Ərdoğan Irana qarşı sanksiyalara niyə qoşuldu?

Elxan Şahinoğlu: «Ərdoğanın Iran səfərindən narazı qayıtdığını birmənalı demək çətindir»

Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanın Iran səfəri ilə bağlı geniş məlumatların açıqlanmaması müxtəlif fikirlərin ortaya çıxmasına səbəb olur. Belə ki, iki ölkənin Suriya məsələsində razılığa gələ bilməməsini söyləmək olar. Ərdoğanın səfəri başa çatandan dərhal sonra Türkiyənin Irandan neft alınmasının məhdudlaşdırılması yönündə addım atması isə baş nazirin Irandan narazı qayıtdığını deməyə əsas verir.
Xatırladaq ki, Türkiyənin enerji və təbii qaynaqlar naziri Taner Yıldız Irandan aldıqları xam neftin həcmini 10 faiz azalda biləcəklərini deyib. Bunun ardınca TÜPRAŞ-ın yaydığı açıqlamada qeyd edilib ki, yaranmış vəziyyətlə bağlı Irandan xam neft alınmasının 20 faiz azaldılmasına qərar verilib, bu, başqa ölkələrdən alınan xam neftlə əvəzlənəcək. Bununla Türkiyənin də Irana qarşı beynəlxalq sanksiyalara qoşulduğunu demək mümkündür.  
Məsələ ilə bağlı fikirlərini bildirən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun sözlərinə görə, Ərdoğanın Iran səfərindən narazı qayıtdığını birmənalı demək çətindir. Çünki Türkiyə baş naziri Irana gedəndə Suriya məsələsində iki ölkə arasında fikir ayrılığının olduğunu bilirdi. Lakin Iranın nüvə məsələsi ilə bağlı Iranla Türkiyənin mövqeləri üst-üstə düşür. Həmçinin Tehran Ankaranın bu məsələdə vasitəçi olmasında maraqlıdır. Çünki Iran bilir ki, Türkiyə bölgədə müharibədə maraqlı deyil. Ekspertin sözlərinə görə, Iran hakimiyyətinin Suriya hakimiyyətini müdafiə etməsi bu məsələdə Ankara ilə Tehran arasında fikir ayrılığının yaranmasına səbəb olur. Baxmayaraq ki, həm Türkiyə, həm də Iran bölgədə qan tökülməsinin əleyhinədir. Iran hakimiyyəti də başa düşür ki, nə qədər Əsəd rejimini müdafiə etsələr də, onun hakimiyyətdə qalması mümkün olmayacaq.
Türkiyənin Irandan aldığı neftin həcmini azaltmasına gəldikdə isə, ekspert bunu Türkiyənin Amerikanın müttəfiqi olması ilə izah etdi: “Türkiyə Iranla münasibətləri normal məcrada saxlamağa çalışsa da, NATO ölkəsidir və Amerikanın müttəfiqidir. ABŞ ölkələrə müraciət edərək Irandan neft alqısını azaltmağı xahiş edib ki, iqtisadi böhran Iranı nüvə çalışmalarından bir qədər yayındırsın. Doğrudur, Ərdoğan görüşdən sonra dedi ki, Iran nüvə silahı əldə etmək istəmir. Bununla belə Ankaranın müəyyən şübhələri var”.
Ekspertin sözlərinə görə, Türkiyə sivil dünyanın yanında yer almağa çalışır. Ancaq bununla belə körpü rolunu oynayır.

Fizzə