“Elə bilirsiniz, Azərbaycanda diktatura yoxdur?”
Avropa Birliyinin Avropa Qonşuluq Siyasəti və Genişlənmə məsələləri üzrə komissarı Stefan Füle Bakıya səfəri çərçivəsində vətəndaş cəmiyyətinin təmsilçilərilə də görüşüb. Bu barədə “Azadlıq” radiosuna məlumat verən Sülh Demokratiya Institutunun direktoru Leyla Yunusun sözlərinə görə, görüş zamanı avropalı komissar onlara açıq dialoq təklif edib.
“Söylədi ki, insan hüquqları onlar üçün prioritet məsələlərdir və bu sahədə islahatlar gözləyirlər” deyən Leyla Yunus əlavə etdi ki, onlar ölkədə insan haqlarıyla bağlı bağlı problemləri komissarın diqqətinə çatdırıblar: “Dedim ki, siz Belarusdakı diktaturaya görə o ölkəyə qarşı tədbirlər görürsünüz. Amma elə bilirsiniz ki, Azərbaycanda diktatura yoxdur? Bildirirsiniz ki, ”hökumət, prezident sizə burada islahatlar olacağını deyib”. Amma bu, sözdür, sözə inanmaq olmaz, reallığa baxmaq lazımdır. Misallar gətirdik…”
Leyla Yunus deyir ki, onlar işgəncə faktlarını sadalayıblar, mülki hüquqların pozulmasına dair misallar gətiriblər, jurnalistlərə qarşı təzyiq və şantaj üsullarından danışıblar, siyasi məhbus məsələsini də qaldırıblar.
Hüquq müdafiəçisinin sözlərinə görə, onlar Avropa Birliyindən Azərbaycanın vətəndaş cəmiyyətinə dəstək gözlədiklərini də Fülenin diqqətinə çatdırıblar.


