Leyla Yunus: “Heydər Əliyevin ailəsi ilə bağlı suallara asanlıqla cavab verəcəklər, amma tarixlə bağlı suallara cavab verə bilmirlər”
Aprelin 2-də Milli Məclisdə «Avronest» Parlament Assambleyasının Sosial məsələlər, Təhsil, Mədəniyyət və Vətəndaş cəmiyyəti üzrə Komitəsinin iclası keçirilib. İclasda quruma üzv ölkələrin parlamentariləri ilə yanaşı təhsil naziri Misir Mərdanov, mədəniyyət və turizm naziri Əbülfəz Qarayev, Ombudsman Elmira Süleymanova, həmçinin vətəndaş cəmiyyətinin nümayəndələri iştirak edib.
Tədbiri erməni deputat Safaryan aparıb. O, Azərbaycanda, o eləcə də Milli Məclisdə səmimi və isti şəkildə qarşılandıqlarını, buna görə məmnun olduqlarını və Azərbaycan hökumətinə təşəkkür etdiklərini bildirib.
İclasda vətəndaş cəmiyyətinin nümayəndəsi olaraq iştirak edən Leyla Yunus dərsliklərlə bağlı məsələyə və Ombudsmanın fəaliyyətinə tənqidi münasibət bildirib. “Mən özüm tarixçiyəm. Tarix kitabları sovet vaxtında olduğu kimi qalıb. Sovet vaxtında Kommunist Partiyasının iclaslarının harda və nə vaxt keçirildiyi barədə suallara o vaxt kitablar cavab verirdi, ancaq tarixi öyrənmək o kitablardan mümkün deyildi. İndi də eyni şey baş verir. Heydər Əliyevin ailəsi ilə bağlı hansı sualı versəniz, uşaqlar asanlıqla cavab verəcəklər. Amma tarixlə bağlı suallara cavab verə bilmirlər”, – deyə L.Yunus tarix dərslikləri ilə bağlı müzakirəyə qatılıb.
L.Yunus daha sonra hakimiyyətin vətəndaş cəmiyyəti ilə əməkdaşlıq etmədiyi haqda danışıb. “Belə bir əməkdaşlıq yoxdur. Burada müstəqil QHT olmaq çox çətindir. Ombudsmanla isə ümumiyyətlə, əməkdaşlıq yoxdur Ombudsman aparatı öz missiyasını yerinə yetirmir: həbs yerlərində işgəncə məsələsini qaldırmır. Ən yaxşı halda ombudsman aparatı DİN-ə məktub göndərməklə kifayətlənir. Ombudsman aparatı Naxçıvan aeroportunun 26 yaşlı əməkdaşı Turac Zeynalov həlak olduğu zaman da heç nə etməyib”.
Hüquq müdafiəçisi hüquq-mühafizə orqanlarında vətəndaşlara işgəncələrdən və sakinlərin evlərinin dağıdılmasından da bəhs edib. “2008-də 10, 2009-da 12 nəfər işgəncədən ölüb. Bakıda 2009-cu ildən bəri 60 min nəfərin evi dağıdılıb. Bu, müharibədən də pisdir. Polis işgəncə tətbiq edir, döyür, evlər dağıdılır”.
Tədbirdə İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu da çıxış edib. O, vətəndaş cəmiyyətinin ölkədə problemlərlə baş-başa qaldığını söyləyib: “Bu gün qeydiyyatında süni problemlər olması səbəbindən vətəndaş cəmiyyətlərinin sayı 3 minə belə çatmayıb. Təbii ki, bu, ölkənin potensialı ilə müqayisədə çox aşağıdır. İkinci vacib problem odur ki, bütün qrantlar, daxildə ayrılan vəsaitlər fərqinə varmadan mərkəzləşdirilmiş qaydada Ədliyyə Nazirliyində qeydiyyatdan keçirilməlidir. Bu da vətəndaş cəmiyyətinə nəzarət imkanları yaradır. QHT-lərin qeydiyyatı da mərkəzləşmiş qaydada yalnız Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilir ki, bu da üzv olduğumuz Avropa Şurasının tələblərinə cavab vermir”.