Kriminal Quba!

Quba başadan-başa kriminal bir rayon imiş – biz bilməmişik. Indi bilirik. Qubanın antimilli Məclisdəki denutatı Vahid Əhmədov bugünlərdə iz azdıran bir çıxışda bulunub: “Icra başçısı Quba hadisələrilə əlaqədar tam günahkardır… Rauf Həbibov tamamilə günahkardır və o, məsuliyyətə cəlb olunmalıdır”. Başqa cür desək, tutulmalıdır! Nəsibə xanımın bir rolda dediyi kimi: “Nöşün balam, Rauf Həbibov sizə hansı pisliyi eləyib?”. Mən bunu birinci olaraq V.Əhmədovdan soruşuram: Rauf Həbibovun sənə nə pisliyi keçib? ondan nə istəyirsən? Adam veş-vüşünü də götürüb çıxıb gedib sənin dağılmış Qubandan. Indi sən istəsən də onu Quba Icra hakimiyyətinə qaytara bilməzsən. Bəlkə, bundan qorxursan. Qorxma, o bir də Quba Icra hakimiyyətinə qayıdan deyil. Siz o yazığa elə dərs keçdiz, Quba sözünü eşidəndə başından tüstü çıxır. Indi prezident ona harda görəv versə, orda işləyəcək – Qubadan başqa!
“Prezident” dedim, yadıma düşdü. Deputat niyə prezident siyasətinə qarışmalıdır, burası mənə çatmır. Prezidentin tapşırığına uyğun olaraq, başda prokurorluq olmaqla, hüququ qoruma orqanları ÇOX DÜZGÜN olaraq qubalılara qarşı repressiyalara start veriblər. Adamları bir-bir tutub basırlar əliyevçi hakimiyyətin ən güvəncli obyektlərindən birinə – “bandotdelə”! Sözsüz, bu, olduqca düzgün siyasətdir. Ata kursundan qalma siyasi sabitliyin qorunması baxımından! Belə olmasa bilirsiz nə olar, yoldaş Vahid Əhmədov? Sabirabad başda olmaqla bir-bir bütün rayonlar ayağa qalxar: axı, bütün rayonlarda Qubada baş verənlər baş verir (bunu öz aramızda deyirəm).
Gör sən nə deyirsən: “Bir ildir ki, bu söhbət gedir, müvafiq qurumlara lazimi məlumatlar verilib. Icra başçısı faktiki olaraq Quba camaatını təhqir etmişdi və təhqir etməkdə davam edirdi”. Bax, burda xoruzun quyruğu görünür: deməli, sənin bu işdə əlin var. Prokurorluğun (gerçəkdə Prezident Administrasiyasının!) yaydığı informasiyada bildirilir: Quba televiziyasının indi çox düzgün olaraq dustaq edilmiş jurnalisti IH başçısı Rauf Həbibovun qubalıları təhqir çıxışını “kontekstdən çıxararaq” yayıb. Demək, tutulası adam “cinayətkar”! – R.Həbibov deyil, jurnalistdir. O, nəyə görə təhqiri kontekstdən çıxarırdı? Ola bilərdi (özü də çox ola bilərdi!) təhqir kontekstdə ikən qubalılar onu başa düşməz, anlamaz, qanmazdılar, onda əliyevçi hakimiyyət tarixinə silinməz LƏKƏ olaraq düşən QUBA ÜSYANI da baş verməzdi!
Görün parlamentində oturduğu hakimiyyətin (əliyevçi hakimiyyət!) prinsipləri baxımından siyasi sayıqlığı bütünlüklə itirmiş, müxalifətçi-uklonist, Amerika-Avropa yönlü sapqınlıq yoluna uğramış deputat V.Əhmədov R.Həbibovla bağlı daha nələrə əl atır: “O cümlədən ciddi iqtisadi cinayətlərə və maxinasiyalara yol vermişdi… Onun evindən 4 milyon manat nəğd pul çıxıb. Bundan başqa, onun Qaladüz imarəti də aşkar edilib. Bütün bunlar araşdırma obyektidir”. Bu adam açıq-aydın hakimiyyətə qarşı çıxır, hakimiyyətin bütünlüklə xalqa yağı rüşvət-korrupsiya hakimiyyəti olduğunu xalqa çatdırmağa çalışır. Bilirsiz, bütün rayonlarda olduğu kimi, Qubada da hakimiyyətin bütün strukturları var: polis, prokurorluq, məhkəmə, MTN. V.Əhmədovun dediklərindən çıxan budur: bütün bu qurumlar illərlə R.Həbibovun çoxsaylı cinayətlərinə ortaq olub, göz yumublar.
Yoldaş V.Əhmədovun dediyi sayaq araşdırma aparılsa, gərək yerli strukturlardan Bakıdakı baş strukturlaradək (Prezident Administrasiyası başda olmaqla!) yüzlərlə, bəlkə də, minlərlə adam tutulub türməyə göndərilə. Başqa cür desək, gərək bu ölkədə köklü bir devrim baş verə. Bütün bunlardan sonra mənim yoldaş V.Əhmədova deyəcəyim bir soz qalır: qardaş, gəl gedək ağlımıza dua yazdıraq – sən o çıxışı etdiyinə, mən bu yazını yazdığıma görə! Bundan qabaq da yazmışdım, axı, Quba balaca Azərbaycandır…