Deputatın “həbs” tələbinə vəkil də qoşuldu

Fuad Ağayev Vahid Əhmədovun Rauf Həbibovun məsuliyyətə cəlb edilməsi tələbini doğru sayır

Qubadan olan deputat Vahid Əhmədov rayonun keçmiş icra başçısı Rauf Həbibovu cinayət əməllərində ittiham edərək, onun məsuliyyətə cəlb olunmasını istəyib. Icra başçısını Quba hadisələriylə əlaqədar tam günahkar sayan V.Əhmədov bildirib ki, icra başçısı faktiki olaraq Quba camaatını təhqir etmişdi və təhqir etməkdə davam edirdi. Bundan başqa, icra başçısının evində aşkarlanan 4 milyon manat nəğd pulun da xeyli suallar yaratdığını deyən V.Əhmədov vurğulayıb ki, bütün bunlar araşdırma obyekti olmalıdır. Hakimiyyətyönlü deputatdan belə bir açıqlamanın gəlməsi maraq doğurur.
Qubada baş verən hadisələrin kökünün insanların narazılığında olduğunu deyən tanınmış vəkil Fuad Ağayev bildirdi ki, istintaq qrupu, prokurorluq Quba olayları ilə bağlı sanki vəzifəsini unudub. Hər iki strukturun Z.Məmmədov və R.Həbibovun müdafiəçisi funksiyasını həyata keçirdiyini deyən vəkil söylədi ki, bu, yolverilməzdir: “Konkret istintaq hərəkətləri aparılmalıdır. O cümlədən Rauf Həbibov dindirilməli, Qubada əldə etdiyi əmlakların nəyin hesabına ərsəyə gəldiyinə aydınlıq gətirilməlidir. Onun konkret olaraq fəaliyyəti araşdırılmalıdır. Axı Qubadakı hadisələr boş yerdən yaranmamışdı. Bu olaylarla bağlı həbs olunanlar dərhal azad edilməlidir. Istintaq orqanı cəza aparatı funksiyasını daşımamalıdır. Istintaq orqanı ibtidai araşdırma aparmalıdır”.Milli Məclisdə yer tutan deputatlardan fərqli olaraq V.Əhmədova seçicilərin səs verdiyini deyən F.Ağayev bildirdi ki, Yevda Abramovdan fərqli olaraq V.Əhmədov seçicilərin maraqlarından çıxış edir. “Vahid Əhmədov belə bir fikir ifadə edibsə, onun söylədiklərinə diqqətlə yanaşılmalı idi. Çünki bu şəxs rəsmi olaraq Qubanı təmsil edən millət vəkillərindəndir”,- deyə F.Ağayev vurğuladı.

Xəyal