Bakıda internat məktəbində güclü yanğın

Bakıda yerləşən məktəbdə güclü yanğın olub. Milli.Az-ın məlumatına görə, hadisə bu gün saat 10:00 radələrində Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 2 saylı xüsusi internat məktəbində baş verib.

Yanğın məktəbin tədris korpusunda şagirdlər dərsdə olan vaxt meydana gəlib. Yanğınla bağlı 3 saylı çağırış elan olunub. Yanğının söndürülməsinə Bakının Sabunçu, Suraxanı, Xəzər rayon yanğından mühafizə bölməsinin briqadaları cəlb olunub. Alovun qarşısının alınmasında 20-dən artıq yanğınsöndürən maşın iştirak edib. Şagirdlər təxliyyə olunublar.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Milli.Az-a bildirildi ki, yanğın zamanı 3 yanğınsöndürən yüngül xəsarət alıb.
Yanğın zamanı məktəbin 650 kvadrat metrlik sahəsi yanıb. Araşdırma aparılır.