İstanbul toplantısı Suriyaya ciddi dəyişiklik vəd edir

Elxan Şahinoğlu: «Bu toplantı Suriya müxalifətinə yardım etmək üçün yaşıl işıq yandırıb»

Suriya Xalqının Dostları Qrupunun aprelin 1-də Istanbulda keçirilən ikinci konfransında bir sıra mühüm qərarlar qəbul olundu. 80-dən çox ölkə və beynəlxalq təşkilatın nümayəndəsinin qatıldığı toplantının nəticələrinə əsasən, Suriya Xalqının Dostları Qrupu Suriya Milli Şurasını bütün suriyalıların legitim təmsilçilərindən biri və müxalif qrupları vahid güc ətrafında birləşdirən qurum kimi tanıyır.
Toplantıda nəzərə çarpan ən mühüm məsələdən biri də başda ABŞ olmaqla bəzi ölkələrin suriyalı müxaliflərin vahid güc ətrafında birləşməsi və tək qüvvə kimi çıxış etməsi istiqamətində göstərdiyi səylərdir. Eyni zamanda toplantıda müxalif qruplara silah yardımı etmək üçün konkret bir qərar qəbul olunmayıb. Bununla belə, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın söylədiyi kimi, “xalqın özünü müdafiə etmə haqqı” toplantının yekun bəyannaməsinə salınıb. Ərdoğan toplantıda çıxışı zamanı “Suriyalı qardaşlarımıza tək olmadıqlarını xatırlatmaq istəyirəm. Dost və qardaş Suriya xalqının yanında olmağa davam edəcəyik” deyərək Suriyada axan qanın dərhal dayandırılması çağırışını da edib. O, həmçinin bildirib ki, zalım ilə qurbanı eyni yerə qoyan hər cəhd zalıma zaman qazandırar. Müəyyən siyasi keçidin müddəti dəqiqləşdirilməzsə, bu, Suriya hakimiyyətini şiddət işlətməyə təşviq edəcək.
Bəs bu toplantıda qəbul edilən qərarlar Əsəd rejiminə nə vəd edir?
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun fikrincə, Suriyada yaxın zamanlarda ciddi dəyişikliklər ola bilər. Çünki Istanbulda toplaşan dövlətlər Əsəd rejiminin siyasətindən xeyli dərəcədə narahat və narazıdırlar. Eyni zamanda bu dövlətlər  BMT Təhlükəsizlik Şurasının Suriya ilə bağlı yekdil bir qərar qəbul edə bilməməsindən də narahatdır.
E.Şahinoğlunun sözlərinə görə, toplantıdan əvvəl Suriya müxalifətinin Istanbulda bir araya gəlməsinə də diqqət yetirmək lazımdır. Hətta Türkiyə rəsmiləri müxalifəti fikir ayrılığını aradan qaldırmağa və onları bir arada cəmləşməyə çağırıb.
Digər tərəfdən, Istanbul toplantısının önəmi həm də ondan ibarətdir ki, artıq Suriya müxalifətinə ərzaq və silah yardımı edilməsi ilə bağlı qərar verilib. Müxalif ordu əsgərlərinə hətta maaş verilməsi də qərara alınıb və bəzi ərəb dövlətləri bunu öz üzərinə götürüb.
Ekspert Kofi Annan toplantıya qatılmamasını da təsadüfi hesab etmir. Çünki vasitəçi rolunu oynayan bu şəxs müxalifət və Əsəd rejimi ilə bərabər məsafədə dayanır. Amma bununla belə Istanbul toplantısı Kofi Annana bir mesaj idi ki, onun Əsədə göndərdiyi və Əsədin guya, qəbul etdiyi plan arxivə göndərilir. Bu plandan sonra yüzlərlə adam qətlə yetirilib. Ümumiyyətlə, Əsəd heç bir vədə sadiq qalmadığını sübut etdi. Artıq beynəlxalq aləm də onun heç bir vədinə inanmır. Bu baxımdan Istanbul toplantısı artıq Suriya müxalifətini həm silahlandırmağa, həm maliyyə yardımı etməyə yaşıl işıq yandırıb.   

Fizzə