Müsavat başqanı partiya məclisində 8 aprel mitinqi və başqa vacib məsələlərə münasibət bildirdi
Martın 31-də Müsavat Partiyası Məclisinin növbəti iclası keçirilib. İclasda yeni seçilmiş rayon təşkilatı sədrlərinin səlahiyyətlərinin təsdiqi, ictimai-siyasi vəziyyət və qarşıda duran vəzifələr, partiyanın VIII qurultayına və İctimai Palatanın (İP) 8 aprel mitinqinə hazırlıq məsələləri müzakirə edilib.
Məclis partiyanın müxtəlif rayon təşkilatlarına sədr seçilmiş şəxslərin, eləcədə partiya başqanı Isa Qəmbərin özünə təyin etdiyi yeni müşavirlərin səlahiyyətlərini təsdiq edib. Yeni təyin olunan müşavirlər Nizaməddin Quliyev, Mərdan Mehdiyev, Yeganə Hacıyeva və Muxtar Cəmillidir.
Müsavat başqanı İsa Qəmbər çıxışında 31 mart – azərbaycanlıların soyqırımı, vicdan məhbuslarının həbsdə saxlanması, Quba hadisələri və gündəmdə olan başqa ictimai-siyasi məsələlərdən danışıb.
İ.Qəmbər Müsavatın qurultayının qəsdən ləngidilməsi ilə bağlı fikirlərə münasibət bildirər deyib ki, məqsədləri partiyaya layiq bir qurultayın keçirməkdir.
Müsavat başqanı İctimai Palatanın aprelin 8-nə təyin etdiyi mitinqlə bağlı da fikirlərini bölüşüb:“Biz 8 aprel mitinqini razılaşdırılmış formada keçirmək istəyirik. Hakimiyyət başqa bir yer təklif etsə, mitinq keçirməyə yararlı bir yer olsa, onu da müzakirə edəcəyik. Əks halda bizim alternativ qərarımız var. Biz özümüzü hakimiyyətin qərarlarından asılı vəziyyətə salmayacağıq. Bu mitinqdə siyasi partiyaların, bitərəf təbəqələrin mitinqə nə dərəcədə hazır olduğu görünəcək”.
İnformasiya şöbəsi