcəklər…

“Orduda həlak olan əsgərlərin valideynləri dünən bir araya gələrək mətbuat konfransı keçirib. Övladlarının ölümü ilə bağlı Respublika Hərbi Prokurorluğunun qeyri-obyektiv istintaq aparması, məhkəmədə işə aidiyyəti üzrə baxılmaması, əsgərlərə şəhid statusu verilməməsindən şikayətlənən valideynlər bu qanunsuzluqlara qarşı birləşmək qərarı verib (müsavat.com).
Azərbaycanda nə qədər incidilən insan, o insanların incidildiyi nə qədər sahə var. Ordu, polis, təhsil, səhiyyə, sosial, nəqliyyat, mülki işlər, məhkəmə, ev alqı-satqısı və s. Əlbəttə, incitmələr o qədər artıb ki, artıq incidilənlər, aldadılanlar, təhqir olunanlar, alçaldılanlar birləşməyə başlayıblar. Təbii ki, Azərbaycan kimi kütləvi xof məkanında kiçik birləşmə belə, adamda böyük ümidlər doğurur. Yəni üç insan belə, öz tapdanmış haqqının, hüququnun müdafiəsinə qalxıb ədalət tələb edirsə, sevinməyə bilmirsən. Əslində heç inanmağın da gəlmir.
Sözün açığı, mən, məsələn, evləri buldozerlə başlarına uçurulanların, yeni tikintilərdə aldadılanların, hər bir sahədə mülkiyyət hüququ, iş hüququ pozulanların bir araya gəlib hansısa təşkilatın, nazirliyin, Prezident Aparatının qarşısında aksiya keçirməsini görəndə gözlərimə inana bilmirəm (Lütfən məni bədbin hesab eləməyin). Göz gördüyündən qorxar; inana bilmirəm ki, bu gördüklərim gerçəkdi, aksiyaya çıxanlar bizim vətəndaşlardı, ölkə Azərbaycandı, insan Azərbaycan insanıdı. Axı gözləri bu qədər qırılmış insanlar, onlarda yaradılmış xofu gerçəkdənmi yeniblər, gerçəkdənmi Əliyev rejiminin amansızlığından, iyrənc qisas və cəzalandırma metodlarından qorxmurlar? Bu ki inqilabdı!
Bu ki sözün həqiqi mənasında inqilabdı. Bu, acın qılınca çapmasıdı artıq. Bu, zəncirindən başqa itirməyə heç nəyi olmayan proletarın ayağa qalxmasıdı. Bu ki qulların üsyanıdı!
Demək, artıq şər aparatının illərdən bəri yaratdığı xofun tənəzzülə uğramasıdı. Demək, artıq adamların gözünü qan örtüb. Bəzən özfəaliyyət səviyyəsində, Ilham Əliyev rejiminin əməllərinə qarşı yönəldiyi halda onun portretlərini qaldırmaqla getmək səviyyəsində olsa da, yenə də inqilabdı. Artıq adamları qorxu yox, onların öz hüquqlarını müdafiə eləmək istəyi idarə edir.
Vətəndaşlar illərlə susublar. Əllərindən çox şeyləri alınıb. Seçki hüquqları, azad söz hüquqları, toplaşmaq hüquqları. Ancaq vətəndaşımız bunlara heç vaxt önəm verməyib. Bütün bəlalar da elə buradan törəyib. Vətəndaşa elə gəlib ki, azad söz, toplaşmaq, seçki kimi hüquqların ona qəti dəxli yoxdu; bunlar sırf siyasi məsələlərdi və yalnız iqtidarla müxalifətə aiddi. Vətəndaş elə beləcə də düşünüb: kimin bələdiyyə sədri, millət vəkili, prezident olmasının mənimçün nə isti soyuğu? Azad sözü neynirəm – qəzet buraxan deyiləm ki?.. Toplaşmağı neynirəm – mənim işim balalarımın başını saxlamaqdı. Ağlına gəlməyib ki, bir gün onun balalarının başını kəsərlər, sözünü deməyə qəzet lazım olar. Çörəyini kəsərlər, hardasa toplaşıb dərdini deyər, etiraz eləyər. Bu və bu kimi yüzlərlə təsiri dərhal hiss olunmayan hüququnu mənimsəyiblər, heç biri onun tükünü də tərpətməyib. Elə düşündükləri bu olub ki, harda gəldi Əliyevi tərifləyək, dəyib-toxunanımız olmasın, bir tikə çörəyimizi qazanaq. Bir növ rejimin başını aldatmağa çalışıblar bu sadəlövh məntiqlə. Bu “bicliyin” izləri hələ də özünü saxlayır – aksiyalara Əliyevlərin şəkilləri ilə çıxmaq. Hətta Quba üsyanında belə Əliyevlərin şəkillərinin qaldırıldığını gördük. Masallı ziyalılarının ölüm aclığı aksiyasında başlarının üstündən asdığı plakatda isə belə yazılmışdı: “Cənab prezident, masallıları Qəzənfər Ağayevin zülmündən xilas et”.
Bu prosesin bir mərhələsiydi ki, başa çatmasa da, artıq çoxdan başlayıb. Növbəti etapsa kiçik və ayrı-ayrı qruplarda birləşənlərin bir yumruq kimi bir araya gəlməsi olacaq. Onda bizə xalq deyəcəklər…