Moskvada bazar yandı: 12 ölü

Ölənlər arasında Azərbaycan vətəndaşlarının olub-olmadığı araşdırılır

Bu gün saat 05:00 radələrində Moskvanın cənubundakı Kaçalovsk tikinti malları bazarında yanğın baş verib. Lent.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, yanğın fəhlələrin yataqxana kimi istifadə etdiyi ikimərtəbəli tikilidə başlayıb və 50 kvadratmetr sahəni əhatə edib. Rusiya Fövqəladə Hallar Nazirliyi tikilidə 12 nəfərin cəsədinin aşkarlandığı barədə məlumat yayıb. Ölənlərin hamısı bazarda işləyən MDB ölkələrinin vətəndaşıdır. Ancaq tikilidə ümumilikdə neçə nəfərin ola biləcəyi açıqlanmayıb. Yanğının qısaqapanma, yaxud elektrik sobasından düzgün istifadə edilməməsi nəticəsində baş verdiyi ehtimal edilir. Hazırda yanan binada digər fəhlələrin cəsədlərinin olub-olmadığı araşdırılır.
Azərbaycan Xarici İşlər Nazirliyi ölənlər arasında Azərbaycan vətəndaşlarının olub-olmadığını araşdırır.