Vidadi İsayevin müavininin kəllə atdığı idarə müdiri «Azadlıq»a danışdı
“Bərdənin icra başçısı Vidadi Isayev martın 29-da günorta saatlarında məni təhqir edib, axşam iclasda isə məlum insident baş verib”. Bu sözləri “Azadlıq”a Bərdənin mədəniyyət və turizm idarəsinin müdiri Soltan Həsənov deyib. Soltan Həsənov bildirib ki, qəzetimizin dünənki sayında onunla icra başçısı arasında baş verənlər barədə yazdıqlarımız həqiqəti əks etdirir: “Yalnız Vidadi Isayevin mənə 4 kəndin alaqapısını təmir etdirməyi tapşırmasını səhv yazmısınız. Qalan nə yazılıbsa, doğrudur”.
Idarə müdiri baş verənləri və bunun arxasında dayananları təfərrüatı ilə qəzetimizə danışıb: “Vidadi Isayev Bərdəyə icra başçısı təyin olunandan mənimlə yola getmir, mənimlə işləmək istəmir. Onun mənə qarşı mənfi münasibətinin arxasında da mənimlə işləmək istəməməsi dayanır. Çünki mən həmişə öz sözümü deyən adamam. Bu adama isə qul lazımdır. Nəhayət, martın 29-da günorta saatlarında o məni yanına çağırdı. Aramızda gərgin söhbət oldu, o məni təhqir etdi. Axşam saatlarında isə icra hakimiyyətində iclasa getdim. Orada baş verənləri siz olduğu kimi yazmısınız. Vidadi Isayev orada da mənim əleyhimə danışdı. Mən də öz sözümü dedim. Iclasdan sonra isə onun müavini Vidadi Imanquliyev mənə kəllə atdı. Lakin zərbədən yayına bildim. Bu həmin Vidadi Imanquliyevdir ki, öldürdüyü adamın ili aprelin 19-da çıxacaq. Bu hadisə baş verəndə Vidadi Imanquliyev Sosial Müdafiə Fondunun Bərdə şöbəsinin müdiri vəzifəsində çalışırdı. Sakinlərdən birini intihara vadar etmişdi. Həmin sakin özünü yandırmışdı”.
Soltan Həsənov onu da bildirib ki, Vidadi Isayev rayondakı keçmiş Lenin bağını ona təmir etdirib: “Siz düz yazmısınız. Mən bu məsələni iclasda da demişəm. Demişəm ki, 200 min manat pul xərcləmişəm bu işə. Bu, həqiqətən belədir”.
Müsahibimiz əlavə edib ki, o, artıq öz ərizəsi ilə tutduğu vəzifədən azad edilib: “Ərizəni bu gün (dünən-red) yazmışam. Artıq bu adamla işləmək mümkün deyil. Mən ağsaqqal adamam, onlarla hər dəfə dava edən deyiləm”.
Tabe olduğu nazirliyin baş verənlərə necə yanaşdığına gəlincə, müsahibimiz deyib: “Mən də, Vidadi Isayev də baş verənlər barədə tabe olduğum nazirliyə məlumat vermişdik. Amma bizim nazirlikdə o cəsarət hanı ki, məni müdafiə etsin”.
Baş verənlərlə bağlı Vidadi Isayev və Vidadi Imanquliyevin də mövqeyini öyrənməyə cəhd etdik. Lakin cəhdlərimiz baş tutmadı. Bununla belə, onların da mövqeyini dərc etməyə hazırıq.
Seyid