Amma Macarıstanda yaşadı – istefa verdi
Oxucularımdan biri elektron ünvanıma məktub göndərib, orada yazır ki, Binəqədidə, G.Ramazanov küçəsində dayanacaq quraşdırılıb: “Çox sağ olsunlar, əziyyət çəkiblər, pul siliblər. Amma iş orasındadır ki, dayanacağın quraşdırıldığı yerdən heç bir marşrut işləmir”.
Mən oxucumun naşükürlüyünə heyran qaldım. Axı niyə gedib allahına şükr eləmir ki, yaşadığı küçədə dəniz limanı tikməyiblər.
Dünən həmin oxucu məktubunu facebook-da da paylaşdım, dostlardan biri götürüb yazdı ki, indi ordan avtobus marşrutu işləmirsə, o demək deyil ki, gələcəkdə də işləməyəcək. Eyni məntiqlə, G.Ramazanov küçəsində dəniz limanının tikilməsində də bir əcaiblik olmamalıdır, bu gün orada dəniz yoxdursa, o demək deyil ki, gələcəkdə də olmayacaq.
Avtobus dayanacaqlarından söz düşmüşkən, hökumət qollarını çirmələyib onlara monitorlar quraşdırır ki, sərnişinlər həmin monitorların köməyi ilə hansı marşrutun hansı intervalla işlədiyini, hansı istiqamətdə getdiyini öyrənə bilsin. Interval məsələsi komediyadır – tıxaclar şəhərində bu haqda düşünmək üçün insan ağlını itirməlidir. Hökumətdəkilər əlbəttə, ağıllarını itirməyiblər, onlara bu, “nəqliyyatın intellektual idarəetməsi” kimi bəzəkli bir layihə adı altında xalqın daha bir neçə on milyon manatını itirmək üçün lazımdır.
Hansı marşrutun hara getdiyini öyrənmək isə guya bizə çox gərək imiş. Bir ölkənin ki, özünün hara getdiyi qaranlıqdır, naməlumdur, onun marşrut avtobuslarının istiqaməti ümumiyyətlə, heç nə ifadə etmir. Onsuz da bizim indiki halımız məşhur Cem Karaca şarkısında deyildiyi kimidir: “Bindik bir alamete, gidiyoruz kıyamete”. Gerisi əfsanədir.
Komik işlər isə yalnız Azərbaycanda baş vermir, hətta srağagün Macarıstanda olub-bitənlərin yanında bizdə baş verənlər toya getməlidir. Orada prezidentin doktorluq dissertasiyasının xeyli hissəsinin oğurluq olduğu aşkarlanıb, nəticədə ictimai qınaq qarşısında qalan Macarıstan prezidenti istefaya gedib.
Bu nə komediyadır, ağlı başında olan prezident də heç doktorluq dissertasiyasının oğurluq olmasına görə istefa verərmi? Ona qalsa, bizdə prezidentlik kürsüsünün özü oğurluqdur. Onu 19 il əvvəl xalqdan oğurlayıblar, bunların heç vicdanları da sızlamır, indi Macarıstanda prezident bir doktorluq dissertasiyasını başqasının kitabından oğurlayıb, çoxdurmu?
Ikincisi də, biz görmüşük dissertasiya elə oğurluq olar. Yoxsa iki eşşəyin arpasını bölə bilməyənlər, ömründə bir kitab üzü açmayanlar, isti, işıqlı kabinetlərdə “kimi zad eləyim ki, irəli düşüm?” sualı ətrafında düşünməkdən beyni sulananlar necə professorluğa, akademliyə yüksələrlər?
Macarıstan prezidentinin şanssızlığı
Hələ bunlar da heç. Macarıstan prezidenti oğurluq elmi işə görə istefa verir, amma yəqin xəbəri yoxdur ki, onun azərbaycanlı həmkarı 2006-cı ildə, elmi oğurluğu dövlətin qurumu tərəfindən təsdiqlənən adamı “Tərəqqi” medalı ilə təltif edib.
Mən bu barədə bir dəfə ətraflı yazmışam, indi qısaca onu yada salım ki, Pedaqoji Universitetin pedaqoji fakültəsinin dekanı, Dərslikləri Qiymətləndirmə Şurasının üzvü Fərrux Rüstəmovun 2002-ci ildə “Pedaqogika (yeni kurs)” adlı irihəcmli kitabı çap olunub. Sonradan bəlli olub ki, kitab rus alimi I.Podlasıyın “Pedaqoqika (novıy kurs)” (Moskva: “Vlados” nəşriyyatı, 2000) kitabından köçürmədir. Müəllif Hüquqları Agentliyi bunu rəsmi rəyi ilə təsdiqləyib. Və… 6 il sonra Ilham Əliyev Fərrux Rüstəmovu “Tərəqqi” medalına layiq görüb.
Macarıstan prezidentinin şanssızlığıdır ki, o, bu qədər mahir oğru ikən Azərbaycanda doğulub, burada yaşamayıb. Yoxsa indi bir “Tərəqqi” medalı da onun sinəsini bəzəyirdi.
Axı hər növ oğurluğa bizdə “yaşıl işıq”dır. Istər başqasının kitabından çırpışdır, istər başqasının cibindən, yetər ki, oğurla! Buna görə heç bir cəzadan söhbət gedə bilməz, əksinə, 19 ildir görürük ki, buna görə Azərbaycanda adamlar mükafatlandırılır, təltif edilir. Göz üstə tutulur. Başa çəkilir. Baştacı edilir.
“Oğurlamırsansa, nə işin var, nə itin azıb bu ölkədə?” – budur Azərbaycanın bugünkü gerçəyi!