Hüquq müdafiəçisi Avronest PA rəhbəri ilə görüşüb

Siyasi və Mülki Hüquqları Müdafiə Mərkəzinin rəhbəri Pərviz Həşimli Avronest Parlament Assambleyasının prezidenti Kristian Vigeninlə görüşüb. Mərkəzdən verilən məlumata görə, görüş zamanı Azərbaycanda insan haqlarının və demokratiyanın vəziyyəti ilə bağlı Vigeninə məlumat verilib. Bakı şəhərində vətəndaşların mülkiyyət hüququna edilən qəsdlər, ötən ilin 2 aprel mitinqində həbs olunanların taleyi, vəkillərə qarşı hakimiyyət orqanlarının təzyiqləri, həmçinin, AXCP sədri Əli Kərimlinin bu yaxınlarda həbs edilən qaynı Elnur Seyidovun həbsi barəsində məlumatlar Avronest PA-nın rəhbərinin diqqətinə çatdırılıb.
P.Həşimli Avronest PA-nın Azərbaycandakı vəziyyəti diqqətdə saxlamağa çağırıb və bildirib ki, hakimiyyətə müsbət dəyişiklər istiqamətində addımlar atması üçün təsir göstərmək vacibdir.
Öz növbəsində Vigenin Azərbaycandakı prosesləri izlədiklərini deyib.