İri həcmli kreditlər böhrana gətirib çıxarıb
“Fitch Ratings”in “Azərbaycanın bank sektoru: böhrandan sonra bərpa” hesabatında Azərbaycanın bank sektorunun çökməsi barədə xəbər yer alıb. Məlumatda bildirilib ki, Azərbaycanın bank sistemində problemli kreditlərin payı 25 faizdir. Zəif korporativ idarəçilik, korporativ müştərilərlə müqavilələrdə şəffaflığın olmaması, eləcə də daşınmaz əmlak bazarında sabit mürəkkəb vəziyyətlə bağlı problemli kreditlərin qaytarılmasının çətinləşdiyi də hesabatda qeyd edilib.
Hesabatda bildirilib: “Iqtisadiyyatın bir növünün təzyiqi, eləcə də inhisarlaşma, zəif kapitallaşşma məhdud mənfəətlilik və seçimli maliyyə dəstəyilə nəticələnir. Ölkənin ən böyük bankı olan Beynəlxalq Bankın kapital kəsiri bank sektoruna təzyiqi artırır. Onun payına yerli bank sisteminin aktivlərinin 35 faizi düşür. Əgər hakimiyyət bu bankın təkrar kapitallaşması vədinə əməl etsə, kapitallaşmaya tənzimləyici tələblərə əməl edilməsi vəziyyəti düzəldəcək, lakin problemlər də qalacaq”.
Məlumatda həmçinin qeyd olunub ki, Beynəlxalq Bankın “Rating Watch”dən aldığı “Mənfi” statuslu “VV+” emitentin defoltu reytinqi agentliyin baza ssenarisi gözləntisini əks etdirir. Ona əsasən, ölkə hakimiyyəti banka maliyyə dəstəyi verməlidir, əks təqdirdə, o batacaq.
Iqtisadçı-ekspert Samir Əliyevin fikrincə, Beynəlxalq Bankda hansısa problemin yaranması ümumilikdə Azərbaycanın bank sistemini çökdürə bilər. Ona görə də hökumətin vəzifəsi həmin bankı bu böhran vəziyyətdən çıxarmaqdır: “Mövcud vəziyyətdə bankı ələ keçirmək üçün maraqlı tərəflər də var. Bankın dəyərinin aşağı salınması istiqamətində iş gedir Çalışırlar ki, bank su qiymətinə satılsın”. S.Əliyev ən əsas amil kimi, Beynəlxalq Bankda şəffaflığın olmamasını göstərdi. Belə ki, həmin bankda kreditlər də böyük həcmdə və uzunmüddətli verilir. Bu gün Azərbaycanda problemli kreditlər məsələsi aktual olduğundan məsələyə ciddi yanaşmaq lazımdır: “Problemli kreditlərin həcmi Mərkəzi Bankın göstərdiyindən çoxdur. Bu gün kreditlərin 40 faizə yaxını Beynəlxalq Bank tərəfindən qoyulur, yatırılır. Bununla da vaxtı keçmiş kreditlərin həcmi ümumilikdə 15-20 faiz təşkil edir”. Ekspert onu da qeyd etdi ki, beynəlxalq təşkilatın hesabatındakı həyəcanı başa düşmək olar. Çünki sözügedən bank dövlət bankı olduğuna görə müvafiq dövlət qurumlarının təzyiqi vasitəsilə irihəcmli kreditlər verib. Indi də həmin kreditləri qaytara bilmədiyindən böhranla üzləşib.
Nigar