AXC hakimiyyətinin nöqsanlarından danışan Əli Kərimli YAP hakimiyyətini niyə tənqid etməməlidir ki?!
AXCP sədri Əli Kərimlinin “Reqnum” agentliyinə müsahibəsi hakimiyyətin əsəblərini yerindən oynadıb. AXCP sədrinin müsahibəsindən isterikaya düşən hakimiyyət ona cavab vermək qərarına gəlib. Və “Azərbaycan” qəzetində yekə bir məqalə dərc olunub.
Məqalədə Əli Kərimlinin 1993-cü ildə dövlət katibi olarkən Prezident Aparatında keçirilən müşavirədə nöqsanlarla bağlı çıxışından xeyli sitat verilib. Bununla da AXC hakimiyyətinin YAP hakimiyyətindən də betər olması obrazı yaradılıb.
Heç kim iddia etmir ki, AXC hakimiyyəti ideal olub və bu dövrdə hər hansı çatışmazlıq, nöqsan olmayıb. Hər bir hakimiyyət dövründə nöqsanlar olur. Söhbət ondan gedir ki, bu çatışmazlıqları dilə gətirmək, işində nöqsanlara yol verən məmurları sərt tənqid etmək, onlar barəsində tədbir görmək lazımdır. Əli Kərimli də dövlət katibi kimi üzərinə düşən vəzifəni edib. Nöqsanları dilə gətirib, çıxış yollarını göstərib. Daha indiki hakimiyyətin başbilənləri kimi “hər şey qaydasındadır, heç bir problem” yoxdur deməyib. Əli Kərimli AXC hakimiyyəti dövründə olan nöqsanlardan da danışıb, YAP hakimiyyəti dövründə olan problemləri də deyir.
Indi Əli Kərimli o vaxt təmsil olunduğu hökumətdəki bəzi məmurları tənqid edib, çatışmazlıqları göstərib deyə, Əliyevlərin talançı siyasətinə susmalıdır?! Bu nə məntiqdir, cənablar?!