Jak Şirak Sarkozini şeytan adlandırdı

“Sarkozi indiyə qədər gördüyüm ən böyük şeytandır, kimsə ondan daha böyük şeytan ola bilməz!”

Fransada ilk turu aprelin 22-də keçiriləcək prezident seçkilərindən əvvəl hazırkı prezident Nikola Sarkozi böyük zərbə alıb.
“Le Monde” qəzetinin yazdığına görə, Fransanın sabiq prezidenti Jak Şirak yenidən prezident postuna yiyələnmək istəyən Nikola Sarkozini indiyə qədər gördüyü ən böyük şeytan adlandırıb (lent.az).
Qeyd edək ki, Jak Şirakın xanımı Bernadetta Şirak ötən həftə mətbuata açıqlamasında seçkilərdə Nikola Sarkoziyə səs verəcəyini bildirib. Ancaq “Le Monde” qəzetinin bugünkü xəbəri Nikola Sarkozi üçün kabus olub. Qəzet yazır ki, Jak Şirak onu ziyarət edən bir nəfərlə söhbətində seçkidən söz düşərkən hiddətlənib və “Nikola Sarkozi indiyə qədər gördüyüm ən böyük şeytandır, kimsə ondan daha böyük şeytan ola bilməz!” deyərək qışqırıb. Siyasi fəaliyyəti dönəmində yalnız sağ yönümlü partiyalarda təmsil olunmuş 79 yaşlı Jak Şirak seçkilərdə Sosialist Partiyasının lideri François Hollandeyə səs verəcəyini də bildirib. O, solçu lideri sözünə əməl edən şəxs kimi səciyyələndirib.
Xatırladaq ki, Nikola Sarkozi siyasətə 1980-ci illərdə bələdiyyə sədri olaraq qədəm basıb. O, 1993-1995-ci illərdə maliyyə naziri olub, baş nazir Edouard Balladurun sözçüsü vəzifəsini də yerinə yetirib. Həmin dövrdə prezident olan Jak Jirakın tərəfdarlarından sayılan Nikola Sarkozi 1995-ci ildə keçirilən prezident seçkilərində sürpriz bir şəkildə Edouard Balladuru dəstəkləyib. Ancaq Edouard Balladur seçkilərdə uduzub, Nikola Sarkozi də Jak Şirakın gözündən düşüb.