Nüfuzlu ABŞ dərgisindəki məqalə siyasi gündəmi tez bir zamanda zəbt etdi.
Hətta bu hadisənin fonunda Qırğızıstan prezidentinin onsuz da sönük səfəri bir az da sönükləşdi. Hakimiyyətin açıqlamasının məni qane etmədiyini iddia etmək fikrində deyiləm, çünki deyilənləri təkzib etmək iqtidarında olan dəlillərim yoxdur. Lakin qeyd olunan dərgi də mənə tanışdır. Inana bilmirəm ki, belə nüfuzlu dərgi bu qədər böyük yanlışlığa və səhvə yol vermiş olsun!
Əgər bu düşünülmüş səhvdirsə, onda məqsəd nədir? Bəlkə Azərbaycanı bu yolla Iran məsələsində ciddi seçim etməyə təhrik edirlər? Yaxud bəlkə ABŞ Iran məsələsində Israildən bir qədər fərqli hərəkət etməyə qərar verib? Ola bilsin ki, Israilin tələsəkənliyi ABŞ-ı bir o qədər qane etmir. Hər halda, indi ABŞ-la Israil arasında böyük bir ixtilafın mövcud olduğundan danışmağın özü də problematikdir, çünki ən son vaxtlara qədər iki ölkə birlik və vəhdət haqqında silsilə bəyanatlar verməklə siyasi gündəmi məşğul edirdi. Ehtimal etmək olar ki, bu, şüurlu şəkildə ortaya atılmış bir işarədi və buna reaksiyanı öyrənmək istəyirlər. Nə isə. Çox ehtimal söyləmək olar. Ən azı ona görə ki, çox qaranlıq məsələdir. Amma mən inanmıram ki, hakimiyyət belə bir səhvə imza atmış olsun, hər halda buna inanmaq istəməzdim, çünki Israilin o məsələdə sığortası var, onun mükəmməl hava hücümundan müdafiə sistemi var. Azərbaycanın nəyi var? Heç nəyi!.. Bir vaxt Israilin hava qüvvələri uçuş üçün Türkiyənin fəzasından istifadə edirdi. Münasibətlər korlanandan sonra, səhv etmirəmsə, Türkiyə bunu ona yasaq edib. Çox güman ki, Israil indi cidd-cəhdlə bu problemin həllilə məşğuldur. Azərbaycan da onu çox cəzb edir, çünki həm Irana yaxındır, həm hərbi infrastruktur var, həm də bir mühüm üstünlük var ki, bu da yanacaq məsələsidir, bu sarıdan Bakı korluq çəkmir. Amma Azərbaycan haqda da düşünmək lazımdır. Nə isə. Güman ki, məsələyə bir müddətdən sonra aydınlıq gələcək. Biz hər dəfə düşünürük ki,
Bakıda soyuqqanlı siyasət yürüdürlər və dedikləri bəyanatlarının arxasında dayanırlar. Amma V.Putin bir neçə il qabaq Qəbələ RLS-i ABŞ-la birgə istifadə etməyi təklif edəndə Bakı bu bəyanatın arxasından qaçmadı, o özünü elə göstərdi ki, məsələdən xəbərdardır və buna razıdır. Halbuki elə o məsələ də müəyyən mənada Irana qarşı olmaq demək idi. Nə isə. Dünyanın siyasi atmosferi yenə qarışıb. Amma mən inanmıram ki, ABŞ bu il Irana hər hansı həmlə etmək haqqında düşünsün, çünki B.Obamanı daha çox seçki məşğul edir. Seulda D.Medvedevlə pıçıldaşmasından belə qənaət hasil oldu ki, o, təkrar seçiləcəyi təqdirdə Rusiyanı çox da sıxmaq fikrində deyil. Bunu ona görə qeyd edirəm ki, Iran məsələsində Rusiyanın da razılığı lazımdır…
Bir həftədən sonra nə olacaq?
Səhv etmirəmsə, növbəti həftə müxalifət aksiya keçirməlidir. Indi əvvəlki tək məchul və naməlum siyasət dövrü deyil. Qafqazlara, onun da əsas ölkəsi və əsas nüvəsi kimi Azərbaycana maraq hədsiz dərəcədə böyükdür. Elə bir ay və hətta gün olmur ki, xarici mətbuat Azərbaycan haqqında yazmasın. Daha əvvəlki ehtiyatlılıq və hətta etinasızlıq yoxdur. Birmənalı şəkildə demək və bunu əsaslandırmaq da mümkündür ki, Azərbaycan dünya siyasətinin əsas maraq obyektlərindən birinə çevrilib: yazırlar, gəlirlər, bəyanat verirlər! Onu da deyim ki, daxili dəyişikliklərlə bağlı gözləntilər də böyükdür. Əvvəllər bu qədər maraq yox idi. Təbii ki, hər şeyin hamar və problemsiz olduğunu iddia etmək fikrində də deyiləm. Amma nə vaxt problem olmur ki? Problem həmişə var. Əsas odur ki, bu problemləri dəf etmək üçün iradə olsun. Sözü növbəti həftə başlanacaq aksiyadan saldıq. Bu, müxalifət üçün bir sınaq tək görünür. Bu sınağın nəticəsindən asılı olaraq hakimiyyət ya müxalifəti azca olsa da eşitməyə başlayacaq, onun bəzi tələblərini (məsələn, siyasi məhbus olan müxalifət fəallarının azadlığa buraxılması) yerinə yetirəcək, ya da ki, bu vaxta qədər olduğu kimi özünü tamam etinasız aparacaq. Hər halda, buzun əriyəcəyi ümidindəyik, çünki bu, nə vaxtsa baş verməlidir…

Bir yazının izi ilə
•