Mətbuatı boğan necə «Eurovision» sponsoru oldu?

Əvəz Zeynallı Avropa Yayım Birliyinə müraciət etdi

“Xural” qəzetinin həbsdə olan redaktoru Əvəz Zeynallı “Baltika-Bakı” MMC-nin “Eurovision-2012″ müsabiqəsinin rəsmi sponsoru olmasına etiraz edən müraciətini Avropa Yayım Birliynə ünvanlayıb.
Ə.Zeynalli ”Baltika-Bakı” MMC-ni söz və mətbuat azadlığını boğmaqda ittiham edir. Əsas kimi redaktoru olduğu qəzetin bu MMC tərəfindən 50 min manat cərimə edilməsini  göstərir. Bu şirkətin rəsmi Bakının əlində “alət”ə döndüyünü iddia edir. Belə bir şirkətin beynəlxalq yarışmanın rəsmi sponsoru olması qəbuledilməz sayılır. “Hesab edirəm ki, AYB söz azadlığına qənim kəsilən bir şirkətin “Eurovision” müsabiqəsinə sponsorluq erməsinə imkan verməyəcək”, – redaktor bildirib.
2011-ci ildə “Xural” qəzeti şirkət fəhlələrinin müraciətləri əsasında “Baltika-Bakı” MMC-də istehsal qaydalarının pozulmasına dair məqalə hazırlayıb. Bununla bağlı şirkət qəzeti məhkəməyə verərək 150 min manat təzminat tələb edib. 2011-ci il oktyabrın sonlarında redaktor Ə.Zeynallı həbs edilənə kimi məhkəmə qərar çıxara bilməyib. 2012-ci ilin yanvarında isə məhkəmə redaksiyaya və vəkilə xəbər vermədən artıq fəaliyyəti dayandırılmış qəzetin 50 min manat cərimə olunması haqda qərar çıxarıb.