Azərbaycan hərbçilərin əmək haqqına görə yalnız Ermənistandan öndədir
Hakimiyyət nümayəndələri, xüsusilə də dövlət başçısı Ilham Əliyev Azərbaycanın regionun ən qüdrətli ordusuna sahib olduğunu deyir. Eyni zamanda ölkədə orduya ciddi qayğının göstərildiyi önə çəkilir. Hökumət Azərbaycanın hərbi büdcəsinin Ermənistanın ümumi büdcəsindən artıq olduğunu xüsusi vurğulayır.
Lakin orduya qayğının əsas hissəsi onun maddi təminatı ilə bağlıdır. Ancaq Azərbaycanın müdafiə xərclərinin kəskin artırılması hərbi qulluqçuların sosial təminatına o qədər də ciddi təsir göstərməyib. Belə ki, hərbi xərclərin 3 milyard dollardan artıq olmasına baxmayaraq hərbi qulluqçuların məvacibləri çox aşağıdır, onların əksəriyyəti mənzilsizdir, pensiya təminatı və ümumilikdə hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsi də yetərincə deyil. Əmək haqqına gəldikdə isə, bu məsələdə də Azərbaycan inkişaf etmiş ölkələrlə müqayisə edilə bilməz. Azərbaycan ordusunda həqiqi xidmətə çağırılmış əsgərə 5-6 manat verilir. Amma hərbi zidmətdən qayıdan əsgərlərin əksəriyyəti hətta bu məbləği də almadıqlarını, sadəcə maaş cədvəlinə qol çəkdiklərini deyirlər. Çavuş 20 manat, müddətdən artıq xidmət keçənlər isə 280-400 manat əmək haqqı alır. Arxa cəbhədə xidmət edən leytenant 500 manat, ön cəbhədə isə 700 manat əmək haqqı alır. Arxa cəbhədə xidmət edən polkovnik 1200, öncə cəbhədə isə 1400 manat, ön cəbhədəki general-mayor rütbəli zabit isə 1800 manat əmək haqqı alır. Bir məqamı da qeyd etmək yerinə düşər. Azərbaycan ordusunda xidmət edənlərin hamısı, müharibə veteranları istisna omlaqla, gəlir vergisi ödəyir. Bu da heç bir halda anlaşılan deyil. Belə bir hala digər ölkələrin ordusunda rast gəlmək mümkün deyil. Bundan əlavə, digər ölkələrdən fərqli olaraq Azərbaycanda hərbçilərin heç bir imtiyazı yoxdur.
Müqayisə üçün qonşu dövlətlərdə, həmçinin dünyanın ən qüdrətli ordularındakı vəziyyətə nəzərə salaq.
Bizdə zabit 700 manat, Rusiyada isə 50 min rubl əməkhaqqı alır
Məsələn, şimal qonşumuz Rusiyanın ordusu öz təminatına görə nümunəvi sayılmasa da, əmək haqları Azərbaycanla müqayisədə xeyli artıqdır. Bu ölkədə leytenantın əmək haqqı təxminən 50 min rubldu (təxminən 1500 manat). Müqaviləli kursant – 20 min (600 manat), müqavilə əsasında xidmət keçən əsgərlər – 25 min (750 manat), manqa komandiri olan çavuşlar – 35 min rubla yaxın (1050 manat), briqada komandiri olan polkovniklər isə 60 min – 94 min rubl (1800-2800 manat) arasında məvacib alır. General-mayorların məvacibləri 73 min rubldan (2000 manat), general-leytenantlar 90 min rubldan yuxarı (2500 manat), ordu generalı isə 112 min rubla yaxın (3100 manat) məvacib alır. Bu ölkənin qanunları dünyasını dəyişmiş hərbi qulluqçunun ailəsinə birdəfəlik 3 milyon rublun, (təxminən 90 min manat) verilməsini nəzərdə tutur. Xidmət zamanı ağır yaralananlara – çağırışçılara – 1 milyon (27 min manat), müqaviləli əsgərlərə isə – 2 milyon rubl (52ÿmin manat) verilməsi nəzərdə tutulur.
Digər qonşu ölkələrə gəldikdə, Ermənistanda hərbçilərin əmək haqqı Azərbaycanla müqayisədə bir qədər azdır. Bu ölkədə həqiqi hərbi xidmət çəkən əsgər 3-5 dollar, müddətdən artıq xidmət keçənlər isə 200-250 dollar əmək haqqı alır. Zabitlərin orta əmək haqqı 500 dollar, gizirlərin isə 300 dollardı. Bu məqamda Azərbaycan rəsmilərinin dediklərini bir daha xatırlatmağa dəyər: Azərbaycanın hərbi büdcəsi Ermənistanın dövlət büdcəsindən çoxdu. Ancaq hərbçilərin əmək haqqını müqayisə edəndə, bunu görmək olmur.
Gürcüstan ordusu ABŞ-ın maliyyə dəstəyindən ciddi faydalanır. Bu ölkədə ABŞ hərbi hərbi proqramları ilə xidmət keçən əsgərlər 230 dollardan aşağı əmək haqqı almır. Kiçik rütbəli zabitlərin əmək haqqı 1200 dollardan başlayır. Xarici dil bilən hərbçilərin əmək haqqı isə bundan 100 dollar artıqdır.
Digər MDB ölkələrinə də nəzər salanda, hərbçilərə daha çox qayğının göstərildiyini görmək olar. Məsələn, Beluras ordusunda müqavilə ilə xidmət edən sıravi əsgər 200-250 dollar əmək haqqı alır. Bu ölkənin ordusunda kiçik rütbəli zabitlərin əmək haqqı 400 dollardan, yüksək rütbəli zabitlərin isə 500 dollardan başlayır. Belarusda qiymətlərin və xidmətlərin qiymətinin aşağı olduğunu nəzərə aldıqda bu, kifayət qədər yüksək məbləğ sayıla bilər.
Ukraynada 240 dollardan aşağı əmək haqqı alan hərbçi yoxdur. Zabitlərin maaşı isə 400-700 dollardan başlayır. Bununla belə ukraynalı hərbçilər öz əmək haqlarından narazıdır.
Qazaxıstanda həqiqi hərbi xidmət keçən əsgərlərin əmək haqqı yüksək hesab edilə bilər. Belə ki, onlar 25 dollar, müqavilə ilə xidmət edənlər isə 300 dollar maaş alır. 10 ildən artıq xidmət edən əsgərlərin əmək haqqı isə 400 dollardan artıq olur. Leytenantın əmək haqqı 500 dollar, kapitan və mayorların isə əmək haqqı 1300 dollardan artıqdır. General isə əmək haqqından əlavə hər ulduzuna görə əlavə 400 dollar alır. Bütün bu göstəricilərinə görə Qazaxıstan ordusu MDB ölkələrində öndə gedənlərdəndir. Türkmənistan ordusunda da zabitlər kifayət qədər yüksək əmək haqqı alır. Türkmən ordusunda xidmət edən leytenantın əmək haqqı 300 dollardan, mayorun 500 dollardan, polkovnikin əmək haqqı isə 700 dollardan başlayır. Generallar isə 3 min dollar əmək haqqı alır.
Fransada sıravi əsgər 1800 dollar alır, bizim əsgər isə 5-6 manat almalıdır
Avropa ordularında vəziyyət xeyli yaxşıdır. Məsələn, 4800 nəfərdən ibarət olan Latviya ordusunda leytenant 800 dollar, kapral-instruktor 700 dollar, sıravi əsgər isə 610 dollar əmək haqqı alır. Həmçinin evi olmayan hərbçilərə mənzil kirayələmək üçün əlavə 180 dollar ödənir. Əlavə təhsil alan hərbçilərin xərcləri də dövlətin hesabınadır.
Litva ordusunda 12 min adam qulluq edir. Müqavilə ilə xidmət edən sıravi əsgər 300 dollar, çavuş isə 600 dollar əmək haqqı alır. Leytenantın əmək haqqı 700 dollar, kapitanın 900 dollar, mayorun 1100 dollar, polkovnikin 1200, generalın 1300 dollardır.
Estoniya ordusu 5400 nəfərdən ibarətdir. Ancaq onların hər biri kifayət qədər yüksək əmək haqqı alır. Belə ki, general 2600 dollar, polkovnik 2200 dollar, mayor 1300 dollar, leytenant 1000 dollar, çavuş 980 dollar, sıravi əsgər isə 750 dollar maaş alır.
Macarıstan ordusunda müqavilə ilə xidmət edən sıravi əsgər nəqliyyat, yemək, geyim pulu, istirahət üçün talondan əlavə 800 dollar maaş alır. Bu ölkədə leytenant 1500 manat, yüksək rütbəli zabitlər isə 3000 manat əmək haqqı alır. Onlar da əlavə olaraq nəqliyyat, yemək, geyim pulu da alır.
Almaniya silahlı qüvvələri dünyanın ən təmin olunmuş ordularından biridir. Bu ölkədə hərbçilər yüksək əmək haqqı ilə yanaşı əlavə uşaq pulu da alır. Belə ki, bir uşağı olan hərbçi əlavə 150 dollar, iki uşağa görə 300 dollar, üç uşağa görə 600 dollar, dörd uşağa görə 900 dollar, hər sonrakı uşağa görə isə əlavə 150 dollar pul alır. Hər əlavə xidmət saatına görə hərbçilərin əmək haqqına 5 dollardan artıq əlavə edilir. HHQ-də xidmət edənlər üçün isə bu, əlavə ayda 610 dollardır. Paraşütdən tullanmalı olanlara buna görə ayda əlavə 150 dollar verilir. Xüsusi təyinatlıların əmək haqqına isə 1200 dollar əlavə edilir. Gəmilərdə xidmət edənlər üçün əlavə ödənən məbləğ ayda 100 dollar, sualtı qayıqlarda isə 300 dollardır. Bu ölkədə sıravi əsgər 1700-2900 dollar, çavuşlar 2500-3600 maaş alır. Leytenant 3000-4000 dollar, polkovnik 6000-9000 dollar, general isə 9000 – 14 min dollar əmək haqqı alır.
Fransa ordusunun giziri 5600 dollar əmək haqqı alır. Hərbçilər üçün yemək, geyim, mənzil və tibbi xidmət pulsuzdur. Sıravi əsgərlərin əmək haqqı isə 1700-1800 dollar, çavuşun isə 2600 dollar təşkil edir. Leytenant 3000 dollar, polkovnik 5000-6000 dollar, general isə 7000-8000 min dollar əmək haqqı alır.
Fransa ordusunda hətta bu ölkənin vətəndaşı olmayanlar da xidmət edə bilər.
Böyük Britaniya ordusunda xidmət edən sıravi əsgərin əmək haqqı 1400-1700, çavuşların isə 4000-5000 dollardır. Leytenant 3500-4000, polkovnik 10 min – 12 min dollar, general 12 min-13 min dollar maaş alır.
Hindistan ordusunun zabitlərinin əmək haqqı 1000 dollardan başlayır. Zabitlərin yemək və digər xərclərini də dövlət ödəyir. Üstəlik, ölkə ərazisində bütün dükanlarda hərbçilər üçün 50% endirim var. Dövlət hərbçi üçün ev ayırır. Ailəsi olduğu halda mənzil ailə üzvlərinin sayına uyğun olmalıdır. Hərbi xidmət çəkən şəxs zabit rübtəsi alandan dərhal sonra ömürlük şəxsi evlə təmin edilir. Rütbəsindən asılı olmayaraq bütün zabitlərin evində xidmətçi saxlamaq hüququ var. Zabitlərin xidmətçisinin əmək haqqını dövlət ödəyir. Hindistanlı zabit əlavə təhsil almaq hüququna da malikdir. Bu halda təhsil xərcləri də dövlətin hesabından ödənir. Bundan əlavə, hərbi xidmətdə olan şəxs ildə iki aylıq ödənişli məzuniyyətə gedə bilər.
Israil ordusunda xidmət edən sıravi əsgərlər 200 dollar əmək haqqı alır. Tək yaşayan əsgərlərin maaşı iki dəfə çoxdur. Məqsəd onların kirayə ev tutmasına imkan yaratmaqdır. Valideynləri xaricdə yaşayan əsgərlər isə ildə 21 günlük məzuniyyət götürərək onların yanına gedə bilər. Bu halda hər iki tərəfə bilet pulunu və digər xərcləri dövlət ödəyir. Bu ölkədə generalın orta əmək haqqı 11 min dollar, leytenantın maaşı isə 1200 dollardır.
Nəhayət, dünyanın ən qüdrətli ordusu olan ABŞ silahlı qüvvələrində leytenant 6000 min dollar, polkovnik 10 min, general isə 14 min dollar əmək haqqı alır. Orduya təzə xidmətə gələn əsgərlərin maaşı 960 dollar, iki il xidmət edəndən sonra çavuşun maaşı 1500-1800 dollardır. Hərbi hava qüvvələrində xidmət edən əsgər və çavuşlar 3000 dollar, hərbi dəniz qüvvələrində xidmət edənlər isə 3000-6000 min dollar əmək haqqı alır. Hərbçilər üçün nəzərdə tutulan imtiyazlara görə isə ABŞ dünyada ilk yerdə dayanır. ABŞ ordusunda xidmət edib sağlamlığını, yaxud həyatını itirən əsgər və zabitlərin ailələri dövlətin sözün əsl mənasında diqqət və qayğısını görür. Belə ki, əmək qabiliyyətinin 10 faizini itirən əsgər ömrünün qalan hissəsini 5000 min dollar pensiya alır. Həlak olan hərbçilərin dul qalan həyat yoldaşı 9000 min dollar pul alır. Əgər öhdəsində azyaşlı uşaq varsa, onların hər birinə görə 26 yaşına çatana qədər əlavə 1500 dollar verilir. Üstəlik, təqaüd verilərkən ölkədəki inflyasiya da nəzərə alınır.
Göründüyü kimi, Azərbaycanın ordusu heç bir göstəricisinə görə nəinki inkişaf etmiş ölkələrin, heç MDB dövlətlərinin də silahlı qüvvələri ilə müqayisəyə gələ bilməz. Baxmayaraq ki, hərbi büdcəsi Ermənistanın dövlət büdcəsindən artıqdır.
Fizzə Heydərli