Fuad Ağayev: «Prokurorluq Ziya Məmmədovun və onun adamı Rauf Həbibovun müdafiəçisi funksiyasında çıxış edib»
Respublika Prokurorluğunun Quba hadisələri ilə bağlı məlumatı siyasidir və istintaq orqanı hadisələrin əsas səbəblərini araşdırmır. Bu barədə vəkil Fuad Ağayev Baş Prokurorluğun bu il martın 1-də Qubada baş verən hadisələrlə bağlı yaydığı məlumatı “Turan”a şərh edərkən bildirib.
Martın 1-də Quba rayonunda bir neçə min yerli sakin Icra Hakimiyyəti başçısına etiraz olaraq dinc aksiya keçirib. Aksiya sonradan qarşıdurma ilə müşayiət olunub.
Etirazçılar Icra Hakimiyyəti binasının şüşələrini sındırıb, icra başçısı Rauf Həbibovun villasını yandırıb. Rayona daxili qoşun və polis qüvvələrinin yeridilməsi isə zorakılıqlara yol açıb. Etirazçılar yalnız Icra Hakimiyyətinin başçısı R.Həbibov vəzifəsindən uzaqlaşdırıldıqdan sonra sakitləşib. Faktla bağlı cinayət işi qaldırılıb, 10 nəfər həbs edilib. Həbsdə olanların iki nəfəri yerli “Xəyal” televiziyasının əməkdaşlarıdır. Onlar R.Həbibovun çıxışının montajında yol verilən səhvlərə və çıxışın videomətninin yayılmasında günahlandırılır.
F.Ağayevin fikrincə, Respublika Prokurorluğu hadisələri araşdırarkən istintaq orqanı funksiyasını həyata keçirməyib. “Məlumatdan aydın olur ki, prokurorluq iqtidarda olan siyasi təşkilat kimi çıxış edib. Prokurorluq belə məlumat yaymaqla nümayiş etdirir ki, insanlar narazılıqlarını ifadə etməməli, məmur özbaşınalığına dözməlidir. Mən də əmlakın məhv edilməsini pisləyirəm. Amma burada söhbət əmlakdan getmir. Prokurorluq qorxu təhdidi ilə narazılığı yatırmaq istəyir. Bu isə mümkün deyil”, – o bildirib.
Vəkil hesab edir ki, Respublika Prokurorluğu bu məlumatı ilə nazir Ziya Məmmədovun və onun adamı, Qubanın sabiq icra başçısı Rauf Həbibovun müdafiəçisi funksiyasında çıxış edib: “Əslində, ibtidai istintaq orqanı ilk öncə rayonda adamların narazılığının səbəblərini araşdırmalıdır. Istintaq Quba rayonunun keçmiş icra başçısının külli miqdarda əmlakı hansı yollarla əldə etdiyini, onun hansı hərəkətlərinin ictimai narazılıq yaratdığını öyrənməlidir”.
F.Ağayev Quba hadisələrilə bağlı jurnalistlərin həbsini ciddi hüquq pozuntusu kimi qiymətləndirir. “Hətta qəbul etsək ki, keçmiş icra başçısının çıxışı montaj edilib, bu da özlüyündə heç bir hüquqi məsuliyyət yaratmır. Bu, jurnalistlərin peşə funksiyasına aid işdir. Kimlərinsə jurnalistlərdən nəyisə xahiş etməsinin də mətləbə dəxli yoxdur. Icra Hakimiyyətinin başçısı çıxış edib və onun çıxışı yayılıb. Çıxışdan görünür ki, Rauf Həbibov təhqiramiz sözlər işlədib və burada söhbət məhdud dairədən deyil, məhz Quba camaatından gedir. Prokurorluq da məsələyə baş-ayaq yanaşır. Məlumatdan belə görünür ki, jurnalistlər çıxışı yaymaqla, Internetdə yerləşdirməklə qabaqcadan cinayət edib. Bu, tamamilə qəbuledilməzdir. Jurnalistlərin həbsi tamamilə qanunsuzdur və ciddi qanun pozuntusudur”,- deyə o qeyd edib.


