Ötən gün gözümə bir yazı sataşdı. Söhbət Ə.Düdənginskinin Almaniyadakı məzarından gedirdi. Məlum olurdu ki, məzar üçün nəzərdə tutulan müəyyən məbləğ bu yaxın müddətdə ödənməsə o, ləğv edilə, yəni götürülə və başqa məzarla əvəz edilə bilər. Bilirsiniz, Ə.Düdənginski ziddiyyətli şəxsiyyət olub və bu, hamıya məlumdur. Lakin bu adam ardıcıl antisovetçi, sovet rejimi ilə barışmaz şəxs olub. Bu, bəzilərinə bir qədər mənasız görünə bilər. Səbəbini soruşmasanız da olar, çünki bu, aydın məsələdir – sovetin ən güclü vaxtında ona qarşı çıxanları barmaqla saymaq olar, çox az adam bununla öyünə bilər və özünün belə bir şəxs olduğunu iddia edə bilər. Fəqət, Düdənginski məhz o şəxslərdəndir ki, onun sovetlərin süqutunda müəyyən rolu olub, ən azı bir fakt kifayətdir ki, bununla razılaşasan – Düdənginski “Azadlıq” radiosunun əməkdaşı olub. Biz hamımız ümumi günah içindəyik. Ona görə ki, sovetlərin vaxtındakı cəsarətsizliyimizi bugünkü müstəqilliyin “obyektiv səbəblərdən” baş verdiyini iddia etməklə özümüzə bəraət qazandırmağa çalışırıq. Azadlıq və demokratiya memarlarına münasibətimiz bəllidir, onları anmırıq, hətta o qədər etinasız yanaşırıq ki, bununla o şəxslərin unudulmasına təkan veririk. Legionerlərə münasibətimiz bəllidir. Bəs bir gün bizə deməzlərmi ki, əcəba, müstəqillikdən və azadlıqdan dəm vurursunuz, bu yolda mübarizə aparan, o amala ömrünün sonuna qədər sadiq qalan, heç olmasa bir həmvətənliniz və soydaşınız varmı? Onda biz nə deyəcəyik? Bəlkə deyəcəyik ki, sovetlər tək bir dövləti biz dualarımızla yıxdıq? Əcaib səslənir, deyilmi? Bəlkə kimlərsə belə insanlar sarıdan kasadlıq yaşayıb. Amma bizdə onlar olub axı! Millətlər var ki, heç nədən özünə tarix uydurur, bizsə özümüzün böyük tariximizə də sahib çıxmırıq. Nə vaxta qədər belə davam edəcək? Mən demirəm ki, elə bu saat durub bütün legionerlərə abidə qoyaq, buna bizim qüdrətimiz çatmaz, bunun üçün eston, litvalı və yaxud latış olmaq lazımdır. Sonuncu üç millətin tarixə münasibəti birmənalıdır… sovet rejimi işğalçı rejim olub, legionerlər də həmin rejimə qarşı vuruşan insanlar olub. Bizim tarixin bu nöqtəyə çatması üçün hələ çox vaxt tələb olunacaq. Amma heç olmasa kiçik işləri görək. Bir detalı da qeyd edəcəm. Mən məbləğə baxdım, çox kiçik ədəd idi. Bunu heç bir problem olmadan yoluna qoymaq olar. Lakin edəcəklərmi? Çətin. Amma etsəydilər, yaxşı olardı. Tarixə də müdrikcəsinə yanaşmaq lazımdır, hər şeyi ağ və qara rəngdə görmək olmaz, çünki başqa rənglər də olur, ələlxüsus da tarix məsələsində…
Gülüş günü də arxada qaldı…
Mənim 1 aprellə bağlı öz mülahizəm var. Ilin 364 gününü bizi aldadırlar, bizə yalan satırlar, bir gün də biz aldatmağa cəhd edə bilərik. Hətta istədim bunu bir yazıda ifadə edim, sonra düşündüm ki, düzgün başa düşməzlər. Amma o vaxt, yəni 92-93-cü illərdə belə zarafatlar olurdu. Nə isə. Gülüş həm də o səbəbdən vacibdir ki, o həyatı daha asan qəbul etməyə kömək edir. Volterin misalında buna əmin olmaq olar. O, səvh etmirəmsə, təxminən 84 il yaşayıb və dövrünün ən böyük polemisti olub. Indi belə adamlar, düşüncələrə sahib və hakim olan insanlar çox azdır. Prezidentlərlə yazışan hər hansı intellektin adını çəkmək olarmı? Volter krallarla məktublaşırdı. Bütün bunları nədən və nə üçün məhz gülüş gününə həsr olunmuş kiçik qeyddə xatırladım? Özümü bir fikri etiraf etməkdən saxlaya bilmirəm: əsrlərin prizmasından baxan vaxt nə görürük? Insan böyüyür, yoxsa kiçilir? Bu suala cavab verməkdə öz acizliyimi etiraf edirəm. Bəli, ərz etdim ki, Volter krallarla məktublaşırdı. Bəs bunu necə başa düşmək olar: bu Volterin böyüklüyü idi, yoxsa ki, kralların?
Kiçik sözardı
Yenə də yazının əvvəlinə qayıtmaq istəyirəm. Müharibədən bəhs edən daha bir detalı qeyd edəcəm. Bir film var. Orada qəhrəman deyir ki, bəli, bizlər də günahkarıq, çünki bizdən soruşacaqlar! Indi yenə də əvvəlki mövzuya daha bir ştrix əlavə etmək istəyirəm: bizdən də soruşacaqlar və deyəcəklər ki, bir məzarı da qoruya bilmədinizmi? Nə cavab verəcəyik, nə deyəcəyik?..

Bizdən soruşacaqlar…
•