«Fövqəlnazir» «Coca-Cola» və «Pepsi-Cola»nı sıradan çıxarmağa çalışır
Azərbaycanda “sok biznesi” ilə məşğul olan oliqarxlar “Coca-Cola” və “Pepsi-Cola” şirkətini bazarda sıxışdırmaq üçün kampaniyaya başlayıblar. ABŞ Qida və Dərman Dairəsində laboratoriya sınaqları zamanı “4-metilimidazol” maddəsinin siçanlarda xərçəngə yol açması və Kaliforniya ştatının parlamenti bu maddəni xərçəngə yol açan maddələr siyahısına salması oliqarxların əlinə fürsət verib. Məlumat üçün deyək ki, ştatda qəbul edilən qanuna görə içərisində bu maddə olan içkilərin üzərinə mütləq “Diqqət, xərçəng yarada bilər!” xəbərdarlığı yazılmalıdır.
“Coca-Cola” və “Pepsi-Cola” da tərkibində “4-metilimidazol” (4-MEI) maddəsi olan “E150 D” qida əlavəsindən, yəni şəkər çalarından gen-bol istifadə edirlər. Bu qanundan sonra “Coca-Cola” ve “Pepsi-Cola” şirkətləri on illərdir istifadə etdikləri reseptləri dəyişdirəcəklərini, karamel rəngi verən “4-metilimidazol” maddəsindən müəyyən çərçivədə istifadə edəcəklərini, bunun miqdarını azaldacaqlarını açıqlayıblar.
Bu şirkətlərin məhsulları Azərbaycanın “sok bazarı”nda da əhəmiyyətli yer tutur. Hakimiyyətdəki oliqarxlar müxtəlif üzün müddətdir ki, bu şirkətlərin məhsullarını bazardan sıxışdırmağa çalışırlar. Lakin buna nail ola bilmirlər. Indisə əllərinə fürsət düşdüyündən “Coca-Cola” və “Pepsi-Cola” şirkətlərinin istehsal etdiyi məhsulların xərçəng yaratdığı barədə kampaniyaya start veriblər. Bu məsələdə isə daha çox fövqəladə hallar naziri Kəmaləddin Heydərov maraqlı görünür. Çünki “fövqəlnazir”in sahibi olduğu “Jalə” şirələri bazarda “Coca-Cola” və “Pepsi-Cola”ya çox uduzur. Elə bu səbəbdən də Kəmaləddin Heydərova yaxın mətbuatda bu şirkətlərə qarşı kampaniyaya başlanılıb.