Əmisi Əsədinm ömrünə az qaldığını dedi

Annan planının ilk addımı atıldı: BMT missiyası Suriyaya gedir

Suriyada gərginlik davam edir. Hökumət qüvvələri ilə üsyançılar arasında şiddətli döyüşlər paytaxt Dəməşqin müxtəlif yerlərində daha da güclənib. Dəməşqdəki təhlükəsizlik qüvvələrinə aid bir binanı ələ keçirməyə çalışan üsyançılar Bəşər Əsəd əsgərlərinin dirənişiylə üzləşib. Bu arada “BBC”yə müsahibə verən Bəşər Əsədin əmisi Rıfat Əsəd qardaşı oğlunun hakimiyyətdə uzun müddət qala bilməyəcəyini deyib.
Rıfat Əsəd “problemlər Suriyanın hər yerinə yayılıb. Şiddətin olmadığı yer yoxdur. Bu səbəbdən iqtidarda qalmasına ümid etmirəm” söyləyib. Rıfat Əsəd Bəşər Əsədin sürgündə yaşayan əmisidir. 1980-ci illərdə hökumət çevrilişində günahlandırılan Rıfat Əsəd Parisdə yaşayır. O, 2000-ci ildə Bəşər Əsəd hakimiyyətə gətiriləndə “Bu, komediyadır. Konstitusiyaya tərs bir tamaşa oynanılır” sözləri ilə yadda qalmışdı.
BMT və Ərəb Ölkələri Liqasının Suriya üzrə xüsusi təmsilçisi Kofi Annanın sözçüsü müşahidəçilərin yerləşdirilməsi planına hazırlıq üçün BMT heyətinin 48 saat ərzində Suriyaya gedəcəyini bildirib. Sözçü 5, ya da 6 nəfərdən ibarət qrupun müşahidəçilərin yerləşdirilməsi şərtlərinin müəyyənləşdirilməsi üçün Suriyaya gedəcəklərini deyib. Müşahidəçilərin nə vaxt Suriyaya yerləşdiriləcəyi sualını cavablandıran sözçü bildirib ki, müşahidəçilər yerləşdirilməsindən öncə Təhlükəsizlik Şurası qərarına və zorakılıqların dayandırılmasına ehtiyac var.
Əsəd rejiminin əsas dəstəkçilərindən olan Iran Istanbulda keçirilən “Suriyanın dostları” qrupunu sərt tənqid edərək toplantını “Suriyanın düşmənləri” adlandırıb. Iran parlamentinin sədri Əli Laricanı toplantının Israilə yeni imkanlar yaratmaq üçün keçirildiyi iddiasını irəli sürərək Qərbi digər ölkələrdəki diktatorluqlara səssiz qalmaqda günahlandırıb.
Parlamentin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyası sədr müavini Məhəmməd Kövsər də “Mehr” agentliyinə açıqlamasında Istanbul toplantısını “Suriyanın düşmənləri” adlandıraraq Türkiyəni imperialistlərin maşası olmaqda günahlandırıb. Suriyanın BMT-dəki daimi nümayəndəsi Bəşər Cəfəri də Istanbul toplantısına sərt münasibət bildirib. Diplomat deyib ki, Türkiyə qonşu ölkənin suverenliyini pozmaq məqsədiylə keçirilən toplantıya ev sahibliyi edir. Cəfərinin sözlərinə görə, bu, Ankaranın Suriya rejiminə müharibə elan etməsi anlamı daşıyır.

Informasiya şöbəsi