“Bu, əslində İsrailə rüşvət verənlərin konfransıdır”
İran parlamentinin sədri Əli Laricani aprelin 2-də deputatlar qarşısında çıxış edərək Suriya mövzusu ilə bağlı İstanbul konfransından danışıb.
“Suriyanın dostları” qrupuna daxil olan ölkə və beynəlxalq təşkilatlar aprelin 1-də keçirilən İstanbul konfransında müxalif Suriya Milli Şurasını xalqın legitim təmsilçisi kimi tanıyıb. Konfransa 60-dan çox dövlətin yüksək rəsmisi, o cümlədən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov qatılıb.
“Media forum” saytının məlumatına görə, Əli Laricani deyib: “İstanbulda “Suriyanın dostları” adı ilə keçirilən konfrans əslində İsrailə rüşvət verənlərin konfransıdır. Bu konfransa qatılan ölkələrin nümayəndələrindən soruşmaq lazımdır ki, bölgədə demokratiyanın vəziyyətindən və təhlükəyə düşməsindən narahatsınızsa, nəyə görə Bəhreyndəki vəhşi diktatorluğun və digər ölkələrdəki diktatorluqların qarşısında susur, sakit durursunuz?”.