Vəfa Quluzadə: «Rusiya Barak Obamaya mesaj göndərir ki, biz də Azərbaycana zərbə vura bilərik»
«Türkiyənin Suriyaya girməsi Türkiyə-Suriya müharibəsi deməkdir, o zaman Iran da Türkiyəyə qarşı olacaq»
Suriya ətrafında halqanın daraldığı bir dönəmdə Türkiyə baş naziri Ərdoğanın Irana səfəri dünyanın diqqətini özünə cəlb etdi. Danışıqlar barədə geniş açıqlanmanın verilməməsi isə arzuolunan nəticələrin əldə edilmədiyindən xəbər verir. Proseslərin belə inkişafı nə vəd edir? Bu və gündəmi zəbt edən digər məsələlərlə bağlı politoloq Vəfa Quluzadənin fikirlərini öyrəndik.
“Ərdoğan Barak Obamadan Irana mesaj aparıb”
– Ərdoğanın Iran səfəri dünyanın diqqət mərkəzində idi. Məlum idi ki, səfərdə Suriya və Iran məsələsi müzakirə olunacaq. Ancaq Suriya ilə bağlı danışıqların nəticələrinin açıqlanmaması heç bir irəliləyişin olmadığını deməyə əsas verir. Sizin Suriya ilə bağlı gözləntiləriniz nədən ibarətdir?
– Mən də tam əmin idim ki, Türkiyənin baş nazirinin səfərində əsas məsələ Iranın nüvə proqramı və Suriya məsələsidir. Bununla bağlı Ərdoğan Barak Obamadan Iranın rəhbərliyinə mesaj aparıb və müzakirələr olub. Bu asan məsələlər deyil. Bilirsiniz ki, nüvə proqramı Iran üçün nə qədər vacib, prinsipial məsələdir. Iran bu məsələdə olduqca möhkəm durub və öz mövqelərindən çəkilmək istəmir. Səbəb ondan ibarətdir ki, Iran Amerika ilə Israilin cəsarət edib ona zərbə endirməyəcəyinə əmindir. Ona görə ki, Irana vurulan zərbə bütün Yaxın Şərqi alovlandıra bilər. Çünki o güclü silahlanmış dövlətdir. Iranı dağıda bilərlər. Ancaq ona qədər Iran da öz raketlərilə Israildən tutmuş Səudiyyə Ərəbistanı, Kuveyt, Qətərdə Amerikanın obyektlərinə və orda olan neft yataqlarına zərbə endirə bilər. Iranın müharibə planı nədir, onu mən bilmirəm. Amma Pentaqonda onu yaxşı bilirlər. Ona görə Irana zərbə endirmək o qədər də asan məsələ deyil. Ona görə də Iran bu mövqeyində möhkəm dayanıb və geri çəkilməyəcək. Suriya məsələsi də Iran üçün həyati məsələdir. Iran Suriya-Iran-Livan – “Hizbullah” zəncirini yaradıb. Bunun yaradılmasına milyardlar sərf olunub. Bu da Iranın Yaxın Şərqdə əsas qüvvəsidir. Heç nüvə silahı olmadan bu zəncir daim bir-biri ilə əlaqədə işləsə, bir mövqedən hərəkət etsə, bunun özü Amerika üçün nüvə bombasına bərabərdir. Qərb Suriyadakı prosesi başlamaq üçün təkan verib. Lakin Qərb bura qarışmasa, bunun axırı olmayacaq. Çünki indiki müasir şəraitdə, iqtidar müasir silahlara, qüvvələrə, üstəlik də xaricdən dəstəyə malikdirsə, heç bir üsyanın nəticəsi olmaz. Iran Suriya rejiminə açıq-aşkar dəstək verir. Qərb isə Suriyada üsyan etmiş əhaliyə və ordunun bir hissəsinə açıq-aşkar kömək edə bilmir. Ona görə Suriyada vəziyyət olduqca gərgindir. Qərb üsyançılarla bərabər Bəşər Əsəd rejimini devirə biləcək, bu, məlumdur. Ancaq məsələ uzanır. Bir versiya da ondan ibarətdir ki, Ərdoğan Iran rəhbərliyi ilə ortaq məxrəcə gələ bilməyib. Iran öz mövqelərində qalıb. Heç bir bəyanat, mətbuata heç bir izahat da olmayıb. Ikinci versiya odur ki, əvvəldən mətbuata heç bir izahat verilməyəcəyi nəzərdə tutulub. Ona görə bu mesajların dəqiq sürətdə nəticələri nədir və Iranın buna reaksiyası necədir, bunu yalnız gümanla demək olar. Güman da ona gedir ki, Iran mövqelərində möhkəm dayanıb.
“Iran Suriyanı bacardığı qədər dəstəkləyəcək”
– Aprelin 1-də Istanbulda Suriyanın dostlarının toplantısı keçiriləcək. Bu toplantıdan nə gözləmək olar?
– Qərb dövlətləri, ABŞ, Ingiltərə, Avropa ölkələri Bəşər Əsədi yıxmaqdan əl çəkməyəcəklər. Onlar hər vasitələrlə bu rejimi yıxmaq və Suriyada olan üsyançılara dəstək verməyə davam edəcəklər. Amma biri var Liviyadakı kimi, NATO təyyarələri məsələni çox qısa müddətdə həll etdi. Amma burda məsələ uzana, uzun müddətə, bəlkə yarım ilə uzana bilər. Zamanını dəqiq deyə bilmərəm. Qərb Suriyadan əl çəkən deyil. Iran da Suriyanı bacardığı qədər dəstəkləyəcək.
Qərb Suriyada həm Suriya rejiminə, həm də Iranın göndərdiyi əsgəri dəstəyə cavab verməlidir.
“Iran Türkiyənin əleyhinə müharibə apara bilər”
– Bu arada Türkiyə xarici işlər naziri Davudoğlu bildirib ki, Türkiyə Suriyaya müdaxilə etməyi özünə borc bilir. Xalqın istəmədiyi rejimi heç bir ölkə hakimiyyətdə saxlaya bilməz. Bu nəyin mesajıdır?
– Türkiyənin birbaşa Suriyaya girib onun ordusu ilə döyüşə başlaması Türkiyə-Suriya müharibəsi deməkdir. Buna Iran da qarışa bilər. Iran da Suriyanın tərəfində Türkiyənin əleyhinə müharibə apara bilər. Bu da artıq Qərb dövlətlərinin qarışmasına gətirib çıxara bilər. Yəni Əsəd rejimini dəyişmək əslində xırda məsələ kimi görünür. Amma ki, bizim qonşuluğumuzda bu üç dövlətin müharibəsi böyük savaşdır. Bunun böyük əks sədaları ola bilər.
“Iran Əsəd rejiminin ömrünü uzada bilər”
– Bu arada dini rəhbər Xamneyi Iranın Suriyanın arxasında dayanacağını bəyan edib. Aydındır ki, Iran Bəşər Əsədi hakimiyyətdə saxlaya bilməyəcək. Ancaq rejimin ömrünü nə qədər uzada bilər?
– Yarım il uzada bilər. Sözsüz ki, partizan müharibəsi davam edəcək. Suriya ilə sərhəd olan ərəb ölkələrindən müxtəlif silahlı dəstələrin hamısı axışacaq ölkəyə. Ölkədə də Suriya ordusunda təbliğat və ordunu müxalifətçilərə çevirmək cəhdləri davam edəcək. Suriyada vəziyyət belə asanlıqla həll olunan deyil. Suriya tək olsaydı, bu başqa məsələ. Amma Suriya-Iran-“Hizbullah” üçlüyü döyüşdə olacaq, Israili raket zərbələrilə vurmaqda hədələyəcək. Bunun çox gərgin aqibətləri ola bilər. Məsələn, Israil “Hizbullah”a qarşı taktiki nüvə silahından da istifadə edə bilər. Hər cür variant gözləniləndir. Ona görə ordakı vəziyyəti olduqca gərgin hesab edirəm. Azərbaycan da olduqca təhlükəli bir zonadadır. Qərb özü də gərək düşünsün ki, Iranın cavab zərbələrindən Azərbaycan ziyan çəkməsin.
“Iran istiqamətində güclü qüvvələrimiz olmalıdır”
– Azərbaycan Iran ətrafında olacaq gərginlikdən itkisiz çıxmaq üçün nə etməlidir?
– Azərbaycanın havadan müdafiə sistemi olmalıdır. Azərbaycan ya NATO, ya Türkiyə müdafiə sistemi ilə birgə özünün müdafiə sistemini yaratmalı idi. Bilmirəm, bəlkə də yaradıb. Mütləq havadan müdafiə sisteminə malik olmalıyıq. Üstəlik, qurudan hücumun qarşısını almaq üçün bizim Iran istiqamətində güclü artilleriya və tank qüvvələrimiz olmalıdır. Müharibə məsələsinə ciddi münasibət bəsləmək lazımdır.
Qərbin Azərbaycana ehtiyacı yoxdur
– Iranla Azərbaycan arasında münasibətlər də gərgindir. Rəsmi və qeyri-rəsmi səviyyədə tərəflər bir-birini ittiham edir. Ancaq eyni zamanda hər iki tərəf münasibətlərin korlanmasını üçüncü qüvvənin üzərinə atır. Sizcə, vəziyyətin bu həddə çatmasının əsas səbəbi nədir?
– Düşünmürəm ki, Qərb, Amerika Azərbaycanı Iranla müharibəyə sürükləməyə cəhd edir. Çünki Azərbaycanın Iranla müharibədə iştirakına Qərbin heç bir ehtiyacı yoxdur. Əksinə, Qərb razı olardı, Azərbaycan əmin-amanlıqda Qərbin burda olan maraqlarının qoruyucusu kimi çıxış etsin. Qərb üçün bu bəsdir. Lakin Iran deyir ki, Azərbaycan əgər Iranın tərəfində deyilsə, Qərbin tərəfindədirsə, deməli, Iranın düşməni rolunda çıxış edə bilər, ya edir. Azərbaycanı buna görə hədələyir. Ona görə Iran Azərbaycanla hesablaşmaya bilər. Ancaq eyni zamanda əgər Irana Qərbin belə konsentrasiyalı zərbələri dəysə, inanmıram ki, Iran Azərbaycan haqqında düşünəcək. Iran birinci növbədə hardan ona zərbələr vurulub, o yerlər haqqında düşünməlidir.
Yəni Amerikanın dənizdə olan qüvvələri, raket, təyyarə daşıyıcıları haqqında düşünməlidir. Birdə Iranın ətrafına səpələnmiş Amerika hərbi bazaları haqqında düşünməlidir. Əgər Türkiyə müharibəyə daxil olursa, onda Iran Türkiyə haqqında düşünməlidir. Nə tədbir görsün ki, Türkiyənin zərbələrini özündən uzaqlaşdırsın. Iranın vəziyyəti belədir. Azərbaycan da gərək burda çox ayıq olsun.
“Lavrovun əsas məqsədi Azərbaycanı hədələməkdir”
– Lavrovun Bakıya səfər ərəfəsində Rusiya Azərbaycanla sərhədə qoşun yığır, eyni zamanda Xəzərdə təlimlərə başlayır. Sizcə, bu hadisələrin eyni vaxta düşməsi təsadüfdür, yoxsa arxasında nəsə dayanır?
– Rusiya bununla Barak Obamaya mesaj göndərir. Çünki Rusiya prezidenti Medvedev Barak Obamadan raket-radar sistemlərini Rusiyanın sərhədində yerləşdirməmək haqqında zəmanət istəyib. Amerika isə ondan öncə demişdi ki, biz mütləq sistemlərimizi orda yerləşdirəcəyik. Barak Obama buna birbaşa cavab verməyib. Deyib ki, hələlik prezident seçkiləri qurtarmamış mən mövqeyimi yumşaltmayacağam. Seçkilərdən sonra mövqeyimi dəyişə, yumşalda bilərəm. Yəni, məsələyə seçkidən sonra baxılacaq. Azərbaycanın qərbində ermənilər, hesab edin Rusiya öz qoşununu cəmləşdirib. Rusiya Barak Obamaya mesaj göndərir ki, biz də Azərbaycana zərbə vura bilərik. Sizin maraqlarınız burda sarsıla bilər. Lavrov görünür, Azərbaycanla bir məsələni də müzakirə edir ki, burda böyük müharibə ola bilər. Siz mövqeyinizi indidən dəqiqləşdirin. Ola bilər, Lavrovun əsas məqsədi Iranla müharibəni bəhanə gətirərək Azərbaycanı hədələmək və istədiklərinə nail olmaqdır. Lavrov Azərbaycana təklif edə bilər ki, gəl Rusiyanın havadan müdafiə sistemini Azərbaycanın ətrafında quraq. Yaxud Rusiyanın sərhədçiləri Azərbaycanın sərhədçiləri ilə Azərbaycan sərhədlərini qorusun. Lavrov söz verə bilər ki, Azərbaycan bu cür güzəştlərə getmiş olsa, onda Qarabağ məsələsində Rusiya irəliləyişə yola verə bilər. Lavrovdan belə fikirləri də gözləmək olardı.
“Putin güzəştə gedən deyil”
– Azərbaycan rəsmiləri Putinin növbəti prezidentliyi zamanı Qarabağ məsələsində irəliləyişin olacağına ümid etdiklərini deyib. Ancaq Putinin əvvəlki prezidentliyi dövrlərində münaqişənin həlli üçün heç bir addım atılmayıb. Bu ümidlər nə dərəcədə realdır?
– Irəliləyişin olması üçün nəsə olmalıdır. Bu nəsə nə vaxt olacaq, onu bilmək lazımdır. Durduğu yerdə Putin heç bir güzəştə gedən deyil. Qarabağ məsələsi Putinin kartıdı, ermənilərin deyil. Ona görə Putindən heç bir güzəşt gözləməyə dəyməz. Əksinə, o, Gürcüstana qarşı atdığı addımları Azərbaycana qarşı da ata bilər.
– Bu arada ABŞ-ın “The Foreign Policy” jurnalı Azərbaycanın Israilə hərbi baza verdiyini yazıb. Düzdür, Azərbaycan rəsmiləri bunu təkzib edib. Ancaq kifayət qədər ciddi nəşrin bu xəbəri də sürətlə yayılır.
– Bu barədə heç bir məlumatım yoxdur. Adama bir az əcaib gəlir. Əgər Azərbaycanda Israil qüvvələrinə bazalar verilmiş olsaydı, bu məlumat sızardı. Bizim öz mənbələrimizə də məlum olardı. Baza iynə deyil onu cibdə gizlədəsən. Ona görə inanmıram ki, Azərbaycanda Israilə baza verilib.
– Həmin nəşr ABŞ-ın Azərbaycanla Israilin yaxınlaşmasından narahatçılıq keçirməsindən yazıb. ABŞ-ın belə narahatçılıq keçirməsinə nə səbəb ola bilər?
– Bu məqalə provokasion məqalədir. Ola bilsin, bunu kimsə uydurub, kiminsə marağındadır. Yəni Rusiya, ya Iran bu yazını ora buraxıb. Inanmıram ki, belə bir şey həqiqətə uyğun olsun.
“Qərbin dəstəyi olmadan inqilab ola bilməz”
– Vaşinqton Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin Qafqaza dair hazırladığı məruzədə Qarabağ münaqişəsinin və “ərəb baharı”nın Qafqazda sabitliyi poza biləcəyi göstərilir. Bu fikirlərlə bölüşürsünüz?
– Əgər Amerika maraqlı deyilsə ki, burda belə bir inqilab olsun, deməli, olmayacaq. Qərbin dəstəyi olmadan heç bir müxalifət mitinqdən oyana heç nə edə bilməz. Gördünüz ki, Rusiyada 120 min adam çıxdı küçəyə. Seçkilər keçəndən sonra mitinqlər də söndü və məsələ də olduğu kimi qaldı.
Ona görə Strateji Araşdırmalar Mərkəzinə deyə bilərəm ki, narahat olmayın, Qafqazda inqilab gözlənilmir.
Fizzə Heydərli


